Yeni tədris ilində dərslər necə keçirilməlidir? -  TƏKLİFLƏR
13 avqust 2020 16:38 (UTC +04:00)

Yeni tədris ilində dərslər necə keçirilməlidir? - TƏKLİFLƏR

“COVID-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir”.

Lent.az xəbər verir ki, bu fikirlər Təhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələrinin yer aldığı məqalədə bildirilib.

Məqalədə göstərilib ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür: “Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır”.

Qeyd olunub ki, müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan “sarı” və “narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir:

“Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.

Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.

Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.

Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır”.

Məqalədə uşaq bağçaları ilə bağlı da məlumatlar yer alır. Bildirilir ki,  uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir. Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur. İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Təkliflərdə qeyd olunur ki, ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində məsafədən təhsil formasında davam etdirilməsi təklif olunur. Məsafədən təhsil formasına dair tədris vəsaitləri və resurslar mövcud proqramlara uyğun olaraq hazırlanması tövsiyə olunur.

 

 

# 7471
avatar

Aygün İbrahimli

Oxşar yazılar