Ermənistanın son təxribatları İtaliya mətbuatında...
17 iyul 2020 08:00 (UTC +04:00)

Ermənistanın son təxribatları İtaliya mətbuatında...

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və 12 iyul tarixindən başlayaraq Ermənistan-Azərbaycan sərhədi boyunca həyata keçirdiyi hərbi təxribatları ilə bağlı İtaliyanın Sardegnagol, Agenzia Nova və İnsideOver kimi kütləvi informasiya vasitələrində məqalə və açıqlamaları dərc olunub.

Azərbaycanın İtaliyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, diplomat məqalələrdə Azərbaycanın 30 ildir Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal olunduğunu, işğal olunmuş ərazilərdə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, 1 milyondan çox azərbaycanlının qaçqın, məcburi köçkünə çevrildiyini, Azərbaycanın tarixi-mədəni irsini dağıtdığını, çoxsaylı müharibə cinayətləri, Xocalı soyqırımını törətdiyini, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın məhəl qoymadığını bildirib. 

Diplomat yazılarında bu günlər ərzində Azərbaycan hərbi qüvvələrinin mövqelərinə Ermənistan tərəfindən artilleriya silahlarından istifadə ilə hücumların yeni təxribat və təcavüz olduğunu deyir, Ermənistanın öz işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxartmaq əvəzinə yeni mövqelər əldə etmək və bölgədə gərginliyi daha da artırmaq məqsədi güddüyünü, eləcə də hərbi təxribatlarda Azərbaycan əhalisinin sıx məskunlaşdığı əraziləri bombaladığını və beynəlxalq hüququn fundamental norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüququ pozduğunu ifadə edib.

 

Diplomat qeyd edib ki, Ermənistanın təxribatçı hücumlarının beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə baş verməsi və atəşkəs rejimini davamlı olaraq pozması sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir. Əlavə edib ki, Ermənistan ordusunun bu təxribatı Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Bu avantüraya getməkdə Ermənistan rəhbərliyinin məqsədinin özünün yarıtmaz siyasəti nəticəsində ölkədə pandemiyanın geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlərin və dərin böhranın yaşanması səbəbindən vəziyyəti daha da gərginləşdirmək və ölkənin daxilindəki problemlərdən diqqəti yayındırmaq olduğunu vurğulayıb.

Səfir bildirib ki, Ermənistanın hərbi təxribatları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ona ətraf ərazilərdəki təmas xəttində yox, həmin ərazilərdən şimalda, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verir və Ermənistanın məhz bu ərazilərdə təxribat həyata keçirməkdə və vəziyyəti gərginləşdirməkdə məqsədi münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.

O, Ermənistan rəhbərliyinin gözləntilərinin puç olduğunu, erməni tərəfinin məkrli niyyətlərinin anlaşıldığını və sağlam məntiqin qalib gəldiyini diqqətə çatdırıb.

Diplomat habelə, qeyd edir ki, Tovuz rayonu strateji əhəmiyyətə malik bir ərazidir və buradan Avropaya, xüsusilə də İtaliyaya xam neft daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, İtaliyaya qədər uzanan Trans Adriatik boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin başlanğıc hissəsi olan Cənubi Qafqaz boru kəməri, habelə İpək Yolunun yenidən canlandırılmasına əsas yaradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti keçir. Bu səbəblərdən də Ermənistanın son təxribatlarında məqsədi bu ərazidə sabitliyi pozmaq və Avropa üçün alternativ enerji mənbələrinə və yeni bazarlara çıxmağa imkan yaradan bu əhəmiyyətli layihələrin fəaliyyətinə maneçilik törətməkdir.

M.Əhmədzadə Azərbaycan və İtaliya arasında yaxın əlaqələri nəzərə alaraq, İtaliyanın bu  münaqişənin həllinə münasibətdə daha fəal olmasının vacibliyini deyib, Prezident İlham Əliyevin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq etdiklərini, habelə İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bildirib.

“Ermənistan Azərbaycan ərazilərini işğal edib və təcavüzkardır, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. Dünya ictimaiyyəti təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında fərq qoymayana, təcavüzkara öz təcavüzkar siyasətindən çəkindirmək üçün güclü təzyiq etməyənə qədər, təcavüzkar öz cinayətkar əməllərini davam etdirəcəkdir. Ermənistanın hazırkı təxribatlarının səbəbi onu öz təcavüzkarlıq siyasətindən çəkindirmək üçün beynəlxalq ictimaiyyət tərəfindən güclü təzyiqin olmamasıdır, çünki cəzasızlıq yeni cinayətlərə yol açır. Bu səbəbdən də, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğal siyasətini və dövlət sərhədi boyu hazırda həyata keçirdiyi təxribatları sərt şəkildə qınamalıdır”, deyə diplomat fikirlərini tamamlayıb.

 

Məlumatları aşağıdakı keçidlərdən əldə edə bilərsiz:

https://www.sardegnagol.eu/europa1/2990-ambasciatore-dell-azerbaigian-la-comunita-internazionale-deve-fare-distinzione-tra-aggressore-e-vittima.html

https://www.agenzianova.com/a/5f0d5219386483.10278895/3022354/2020-07-14/nagorno-karabakh-ambasciatore-ahmadzada-aggressione-armena-dura-da-quasi-30-anni/linked?fbclid=IwAR3dIKcHRiCRElWGR2cZ-0-XGHjstekuSmPQph4O2xBTUQbIBqjtjWICIPc

https://it.insideover.com/guerra/ritorna-la-tensione-tra-armenia-ed-azerbaijan.html?fbclid=IwAR2LFQHFUfeCOxquVeRpICmk-9SjezuaxT3WkQstf9gvbQOECP6mO_5Jvxw

 
# 4411
avatar

Oxşar yazılar