09:46
06 Oktyabr 2020

"Ermənistan həqiqətən sülh istəyirsə..." - Türkiyəli deputat

“Gəncə şəhəri də daxil olmaqla Azərbaycanın bir çox yaşayış yerlərinə Ermənistanın beynəlxalq müharibə qanunlarından kənar hücumlarını şiddətlə qınayıram”.

Türkiyəli millət vəkili Aylin Cesur APA -nın yerli bürosuna açıqlamasında belə deyib.

Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü olan deputat xanım Azərbaycana dəstək mesajında bildirib: “Qarabağ problemi danışıqlar yolu ilə, Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılması və ərazi bütövlüyünün bərpasına əsaslanaraq yenidən Azərbaycan rəhbərliyinin idarəetməsinə keçməklə həll olunmalıdır.

BMT-dən, ATƏT-dən gözləntimiz Qarabağ problemini bu prinsiplərlə həll etmək, Ermənistanı lazımi şəkildə qınamaqla bu istiqamətdə təcili, konkret və real addımlar atmaqdır.

Əgər Ermənistan həqiqətən sülh istəyirsə, Azərbaycan Prezidenti İlham Əliyevin 4 oktyabr 2020-ci il tarixində səsləndirdiyi şərtləri nəzərə almalıdır.

Bütün beynəlxalq platformalarda Qarabağ probleminin həlli üçün atılan addımları nəzarətdə saxlayacağıq”.

Keçmiş Türkiyə Prezidenti Süleyman Dəmirəlin baş məsləhətçisi olmuş A.Cəsur Azərbaycan və Türkiyə qardaşlığında böyük xidmətlər göstərmiş dövlət xadimləri Heydər Əliyev və S.Dəmirəli də ehtiramla anaraq bildirib ki, “İki dövlət, bir millət” prinsipinə əsaslanaraq Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verir: “Arzumuz Azərbaycan ordusunun Cəbrayıl rayonunda qələbə çaldığı kimi Azərbaycan hakimiyyətinin də danışıqlar masasında müzəffər olmasıdır. Ermənistanın hücumlarına məruz qalaraq həyatını itirən hərbi və mülki azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr, yaralanan azərbaycanlı qardaşlarımıza şəfalar diləyirik. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Dİgər xəbərlər