Sahibə Qafarova Rusiya Federasiya Şurasında çıxış edir
23 sentyabr 2020 10:40 (UTC +04:00)

Sahibə Qafarova Rusiya Federasiya Şurasında çıxış edir

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sahibə Qafarova deyib ki, ən yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilməz: “Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin beşdə bir hissəsi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib.

Burada iştirak edənlərin münaqişə haqqında obyektiv və tam təsəvvürü olması üçün mən Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs etmək istərdim.

1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb.

1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Diqqət yetirin, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq, iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında.

1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib.

Təəssüflə qeyd etmək lazımdır ki,  Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali  çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi”.

***

“Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxışında deyib.

O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat barədə danışarkən deyib ki, ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur: “Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün  Ermənistan tərəfindən  həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

 

# 2284
avatar

Oxşar yazılar