14:42
05 Oktyabr 2020

Fransadakı “Qarabağ” məktəbindən Azərbaycana DƏSTƏK

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq işğalçı Ermənistanın geniş miqyaslı hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA -ya bildirilib ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri, "Qarabağ" Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalovun verdiyi məlumata görə, tədbirdə Azərbaycan icması, məktəbin müəllim və şagird heyəti iştirak edib.

Tədbirin əvvəlində şagirdlər fortepianoda Azərbaycanın Dövlət Himnini ifa ediblər və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması uğrunda apardığı haqlı müharibəni dəstəklədiklərini, Vətənimizin hər bir qələbəsinə çox sevindiklərini və əsgərlərimiz üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, bu məktəb 2019-cu ilin aprelin 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb.

Dİgər xəbərlər