"Bir sual, bir cavab" - Saxta hesab açanlara hansı halda cəza verilir?
20 iyul 2020 18:40 (UTC +04:00)

"Bir sual, bir cavab" - Saxta hesab açanlara hansı halda cəza verilir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu başqa adamların adına sosial şəbəkədə saxta hesab açılması ilə bağlıdır.

Son zamanlar düşmən ölkə ilə sərhəddə baş verən atışmalardan sonar əksər tanınmış şəxslərin səhifələrinə hücumlar oldu. Hətta Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlının adına da saxta profil açıldı. Bunun erməni şəbəkə istifadəçiləri tərəfindən edildiyi heç kəsdə şübhə doğurmadı. Bu gün isə daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına saxta hesab açılması ilə bağlı xəbərlər yayıldı.

Bəs görək, kiminsə adına saxta hesab açanlar barədə qanunvericilikdə hansısa cəza tədbirləri nəzərdə tutulubmu? Rubrikamızın sualına hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, saxta hesab açan şəxs kimisə təhqir etmədiyi, şərəf və ləyaqətini alçaltmadığı halda qanunvericiliyə görə, cinayət məsuliyyətinə cəlb olunmur:

“İstifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumatların yerləşdirildiyi profillər saxta hesab olunur. Eyni zamanda, məlumatların gizlədildiyi, habelə digər şəxsə aid olan məlumatlarla onun razılığı olmadan yaradılmış hesablar, profillər də saxta hesab olunur. Amma nəzərə almaq lazımdır ki, internet informasiya resurslarında müxtəlif ictimai iaşə obyektlərinin, tarixi şəxsiyyətlərin, müxtəlif şəhər, rayon və s. ərazi adlarını özündə əks etdirən hesablar, qruplar, səhifələr var. Hazırkı qanunvericilikdə bu məsələ açıq qalır. İstintaq tarixi şəxsiyyətlərin, vəzifəli şəxslərin, müxtəlif şəhər, rayon və s. ərazi adlarını daşıyan səhifələri şəxsin eyniləşdirilməsi mümkün olmayan profil hesab edərək, saxta qəbul edə bilər.

Bundan əlavə, sosial şəbəkənin istifadə qaydası var. Birmənalı olaraq, instaqramda, feysbukda şəxsin profilinin özü olması, eyniləşdirilməsi mümkün olduqda, o, çox tanınmış, dövlət rəsmisi olduqda bununla bağlı xüsusi bir göndəriş verir. Bu da həmin şəxsin rəsmi hesabı olması anlamına gəlir. Bu təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində mövcuddur. Müğənnilər, alimlər, tanınmış ictimai xadimlər var ki, onların adına yüzlərlə səhifələr var. Onlara qarşı mübarizə aparmaq da mümkün deyil. Tək mübarizə üsulu budur ki, həmin adamlar çıxıb səhifənin ona məxsus olmadığını desin. Bununla bağlı Cinayət və ya İnzibati Xətalar Məcəlləsində heç bir maddə yoxdur. Kiminsə adına səhifə açmaq yalnız o zaman cinayət xarakteri daşıyır ki, həmin addan istifadə edərək kimsə təhqir edilsin, şərəf və ləyaqəti alçaldılsın. Bu zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4796

Oxşar yazılar