2379
18:27
11 Sentyabr 2020

"Bir sual, bir cavab" - Sükan arxasında neçə saat əyləşmək olar?

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu sürücülərin yorğun və yuxusuz halda sükan arxasında əyləşməsi ilə bağlıdır.

Sürücülərin yuxusuz və yorğun halda sükan arxasında əyləşməsi qəzalara səbəb olan amillərdən biridir. Əvvəllər də bununla bağlı çağırışlar edilsə də, təəssüf ki, sürücülərin əksəriyyəti buna əməl etmir.

Rubrikamızın “Sürücü sükan arxasında hansı müddətdə qala bilər” sualına avtomobil eksperti Elməddin Muradlı cavab verib. O bildirib ki, qanunvericiliyə əsasən, sükan arxasında 4 saatdan artıq qalmaq qadağandır:

“Yol hərəkəti qaydalarında bildirilir ki, sürücülər yorğun, yuxulu halda avtomobil idarə etməməlidir. Dəfələrlə biz də demişik ki, sürücülər yorğun və ya yuxusuz olduqları halda maşını saxlayıb dincəlsinlər. Ancaq bəzi sürücülər pandemiya dövründə rayonlara gediş-gəlişlə bağlı itirdiklərini bir günə qazanmaq istəyirlər. Təsəvvür edin, bugünki qəzada sürücülərdən biri dayanmadan Bakı-Sumqayıt arası, daha sonra isə Tovuza gedib və qayıdıb. Bu adam ən azı 8 saat maşın sürüb. Amma qanunvericilikdə göstərilir ki, sürücü 4 saatdan artıq avtomobil idarə edə bilməz. Bir sıra ölkələrdə isə bu vaxt hətta 2-3 saatdır. Bu müddətdən sonra sürücü dincəlməlidir. Həmin sürücü isə yuxusu gəlsə belə, maşını saxlamazdı ki, birdən sərnişinlər düşüb gedər. Bəlkə imkanı olsaydı lap Bakıya gəlib yenidən geri qayıdardı. Bu da acgözlüyün, pul hərisliyinin nəticəsində baş verir.

Avtovağzallar açılmalıdır ki, bu cür sərnişindaşımalar avtovağzallar arasında olsun. Onsuz da sprinterlər, mikroavtobuslar, yaxud minik avtomobilləri ilə rayonlara sərnişindaşımalar davam edir. Avtovağzalların fəaliyyəti bərpa edilməlidir ki, bu cür daşınmalar qanuni şəkildə olsun. Avtovağzaldan kənar rayonlararası sərnişin daşıyanlar insanları ölümə aparır. Heç bir sürücü qəzadan sığortalanmayıb”.

Qeyd edək ki, bu gün Qaradağda baş verən ölümlə nəticələnən qəzaya məhz bu amil səbəb olub. Araşdırma nəticəsində məlum olub ki, “Mercedes” markalı mikroavtobusun sürücüsü fasiləsiz olaraq, dincəlmədən nəqliyyat vasitəsini idarə edib. Yorğun olduğu üçün avtomobili yol kənarənda dayanmış “DAF” markalı yük avtomobilinə çırpıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Dİgər xəbərlər