Ərazi bütövlüyümüzə təxribat yolverilməzdir - VETERANLARDAN BƏYANAT
16 iyul 2020 16:19 (UTC +04:00)

Ərazi bütövlüyümüzə təxribat yolverilməzdir - VETERANLARDAN BƏYANAT

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumunu pisləyən bəyanat yayıb.

Lent.az xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozması dünyada sülh və əminanlığa növbəti təhdiddir.

Məlum olduğu kimi, son günlər Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq Azərbaycan Respublikasının mövqelərini atəşə tutması hərbi qulluqçuların ölümünə və yaralanmasına səbəb olub. Eyni zamanda Ermənistan öz məkirli və çirkin siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan kəndlərin dinc əhalisini iri çaplı silahlardan və ağır artireliyadan istifadə edərək atəşə tutub. Nəticədə dinc sakinlərdən də həlak olan və yaralananlar olub.

Belə ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib.

Təəssüflə qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874, 884 saylı qətnamələrinə bu günədək əməl etməyən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınan Azərbaycanın ərazi bütövlüyünə növbəti təxribatı da yolverilməzdir. Dünya ictimaiyyəti bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsində işğalçı ilə işğala məruz qalana eyni səviyyədə yanaşma Azərbaycan xalqına qarşı ayrı-seçkilikdir.

Azərbaycan Respublikası tolerant və multukultural dəyərləri ilə dünyada sülhün bərqərar olmasına daha çox səbr və qətiyyətlə yanaşmışdır. Ərazisi işğal altında olan və daim erməni atəşi altında yaşayan Azərbaycan xalqı daim dözüm nümayiş etdirmiş, münaqişənin dinc yolla həllinə çalışıb Əfsuslar olsun ki, erməni tərəfi bu dəfə də Azərbaycanın humanizmindən öz mənfur əməlləri üçün istifadə edib.

Bu gün biz veteranlar bir daha dünya ictimaiyyətini, xüsusilə də Dünya Veteranlar Federasiyasını və digər nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə - zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırırıq".

# 3577
avatar

Oxşar yazılar