20:15
23 Sentyabr 2020

Əsirlikdə “ölüm oyunu”: ermənini yıxıb, qolunu qanırdı... – ƏSİR DÜŞƏRGƏSİ

Zəngilan rayonunun Mincivan qəsəbə sakini, Qarabağ müharibəsində girov götürülən Abbas Şahməmmədovla söhbətimiz yazıya çevriləndə artıq özü həyatda olmayacaqdı...

Müsahibin həyatda olmadığı bir vaxtda onun ağrılı səs yazısını dinləyib materialı hazırlamaq nə qədər çətin olsa da, əgər həqiqətən də başqa bir dünya varsa, O artıq həmin dünyada əzabsız yaşayır düşüncəsi insanı sakitləşdirir...

Lent.az ailəsi adından Abbas Şahməmmədova rəhmət diləyir, ailəsinə səbir arzulayırıq...

Əvvəli burada: I hissə, II hissə, III hissə, IV hissə

V hissə

- Əsirlikdə özününkünün verdiyi işgəncələri ömrünün sonuna qədər unutmur, ağrısını hiss edirsən... Axı niyə? Hamımız bir cana borcluyuq, bir ömür yaşayıb, çıxıb gedəsiyik... Dünyada heç kim ikinci ömrü yaşaya bilməyib, nə varlısı, nə güclüsü, nə də ki, savadlısı... Bəs belə olduğu halda insan kişi kimi yaşayıb ölməkdənsə niyə əsirlikdə düşmənlə əlbir olub öz millətinin balasına zülm verməlidir? Niyə? Şuşa həbsxanasında onsuz da hamımız qorxu içində idik... Bu azdır ki, bir də içimizdə satqın olsun? Axı satqınsız da Şuşa həbsxanası dəhşətli yer idi... (Ağlayır)

- Yaxşı, Abbas, ağlama... – Əminə xanım sakitləşdirməyə çalışır...

Mən isə hiss edirəm ki, Abbas kişi özü danışmaq istəyir. Ağlayaraq, qışqıraraq, ya sakitcə... amma danışmaq istəyir. Ona görə də yavaş-yavaş yaddaşını vərəqləməyə çalışıram:

- Şuşa həbsxanasındakı əsirlərdən kimləri xatırlayırsınız?

- Qubadlıdan bir nəfər var idi, sovet sədri işləmişdi, çox insan adam idi. Ali təhsili var idi... Mənə çox yaxşı davranırdı. Arada deyirdi “Abbas, bax, mən sənin burada “jim” eləmədiyin günü görməyim. Hər gün elə!” Deyirdim, “baş üstə!” Adı yadımda qalmayıb, yaddaşım itib, ancaq çox qanacaqlı, mərifətli, insanpərvər və qayğıkeş adam idi... Deyirdi, gərək idman edəsən ki, bədənin bu işgəncələrə tab gətirə, yoxsa yarı yolda qalarsan...

- Xankəndində də sizinlə qalan əsirlərdən idi, yoxsa...

- Mən onu Şuşada tanıdım... Xankəndindən gətirilən əsirlər artıq burada bizim haqqımızda danışmışdılar. Şuşaya gətiriləndə o özü məni çağırdı ki, “sən bizim yanımıza gəl”. Mənimlə gələn əsirə isə dedi ki, “bizim kamerada yer yoxdur, o biri kameraya get...”

- Hətta əsir düşərgəsində belə hərə öz komandasını formalaşdırırdı?

