12
13:39
09 Oktyabr 2020

Əsgər anaları və erməni cəmiyyəti Paşinyana qarşı - TƏHLİL

Azərbaycan apardığı terrorizmə qarşı mübarizə və əks-hücum əməliyyatı ilə təcavüzkar və işğalçı ölkə olan Ermənistana ciddi zərbə vurur. Əməliyyatların davam etdiyi 13 gün ərzində Ermənistan ordusu həm canlı qüvvə, həm də silah və texnika baxımından xeyli itki verib. Bu itkilərin miqyasının böyük olması isə erməni cəmiyyətində panika və ciddi narahatlığa səbəb olub. Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsindəki 5 minə yaxın erməni zabit və əsgərin taleyindən, ümumiyyətlə, məlumat yoxdur. Cəbhədəki erməni əsgərlərin, hətta zabitlərin valideynləri sosial şəbəkələrdə yazırlar ki, onların adını nə ölü, nə yaralı siyahısında, nə də özlərini hərbi hissələrdə tapa bilmirlər. Bütün bunlar ermənilərin işğal edilmiş əraziləri tərk etməsi ilə müşahidə edilir. Bu faktı ermənilər özləri də etiraf edir. Qondarma “DQR”-in təmsilçisi Artak Beqlaryan bildirib ki, Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evini tərk edib. O bildirib ki, əhalinin əksəriyyəti Qarabağı tərk edərək, Ermənistana sığınır.

Ermənistan və qondarma “DQR” sakinləri 13 gün ərzində Azərbaycan Ordusundan aldıqları zərbələrdən vahiməyə düşüblər. Bunu ermənilərin sosial şəbəkələrdəki paylaşımları da sübuta yetirir. Belə ki, Ermənistanda sosial şəbəkə istifadəçiləri Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş və itkin düşdüyü bildirilən yaxınlarının, qohumlarının fotolarını yayır, hakimiyyətdən hesab tələb edirlər. Əslində, bu paylaşmalarla ermənilər işğal edilmiş Azərbaycan ərazilərində ordumuza qarşı döyüşlərdə Ermənistanın, onun hərbi qüvvələrinin iştirak etməsini bir daha təsdiq edirlər.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da sosial şəbəkələrdə hərbçilərin taleyi ilə bağlı paylaşımların çox olduğunu etiraf edir: “Bəzi vətəndaşlar bu günlərdə oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”.

Bu açıqlaması ilə Artsrun Ovannisyan canlı qüvvə sarıdan da Ermənistanın çoxsaylı itkiyə məruz qalmasını təsdiqləyir. İtkilərin miqyası o qədər böyükdür ki, əsgər analarının və bütün cəmiyyətin yeni etiraz aksiyalarına başlaması üçün çağırışlar edilir və bu təkliflər böyük dəstək qazanır. Sosial şəbəkələr üzərindən məsələnin aktiv şəkildə gündəmə gəlməsi əsgər analarının və bütün cəmiyyətin Paşinyan iqtidarına qarşı etiraz aksiyalarının başlaması üçün növbəti zəmin yaradır.

Onu da vurğulayaq ki, Ermənistan yalnız hərbi müstəvidə məğlub olmur. İrəvan eyni zamanda diplomatik cəhətdən də iflasa uğrayıb. Dağlıq Qarabağın erməni əhalisi Paşinyan iqtidarının girovuna çevrilib. Nə İrəvan, nə də erməni diasporu Qarabağın erməni icmasının təhlükəsizliyini təmin edə bilmir. Ermənilər özləri də anlayırlar ki, onların təhlükəsizliyinin yeganə qarantı rəsmi Bakının konstitusion tələblərinə əməl etməkdən keçir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz vətəndaşları olan Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyinə təminat verir. Bu baxımdan, işğal altında olan ərazilərdə yaşayan ermənilərin separatçı addımlardan əl çəkməsi kifayət edir.

Yaranmış vəziyyətlə əlaqədar Nikol Paşinyan iqtidarından narazılıq o həddə çatıb ki, Ermənistanda hərbi vəziyyətin hüquqi rejimini təmin edən dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Sənəddə qeyd olunur ki, Ermənistanın müdafiə qabiliyyətini və təhlükəsizliyini pozmağa yönəlmiş kampaniyalar da qəti qadağan edilir.

Ermənistanda kütləvi həbslər davam edir. Bununla Paşinyan hakimiyyəti narazılıqları buxovlamaq istəyir. Küçədən hakimiyyətə gələn “yalançı demokrat” bunun üçün hətta açıq diktaturaya keçməyi belə məqbul sayır.

Onu da vurğulayaq ki, 13 günlük əks-hücum əməliyyatı ermənilərdə “bizi sülhə vadar etməyə Bakının gücü çatmaz” düşüncəsini darmadağın etdi və onlar anladılar ki, Bakının şərtlərini qəbul etməkdən başqa yolları qalmayıb.

Erməni separatçıları siyasi baxımdan da tək qaldılar. Onların bu qədər ümid bəslədikləri Rusiya erməniləri müdafiəyə etmədi. Separatçı rejim erməni lobbisinə arxayın olaraq, güman edirdi ki, böyük dövlətlər Azərbaycana təzyiq göstərəcək və münaqişənin hərbi həllinə imkan verməyəcək. Lakin Azərbaycanın əks-hücum və terrora qarşı mübarizəsi bütün dünya tərəfindən anlayışla qarşılandı. Ermənilərin ümid etdikləri Rusiya, erməni lobbisinin güclü olduğu ABŞ, İrəvanla normal münasibəti olan İran ermənilərə dəstək vermədi. İstər Ermənistan, istərsə də “DQR” əhalisi anladı ki, Paşinyan onları öz taleləri ilə təkbətək qoyub və zaman ermənilərin əleyhinə işləyir.

Bu gün ermənilər anlayırlar ki, Azərbaycan ərazilərinin işğalına son qoyulduğu və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxarılması sülhə və onların təhlükəsizliyinin yeganə qarantıdır.

Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan xeyli güclüdür. Son hadisələr də onu göstərdi ki, Ermənistanda yerləşən Rusiya hərbi bazaları ermənilərin təhlükəsizliyinə zəmanət vermir. Ermənistan hər nə qədər xaricdən muzdlular, terrorçular cəlb etsə də, cəmi 13 günə Azərbaycana ağır şəkildə məğlub oldu. Belədə, erməni silahlı birləşmələrinin bir yolu qalır - işğal olunmuş əraziləri tərk etmək və iqtisadi baxımdan güclənən Azərbaycanın ərazi bütövlüyünü tanımaq. Erməni cəmiyyəti Nikol Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir və ən maraqlısı odur ki, onların gələcək inkişafı da Azərbaycan Konstitusiyasına əməl etməkdən keçir.

APA Analitcs

Dİgər xəbərlər