"Bir sual, bir cavab" - Azərbaycanda əlillərin əmək hüququ necə qorunur?
08 sentyabr 2020 19:54 (UTC +04:00)

"Bir sual, bir cavab" - Azərbaycanda əlillərin əmək hüququ necə qorunur?

Lent.az-ın”Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu əlilliyi olan şəxslərin işə götürülməsidir.

Fiziki məhdudiyyətli insanların işlə təmin olunması məsələsi illərdir problem olaraq qalır. Sahibkarlar onların əmək qabiliyyətinə güvənməyərək işə götürməkdə tərəddüd edirlər. Əlilliyi olan şəxslərdən biri tanınmış marketlərdə iş üçün müraciət edəndə kobud münasibət gördüyü və psixoloji təsirə məruz qaldığı barədə sosial şəbəkədə yazıb. Onun yazdığına görə, dəfələrlə iş üçün müraciət etsə də, işə götürülmədiyini və hətta bir dəfə kobud şəkildə “səni işə götürə bilmərik” cavabı ilə qarşılaşıb.

Görəsən, qanunvericiliklə fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları necə təmin olunur?

Rubrikamızın sualına Əlil Təşkilatlar İttifaqının Layihələr və İnsan Resursları üzrə müstəqil eksperti Beybala İbadullayev cavab verib. O bildirib ki, Azərbaycanda əlilliyi olan şəxslərin işlə təmin edilməsi üçün parlamentdə qəbul olunmuş kvota haqqında qanun var. Həmsöhbətimizin sözlərinə görə, kobud danışığa, şərəf və ləyaqətin alçaldılmasına görə təkcə kvota deyil, o cümlədən, Mülki Məcəllədə də müddəalar nəzərdə tutulub:

“Bu kvotaya əsasən, müəssisənin tipindən asılı olmayaraq 4 faiz iş yeri əlilliyi olan şəxslərə ayrılmalıdır. Beynəlxalq qanunvericilikdə isə əlilliyi olan şəxslərin əmək hüquqları barədə BMT-nin konvensiyası və həmin şəxslərin ümumilikdə hüquqlarına dair konvensiyalar var. Bu qanunlara əsasən, əlilliyi olan şəxslər digər şəxslərlə bərabər arzu etdikləri yerdə işləyə bilərlər.

Kvota qoymaq və qanunvericiliklə insanlar arasında fərq qoymaq çox aqressiv yanaşmadır. Sözügedən kvota Azərbaycanda işləmədi, çünki müəssisələr əlilliyi olan şəxslərin fiziki qabiliyyətinə güvənib onları işə götürmədilər. Kvota özü də insan hüquq və azadlıqlarına ziddir. Dövlət fiziki məhdudiyyətli şəxslərin müəssisələr tərəfindən işə götürülməsi üçün stimullaşdırıcı tədbirlər görməli, qanunvericiliyə əsasən, həmin müəssisələrin güzəştlərini müəyyən etməlidir. Amma təəssüf ki, bu istiqamətdə heç bir tədbir görülmür.

Özünüməşğulluq məsələlərində isə bu məsələlərin həlli nəzərdə tutulub. Hazırda sahibkarlar tərəfindən fiziki məhdudiyyətli şəxslərin işə götürülməməsi həm ayrıseçkilikdir, həm də beynəlxalq konvensiyalara ziddir. Əlilliyi olan şəxslərə qarşı ayrıseçkilik salmaq, onlarla kobud danışıb işə götürməmək istər dini, istərsə də mənəvi dəyərlər baxımdan pislənilir. Əlillərə həssas qrup kimi baxmaq düz deyil. Onlara da adi insan kimi baxmaq lazımdır.

Kimliyindən asılı olmayaraq, iş üçün gələn şəxsin şərəf və ləyaqətinə toxunmaq, ona kobud cavab verib psixoloji təsir etmək olmaz. Bu barədə əlilliyi olan şəxslərin işlə təmin olunması üçün qəbul olunan kvotadakı cərimələrdən əlavə, həmçinin Mülki Məcəllədə də bir sıra müddəalar var”.

# 1762
avatar

Mehman Nəbiyev

Oxşar yazılar