- Əlbəttə! Qızım, başlarına çox iş gəlmişdi. Artıq aralarında satqın var idi deyə çalışırdılar bələd olmadıqları adamı yaxınlarına buraxmasınlar. Özü çox mərd kişi idi axı, namərdlərlə oturub-dura bilməzdi. Heç unutmuram, bir dəfə ermənilər onun qollarını arxaya qanırıb, təpiklədilər. Sonra dedilər ki, Azərbaycan bayrağını cır, tapdala, sənə işgəncə verməyək... Cavab verdi ki, o bayraq mənim vətənimdir. Onu dünyasında alçaltmaram. Mənim üçün sizin işgəncənizin fərqi yoxdur... Mən bayrağımı nə cıraram, nə də ayaqlayaram. Ona toxunası olsam ancaq öpüb, bağrıma basmaq üçün toxunaram... And olsun allaha, qızım, elə belə də dedi! Onu bizim gözümüzün qabağında bir günə qoydular... Bayrağa da, insana da sədaqətli adam idi...

- Adını heç xatırlamırsınız?

- Yox, qızım, nə qədər çalışsam da yadıma sala bilmirəm...

- Bəzən adlar çox faydalı olur. Bir dəfə əsirliyini Şuşa türməsində keçirən bir müsahibimin xatirələri ilə tanış olan bir oxucu zəng edib dedi ki, söhbət mənim atamdan gedir. Biz 25 ildir onun yolunu gözləyirdik, sizin müsahibədən bildik ki, intihar edib. Ən azından, gözümüz yoldan yığıldı, bildik ki, artıq gözləməyin bir mənası yoxdur...

- Başa düşürəm, elə hallar da olur. Ancaq bu haqqında danışdığım kişi qayıtdı... Qayıdandan sonra isə... Təsəvvür edirsiniz, əsirlikdən azad edəndə ona nə isə bir iynə vurmuşdular, qayıdandan sonra rəhmətə getdi... Bir oğlan da var idi, Şəkidən... Mən Şuşa həbsxanasında mətbəx işlərinə baxırdım. BQXC bizə un, şəkər gətirirdi, bacardığımızdan nəsə hazırlayırdıq. Hə, bax, onu mütləq deyim, əsir də iki cür olur, eləsi var diribaşdır, ordan-burdan nəsə tapır, eləsi də var fağırın biridir. Diribaş olanların sağ qalmaq ehtimalı daha çox idi. Fağırlar bəzən lap işgəncədən deyil, acından ölürdülər... Hərdən diribaşlardan biri nəsə tapıb gətirirdi ki, “Abbas, al, bunu bişir, ver mənə”. Açıq deyirəm, mən bişirirdim, amma ona vermirdim. Şirin dillə izah eləyirdim ki, “başına dönüm, görürsən, o zarıyır, qoy ona verim, ölməsin...” Qızım, özüm ölüm, belə olub! Yoxsa heç kəs düşünməsin ki, ordan bir tikə götürüb ağzıma qoymuşam. Heç vaxt! Çalışmışam ən fağır və ən ac olana verim...

Hə, Şəkidən olan əsirdən danışırdım axı. Bir dəfə gəlib mənə dedi ki, “ay Abbas, deyirlər Xankəndindən bir güləşçi gəlib, həm də guya “vorzakon”du, məni onunla güləşməyə çağırırlar. Nə məsləhət görürsən?” Mən də ona “sağ ol” dedim ki, gəlib mənimlə məsləhət edir. Amma izah da elədim ki, başına dönüm, sən özün könüllü gedib güləşməlisən, yoxsa səni döyə-döyə aparıb güləşdirəcəklər. Ona görə də döyülüb enerjini itirincə, elə könüllü get, güləş! Belə, daha güclü və inamlı olarsan. Həm də gör mümkün olsa, onu yıx...

- Bu mümkün idi?

- Hərdən adam öz inamından güc alır. Dedim ki, “bax, onu yıxsan sənə “türmə” çaydanı ilə bir şərbət boyun oluram. Dədə-baba çaydanı! Gör içi nə qədər tutur!? Verəcəm! Amma çalış, onu yıx!” Əsirlikdə bir tikə çörək üçün nələr edildiyini görmüşdüm deyə, əmin idim ki, bu aclığın, səfalətin içində bir çaydan şərbət üçün adam nə desən, edər...

- Və erməni ilə güləşməyə könüllü getdi...

