İranın azərbaycanlılar yaşayan Zəncan əyalətinin bütün şəhər və rayonlarında koronovirus sürətlə yayılır.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Zəncan Tibb Elmləri Universitetinin prorektoru Məhəmmədrza Saini deyib.
O bildirib ki, koronavirusun yayılmağa başladığı vaxtdan bəri əyalətin xəstəxanalarında 10498 nəfər xəstəxanaya yerləşdirilib və onlardan 3459 nəfərin, yəni 33 faizinin koronavirus testi müsbət çıxıb.
M. Saini Koronavirusun Profilaktikası və Mübarizə Qərargahının əyalət üzrə keçirilən iclasında deyib ki, əyalət üzrə koronavirusun yayılmasından bəri 84689 nəfər Covid-19 mərkəzlərinə müraciət edərək ambulator müalicə alıb: "Bu müddətdə əyalət üzrə təxminən 46723 nəfərdən ambulator şəraitdə koronavirusa görə analiz götürülüb ki, onlardan 14247 nəfərin, yəni müraciət edənlərin 30%-nin Covid-19 testi müsbət çıxıb. Mövcud əlamətlər əyalətin bütün şəhər və rayonlarında xəstəliyin artdığını göstərir, bu, xüsusilə Əbhər, Xürrəmdərə, Zəncan və Soltaniyə rayonlarında özünü biruzə verir”.