12:38
05 Oktyabr 2020

"Ordumuz öz gücünü xalqdan alır" - Deputat

"Şanlı Azərbaycan Ordusu tarixi ədaləti və beynəlxalq hüququ bərpa edir".

Bu sözləri Lent.az -a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib. O, bildirib ki, 27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlayıb və Azərbaycanda Vətən müharibəsi gedir:

"Şanlı Azərbaycan Ordusu tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başlayıb və Azərbaycanın müstəqillik tarixinə zəfərlə dolu yeni bir səhifə yazır. Bu böyük günü Azərbaycan xalqı 30 ilə yaxındır ki, gözləyirdi. Bu gün o gündür!

Milli Ordumuz bu tarixi günə 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin may ayında Günnüt əməliyyatı zamanı başladı və Tovuz təxribatlarında, həmçinin avqust təxribatlarında təcavüzkara layiqli cavabı verməklə, darmadağın etməklə davam etdirdi. Azərbaycan Ordusu dünyaya öz gücünü göstərdi”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu və dünyanın ən güclü 50 ordusundan biridir:

“Sentyabrın 27-də erməni təcavüzkar qüvvələrinin törətdiyi növbəti hərbi təxribatın qarşısı qətiyyətlə alınıb, Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat tədbirlər nəticəsində düşmən geri oturdulub, onun xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

Onu da qeyd edim ki, qəhrəman Ordumuzun əks-hücum əməliyyatları Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Davam edən uğurlu əməliyyatlar, düşmənə vurulan zərbə və əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan Ordusu istər texniki təminatı ilə, istərsə də hərbçilərin, əsgərlərin ruh yüksəkliyi baxımından düşməndən qat-qat üstündür.

Xüsusi qeyd olunmalıdır ki, bu gün Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində uzun illərdir pozulmuş haqq-ədaləti və dərin böhran içərisində olan beynəlxalq hüququ bərpa edir. Hər birimizə məlumdur ki, 1993-cü ildə BMT-nin Qarabağla bağlı məlum dörd qətnaməsi qəbul olundu və bu qətnamədə göstərildi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Və bu qətnamələri həyata keçirmək üçün ATƏT-in Mİnsk qrupu yaradıldı və BMT Təhlükəsizlik Şurası həmin qrupa səlahiyyətlər verdi ki, bu problemi yerində həll etsinlər. Buna baxmayaraq biz işğalçı tərəfin illər ərzində danışıqları pozmasının, təcavüzkar hərəkətlərinin və sistemli, müntəzəm və getdikcə həyasızlaşan təxribatlarının şahidi olduq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “…Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Artıq bir reallıqdır ki, qəhrəman Azərbaycan Ordusu uzun illərdir işğal altında olan əbədi-əzəli torpaqlarımızı düşmən tapdağından azad etməklə qalmır, həm də pozulmuş beynəlxalq hüququ bərpa edir və regionda sülhün və təhlükəsizliyin təminatçısına çevrilir”.

T.Cəfərova əlavə edib ki, bu gün Azərbaycan Milli Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi üzərinə düşən tarixi missiyanı böyük qəhrəmanlıqla yerinə yetirir və yeni bir qəhrəmanlıq salnaməsi yazır:

"Bu qəhrəmanlıq salnaməsi igid hərbçilərimizin, əsgərlərimizin qanı, canı bahasına başa gəlir. Əlbəttə ki, tarix yazmaq hər xalqa, hər millətə nəsib olmur. Ordumuzun mətinliyi, qəhrəman əsgərlərimizin vətənpərvərliyi hər bir vətəndaşımızı qürurlandırır. Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmır, qisasları alınır. Bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissləri çox yüksəkdir. Azərbaycan Ordusu öz gücünü xalqdan alır. Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər hesab edir. Bütün xalq, bir nəfər olmaqla Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun yanındadır. Şanlı Ordumuz həyata keçirdiyi uğurlu əməliyyatlarla bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan güclü dövlətdir. Və bu gücün qaynağında ORDU-DÖVLƏT, ORDU-RƏHBƏR, ORDU-XALQ birliyi dayanır. Bu o deməkdir ki, ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün, qələbə günü uzaqda deyil. YAŞASIN AZƏRBAYCAN ORDUSU! YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ! Tanrı Azərbaycan Ordusunu, Azərbaycan əsgərini qorusun! Qələbə bizimdir!”.

Dİgər xəbərlər