- Getdi! Həbsxananın həyətində ermənilər sıra ilə düzülüb... Biz də hamımız yığıldıq... Güləşmə başladı... Bir dəfə balaca səhvi oldu, hakim fit verdi ki, dincəlin. Gəldi ki, “neyləyim, onu yıxmağa qorxuram, ancaq yıxaram...” “Sən yıx, qorxma, bizi biabır eləmə”, dedik. Dedi “siz deyirsinizsə, yıxacam onu! Sizin xatirinizə yıxacam! Qələbə bizimdir!” Bir saatacan süpürləşdilər. Başına döndüyüm ermənini necə üzü üstə yıxdı! Qolunu da qanırdı, çıxdı üstünə! Elə sevinirdik, elə bil, müharibə qurtarmışdı, hamımızı azad etmişdilər...!

- Bəs buna görə cəzalandırıldı?

- Həmin günü yox, əl vurmadılar... Sonradan cəzası nə olur, olsun! Əsirlikdə bu qəhrəmanlıq idi... O, bizə işgəncə verən ermənini üzü üstə yıxmışdı...

- Söz verdiyiniz mükafatı necə, hazırlaya bildiniz?

- Dərhal! Qayıtdıq içəriyə, söz verdiyim kimi bir çaydan şərbət hazırlayıb, qoydum qabağına! O da sevinclə başına çəkdi! İndi bir çaydan şərbəti içmək mümkün deyil. Amma o vaxt nəinki mümkün idi, hətta bu əsirlərin xəyalını belə qura bilmədiyi əlçatmaz arzu idi... Qarnın doyunca yemək, ürəyin sərinləyincə su içmək... Biz doymaq hissini yadırğamışdıq...

- Həmin vaxtı Şuşa həbsxanasının mətbəxində Müşfiq adlı bir yeniyetmə də var idi, onu xatırlayırsınız?

- Yadımda ancaq işgəncələr və çox az hadisələr qalıb... Şuşa həbsxanasında nə qədər qaldığımı dəqiq deyə bilmirəm... Bir gün BQXC nümayəndəsi gətirib pal-paltarı tökdü ortaya, dedi, “əyninizi dəyişin. Sizi Yerevana aparıb, oradan da Azərbaycana yola salacağıq!” Əsirlikdə də eləsi var idi ki, düşünürdü, evə gedirəm, qoy layiqli geyim geyinim. Mən heç baxmadım nədir, bir cüt qaloşu taxdım ayağıma... Elə üstdən əlimə keçən pencəyi də götürüb geyindim... Sən demə heç o da kişi üçün deyilmiş, qadın pencəyi imiş... Gələndən sonra bildim... Orada fərqinə varmadım, azad ediləcəyimizi eşidən kimi əlimə keçəni əynimə taxıb, dayandım sıraya. Artıq hər şey o qədər əhəmiyyətsiz idi ki...

- Neçə nəfər idiniz?

- 65 nəfər... Bizi 32 erməni əsiri ilə dəyişdilər. Dedilər ki, 65 azərbaycanlının içində 2 əfqan döyüşçüsü də var. Hətta deyirdilər ki, birinin gözünü çıxardıblar, o birinin isə qulağını kəsiblər.

- Sizi dəyişdirən BQXC nümayəndəsinin adını necə, xatırlayırsınız?

- Pyer! Pyer! Qızım, heç onu unudaram!? Mən həyatımda elə insan görməmişəm. Çox... Çox... Nə bilim, onu təsvir etməyə uyğun söz tapa bilmirəm... Elə adam idi ki, bizə görə ermənilərlə mübahisə edirdi, deyirdi belə deyil...

Bayaqdan ilk dəfə gözlərinin parladığını görüb, əsirlərlə görüşdə tez-tez lazım olduğu üçün daima telefonumda gəzdirdiyim BQXC nümayəndəsi Pyer Reyçelin fotoşəklini göstərirəm.

