Balıq ovu barədə bilmədikləriniz: Kimlərə ödənişlidir?
25 sentyabr 2020 14:44 (UTC +04:00)

Balıq ovu barədə bilmədikləriniz: Kimlərə ödənişlidir?

Son zamanlar qanunsuz balıq ovu və buna görə cəzaların sayı artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı bu məlumatlarda cəzaların əsasən, qanunsuz yerlərdə, qanunsuz alətlərlə və qadağan olunmuş balıq növlərini ovlamağa görə tərtib edildiyi əks olunur.

Azərbaycan Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev Lent.az-a balıq tutmağın qadağan olunduğu yerlər və üsullarını açıqlayıb:

“Yalnız nəzərdə tutulan yerlərdə həvəskar balıqçılara heç bir qadağa olmadan balıq tutmağa icazə verilir. İndi milli parkların əksəriyyətində, ailəvi istirahət mərkəzlərində həvəskar balıqçılar üçün şərait yaradılır. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlığımızı bildiririk. Ümumilikdə sənaye balıqçılığına Xəzər dənizinin çimərlik olmayan zonalarından başqa istənilən yerində balıq ovuna icazə var.

Həvəskar balıqçılığa o qədər də məhdudiyyət yoxdur. Daxili hövzələrdə isə təbii çaylardan başqa müəyyən olunmuş çaylar, su anbarları və göllərdə icazə verilir. Sintetik torlara, xüsusən tok alətlərindən istifadəyə verilmir. Aminal, yəni zəhərdən istifadə də qadağandır. Hazırda Azərbaycanda həvəskar balıqçılığın bir neçə növünü inkişaf etdiririk. Bulvarda bəzi estakadalar var. Orada həvəskar balıqçılara şərait var. Gələcəkdə onların sayının artırılması planlaşdırılır”.

Həmsöhbətimiz pandemiya ilə əlaqədar balıq ovunun dayandığı üçün hazırda bazarlarda balığın bol və ucuz olduğunu da söyləyib:

“Sentyabrda Azərbaycanda sənaye balıqçılığı artıq başlayıb. Brokonyerlik və qanunsuz balıq ovu icazəli dövrdə baş verdiyi üçün nəzarət tədbirləri gücləndirilib. Kürütökmə prosesi olduğu üçün daxili su hövzələrində aprelin 1-dən sentyabrın 1-dək, Xəzər dənizində isə mayın 1-dən sentyabrın 1-dək sənaye balıqçılığına icazə yoxdur. Bu səbəbdən də brokonyerlik edənlər daha tez nəzərə çarpır. Son illər qanunsuz balıq ovuna qarşı mübarizə gücləndirilib, bu da bioloji resursların artmasına səbəb olub. Biz də Balıqçılar İttifaqı olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edərək, qanunsuzluqları, brokonyerləri işıqlandırırıq. Balıqçılara həyati təhlükə olmadan sintetik torları zərərsizləşdirməyi tapşırırıq. Bu il pandemiya ilə bağlı martdan bu yana sənaye balıqçılıq demək olar ki, olmadı. Kürütökmə prosesi yaxşı keçdiyi və balıqlar ovlanmadığı üçün bazarlarda qiymətlər də ucuzlaşıb. Bunu sənaye balıqçıları da təsdiq edir ki, həm balıqlar, həm də onların çəkisi çoxdur”.

Görəsən, balıq ovu ölkə qanunvericiliyində necə tənzimlənir? “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov balıq ovunun "Balıqçılıq haqqında" qanunda əks olunduğunu qeyd edib:

“Şəxsi istehlak məqsədi ilə balıq tutmaq məsələsinə aydınlıq gətirmək üçün hökmən bu barədə qanunvericilik aktlarına diqqət etmək lazımdır. "Balıqçılıq haqqında" qanunun 9-cu maddəsində göstərilir ki, balıq və digər su bioresurslarından istifadə 2 formada həyata keçirilir: balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra balıq və digər su bioresurslarının ovu) və akvakultura.

Balıq və digər su bioresurslarının ovu bir sıra məqsədlər üçün həyata keçirilir: balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu; balıq və digər su bioresurslarının akvakultura üçün ovu; balıq və digər su bioresurslarının elmi-tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ovu; balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu”.

S.Vəkilov balıq ovunun bəzi şəxslərə ödənişli olmasını da deyib. O, həmçinin bildirib ki, balıq ovu barədə Nazirlər kabinetinin də qərarı var:

“İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir. Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

Bundan başqa, Nairlər Kabinetinin “Balıq və digər su bioresursları ovunun qaydaları”nın təsdiq edilməsi haqqında qərarında bu məsələlər geniş əksini tapıb. Burada bir vacib məqama diqqət etmək lazımdır: Balıq ovu üçün müəyyən edilmiş məkanlar, balıq ovu üçün mövsümi icazənin verilməsi, mühafizə edilən və Qırmızı kitaba düşən qorunan balıqların ovlanmaması. Balıqların növü, ov vaxtı və ov yerləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin AMEA-nın Zoologiya İnstitutu tərəfindən müəyyən edilir”.

# 3526
avatar

Mehman Nəbiyev

Oxşar yazılar