Azərbaycanın dövlət sərhədini pozan Əfqanistan vətəndaşları həbs olunub.
Lent.az-ın məlumatına görə, Əfqanistan İslam Respublikası vətəndaşları olan iki nəfər Astarada sərhəd yaxınlığında saxlanılıblar.
İttiham aktına görə, 28 yaşlı əfqanlar işləmək üçün əvvəlcə İranın paytaxtı Tehrana gəliblər. Burada bir müddət işlədikdən sonra Türkiyəyə keçməyə qərar veriblər. Lakin onlara kömək edən yerli sakin Türkiyəyə deyil, Azərbaycana keçməyin “yolunu bildiyini” deyib. Bu məqsədlə onlardan 500 dollar pul da alıb. Onun sözünə qulaq asan əfqan gənclər İranla Azərbaycanın sərhədinə gəliblər. Gecə saatlarında telefonlarındakı “Google Maps” proqramı ilə Astara rayonuna keçiblər. Lakin az sonra Azərbaycan sərhədçiləri tərəfindən hər ikisi saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Məhkəmədə hər iki əcnəbi əməllərindən peşman olduqları deyərək yüngül cəza verilməsini xahiş ediblər. Onlardan biri isə Əfqanistanda təqib olunduğunu və öldürülə biləcəyini bildirib.
Məhkəmənin qərarı ilə onların hər biri 2 il müddətinə həbs olunub.