14:15
25 Sentyabr 2020

ŞAGİRDLƏRİN DİQQƏTİNƏ! - Onlayn dərslərə bu səbəbdən qoşula bilmirsiz - Nazirlik nümayəndəsi DANIŞIR

Məlum olduğu kimi pandemiya ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" platforması çərçivəsində dərslər keçirilir.

Microsoft teams proqramı vasitəsilə dərslərə qoşulanlar bəzi çətinliklərlə qarşılaşa bilirlər.

Gülnar Abdullayeva adlı valdeyn Lent.az -ın əməkdaşına bildirib ki, proqrama qoşula bilmir və nəticədə övladı dərslərdən geri qalır: “İki həftədir ki, proqrama qoşulmaqda problem yaşayıram. Proqrama qoşula bilmədiyim üçün əsəblərim pozulur. Müraciət etdiyim proqramçılar da yardımçı ola bilmir”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik.

Lent.az -ın suallarını nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova cavablandırıb. O bildirib ki, platformaya qoşulmaq üçün əvvəlcə virtual.edu.az saytına daxil olmaq lazımdır: “Sayta daxil olan kimi ekrana ilk növbədə “Virtual məktəbə daxil ol” bölməsi çıxır. Daha sonra isə şifrə bərpası gəlir.

Hazırda “Virtual platforma” layihəsi ilə bağlı müraciətlər arasında şifrə bərpası ilə bağlı müraciətlər üstünlük təşkil edir. Şifrələrin yaddan çıxarılması və bərpası ilə bağlı xeyli müraciətlər var ki, biz də şifrə bərpası prosesini saytda sadələşdirdik. “Virtual məktəb” saytını yeniləmişik. Həm şagirdlər, həm də müəllimlər üçün onların işini asanlaşdıran əlavə videotəlimatlar sayta yüklənib. Bu təlimatlarda platformada necə işləməyin qaydaları izah edilir”.

F.Nəcəfova bildirib ki, bəzən istifadəçilərin profilinin özündə problem olur: “Profilin mexanizm hissəsində valideynlər və ya şagirdlər bilmədən təqvimi silirlər və bəzən bilmədən qrupdan çıxırlar. Nəticədə sinfi, dərsi görməməklə bağlı şikayətlər olur. Profilə daxil olanda görürük ki, şagird səhvən qrupdan çıxıb. Ya təqvim ümumi görüntüdən gizlənmə moduna keçib. Bu kimi problemlər olduqda müraciətdən sonra aradan qaldırılır”.

Şöbə müdiri çətinlik yaşayanlar üçün “Qaynar xətt”i də xatırladıb: “Müraciət üçün “Qaynar xətt” var-146-4. Sadəcə daha öncə virtual.edu.az saytında təlimatlar hissəsinə nəzər salınsın. Əminəm ki, istifadəçilər təlimatda bütün suallara cavab tapa biləcəklər. Əks halda isə dediyim kimi, “Qaynar xətt” və ya [email protected] ünvanına şikayətləri ilə bağlı yaza bilərlər”.

Dİgər xəbərlər