1615
16:46
21 Avqust 2020

“ASAN müraciət” informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılacaq.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru müəyyən ediləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

- “ASAN müraciət” informasiya sistemini və onun mobil tətbiqini formalaşdırmalı;

- “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının “ASAN müraciət” informasiya sisteminə çıxışını təmin etməlidir.

Dövlət orqanları (qurumları) “ASAN müraciət” informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılmanı təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- “ASAN müraciət” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli;

- “ASAN müraciət” informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görməlidir.