3214
15:13
01 Avqust 2020

“The Wall Street Journal”  ermənipərəst qurumu necə ifşa etdi: Və ya Təl-Əviv  mitinqindən qorxuya düşənlər - ŞƏRH

Avqustun 9-da İsrailin Tel-Əviv Yaffo şəhərində Azərbaycana və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək. “İsraildəki Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.

Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq!” şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək. Əslində, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Yazıya bu xəbərlə başlamağımız səbəbsiz deyil.

Daim Azərbaycana qarşı qərəzli və düşmən mövqe nümayiş etdirən “Human Rights Watch” və onun Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitsonun adı bizlərə yaxşı tanışdır. Qatı İsrail və türk düşməni olan bu xanım hər zaman ölkəmizə qarşı öz qərəzli, qeyri-obyektiv mövqeyi ilə tanınıb. Təşkilatın adı insan hüquqları olsa da, fəaliyyət tamamilə başqa olub. Əksinə, bu qurum özü insan hüquqlarını pozub, eyni məsələ üzrə ikili standartdan çıxış edib. Buna görə də “Human Rights Watch”un hesabatları artıq ciddi qəbul olunmur. Həm də təkcə Azərbaycanda deyil, digər ölkələrdə də "insan haqlarını qoruyan" qurumun əsl niyyəti və fəaliyyəti artıq məlumdur. Elə bu yaxınlarda ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri də eyni mövzunu işıqlandırılıb. Belə ki, nəşr Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə (https://www.wsj.com/articles/a-selective-opponent-of-settlers-11579046287?mod=searchresults&page=1&pos=1)

dərc edib.



Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki “Kohelet Policy Forum” mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir.

Müəllif yazır ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.



Məqalədə deyilir ki, xanım Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Və həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. "Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionunun işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyır.



Corc Meyson Universitetinin professoru qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson eyni zamanda "Human Rights Watch" təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, Tvitterdə Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.



Bu ziddiyyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: “Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır”.



Lakin əslində, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

Azərbaycana münasibətdə olduğu kimi, eyni zamanda İsrailin timsalında və başqa ölkələrə bu cür ikili yanaşma tətbiqinin isə bir səbəbi var: Azərbaycan-İsrail dostluğu. Görünür bu dostluq kimlərinsə kürkünə birə salmaqdadır.