19:30
07 Oktyabr 2020

“Ermənistan bizi dayandırmaq üçün mülki əhaliyə qarşı müharibə cinayətləri törədir” - Azərbaycan Prezidenti

“Ermənistan ordusunun münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistik raketlərlə hədəfə alması onların acizliyini göstərir. Bu, Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır”.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində səsləndirib.

Dövlət başçısı düşmənin raket atəşinə tutduğu Gəncə və Mingəçevir şəhərlərinin döyüş bölgəsindən uzaqda yerləşdiyini diqqətə çatdıraraq deyib: “Eyni zamanda, döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər”.

Dİgər xəbərlər