- Budur, özüdür, qurban olum ona! Çox qızıl oğlan idi! (Ağlayır. Ancaq bu dəfə tələsik göz yaşını silib, davam edir) Mən ömrümdə elə insanla qarşılaşmamışam. Sanki mələk idi... Rusca da qəşəng danışırdı...

- “Əsir düşərgəsi” yazdığım 6 il ərzində onun adı gələndə gözləri dolmayan insan görməmişəm...

- Görün neçə il keçib... Girovluqda aldığım zədələrdən dəfələrlə əməliyyat olunmuşam... Əsəblərim qaydasında deyil. Birlikdə əsirlikdə olduğum insanların adını, üzünü unuduram... Əzablı xatirələr mənə dinclik vermir deyə yaddaşımdan silməyə çalışıram... Bütün bu zülmətin içində yeganə işıq Pyer idi! Onunla bağlı bütün hadisələr yadımdadır. Övladlarımın adını unutmağıma baxmayın, Pyeri bir gün də olsun unutmadım... Unutmaram! Unutmayacam! Son nəfəsimə qədər də onun üçün duaçı olacam!

- Pyerlə görüşlərinizi necə xatırlayırsınız?

- Hamısı gözümün qabağındadır. Gəlib yanımızda stulda əyləşirdi. Biz də nə halda... Üstümüzdə bit qaynaşırdı, ancaq özünü bizdən ayırmazdı, yanımızda oturub, qolunu da boynumuza salardı... Bir dəfə də olsun bizi özündən aşağı tutmadı. Deyirdi, “qorxmayın, kim sizə işgəncə verirsə, mənə deyin, mən sizin yanınızdayam. Mən sizi buradan azad etməyincə heç yerə gedən deyiləm! Ürəyiniz nə istəyir, mənə deyin!” Deyəndə ki, “ay Pyer, bir az aralı dur, neçə vaxtdır çimmirik”, ya “üstümüzdə bit var”, qucaqlayıb üzümüzdən öpürdü ki, “biz eyni adamlarıq”. O qədər insani münasibət görməmişdik ki, o belə edəndə ağlayırdıq, gözümüzün yaşını silirdi... “Möhkəm olun”, deyirdi...

Davamı olacaq...

Növbəti bölümdə:

- Sıra ilə dayanmışdıq. Abbası çıxartdılar, aralıdan keçdi... Bu illərdə nə hala düşmüşdümsə heç məni tanımadı... Kiçik oğlum idmanla məşğul olurdu, bədənli idi, onu da tanımadı... Qızımla böyük oğlumu tanımışdı... Qızım əllərini qapının barmaqlığından irəli uzatdı... Atası ilə qucaqlaşdı... Sonra evdə bizə dedi ki, “deyəsən atamın ayaqlarını kəsiblər... Qapının altından ayaqlarımla tapdadım, boşluq var idi...” Sən demə ayaqqabısı ayağına böyük imiş...

- Pyer tək-tək adımızı çağırıb, məktubumuzu verirdi... Biz də məktubu alan kimi bir küncə çəkilib, oxuyurduq... Onda fərqinə varmırdıq, amma indi düşünürəm ki, demək olar ki, hamımıza sizin dediyiniz kimi, eyni məktublar gəlirdi. Amma yenə də biz onları təklikdə oxuyurduq... Əsirlikdə ən məhrəm hiss evdən gələn məktubları oxumaq idi...

- Abbası yaxşı xatırlayıram... Həyatının son günlərinə qədər məni xatırlamasından çox təsirlənirəm, kövrəlirəm... Həqiqətən, bu, çox təsirlidir... İşlədiyim azərbaycanlı əsirlərin hamısının ürəyimdə ayrıca yeri var... İstəyirəm biləsiniz ki, mən də heç birini unutmamışam... Və onların duası mənim üçün həyatda aldığım ən qiymətli hədiyyədir...

Dİgər xəbərlər