Dünyada bu gün - VİDEO
07 iyul 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

ŞEYX ŞAMİL

(1797-1871)

 

1. Qafqaz xalqlarının xalq qəhrəmanı, Dağıstan və Çeçenistan dağlılarının birliyi olan Şimali Qafqaz imamətinin başçısı Şeyx Dengav-Məhəmməd oğlu Şamil 7 iyul 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Nəqşibəndi şeyxi olan qayınatası Cəmaləddin Qazi Kumıkinin yanında təhsil alıb. İmamətin I və II başçıları Qazı Məhəmməd və Həmzət Bəyin müşaviri olub. 1834-cü ildə imam seçildikdən sonra böyük uğurlar qazanaraq, şöhrəti qısa zamanda ətraf bölgələrə yayılıb. Çar Rusiyasının ordusunu bir çox döyüşlərdə məğlub edib və onlara böyük ziyan vurub. 1859-cu ilin avqustunda 400 silahdaşı ilə birlikdə Dağıstanın Qunib aulunda 70 minlik rus qoşununun mühasirəsinə düşüb və təslim olub. Əvvəl Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şeyx Şamil Məkkədə Həcc ziyarətini yerinə yetirərək Mədinəyə gedib və xəstələnərək 1871-ci il fevralın 4-də vəfat edib. Mədinə şəhərindəki məşhur əl-Baqi qəbiristanlığında dəfn olunub.

 

 

QEYSƏR KAŞIYEVA

(1893-1972)

 

2. Peşəkar rəssamlıq təhsili alan ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyulun 7-də Tiflisdə anadan olub. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxuyub. Qızlar Gimnaziyasında və Hərbi Gimnaziyada təhsil alıb. Sənətin sirlərinə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında yiyələnib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra 1918-ci ildə Tiflisdən Bakıya köçüb, Bakıda rəsm dərsləri verib və “Şərq Qadını” jurnalı üçün illüstrasiyalar çəkib. “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Qoqolun portreti”, “Yanğınsöndürən”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı” və başqa əsərlərin müəllifidir. Rəsm əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva 1972-ci ildə aprelin 17-də Bakı şəhərində vəfat edib.

 

 

ƏLƏKBƏR HÜSEYNOV

(1961-2007)

 

3. Azərbaycanın əməkdar artisti Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ilin bu günü Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. Bir müddət Şəki Dövlət Dram Teatrında işlədikdən sonra 1988-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışıb, 2006-cı ildə isə bu teatrın baş rejissoru vəzifəsinə təyin olunub. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub, beynəlxalq festivallarda iştirak edib. "Humay", "Qızıl Dərviş", Polşanın "Təbəssüm Ordeni" mükafatlarına layiq görülüb. Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə Bakıda vəfat edib.

 

 

 

 

 

 

RÜFƏT MEHDİYEV

(1969-2011)

 

4. Müğənni və aktyor Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda dünyaya göz açıb. Mədəniyyət Sarayının piano sinfində və Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb. 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. “Space” televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib. Rüfət Mehdiyev 2011-ci il fevralın 1-də dünyasını dəyişib və Bakıda dəfn edilib.

 

 

BAYRAM ƏLİYEV

(1950-1990)

 

5. 20 Yanvar şəhidi Bayram Mədət oğlu Əliyev 1950-ci il iyulun 7-də Qərbi Azərbaycanın Kalinin rayonunun Qızıldaş kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 2 nömrəli evtikmə kombinatında icraçı işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə döş qəfəsinin küt alətlə travması, daxili orqanların, qabırğaların sınması və zədələnməsi nəticəsində həlak olub. Bayram Əliyev yanvarın 21-də Qurd Qapısı qəbiristanlığında dəfn edilib.

 

 

ZİYAFƏT BALIYEV

(1965-1992)

 

6. Şəhid Ziyafət Qurban oğlu Balıyev 1965-ci ilin bu günü Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Burada orta təhsilini tamamladıqdan sonra 1983-1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsi ilə hərbi xidmətdə olub. Bərdə rayonunda sürücü işləyib, Bərdə rayon Daxili İşlər Şöbəsində polis baş serjantı olub. 1991-ci ildə Ağdərə döyüş bölgəsinə göndərilib və döyüşlərdə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv edib. Ziyafət Balıyev 1992-ci il sentyabrın 13-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

 

 

BƏHRUZ NURİYEV

(1971-1993)

 

7. Şəhid Bəhruz Allahverdi oğlu Nuriyev 7 iyul 1971-ci ildə Ağdam rayonunun Kəngərli kəndində doğulub. Bakı şəhərində 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, Azərbaycan Texniki Universitetinin mexanika fakültəsində təhsil alıb. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib, lakin 1990-cı il 20 Yanvar hadisələrindən sonra rus ordusunda xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Qarabağ savaşı başlayandan sonra könüllü özünümüdafiə dəstəsinə qoşulub. Döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib və şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bakının Nizami rayonunda adına küçə var.

 

 

MƏHƏRRƏM ABUŞOV

(1962-1994)

 

8. Şəhid Məhərrəm Qubad oğlu Abuşov 1962-ci il iyulun 7-də Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Bakı Neft-Kimya Sənayesi Zavodunda mühəndis vəzifəsində çalışıb. 1992-ci ildə könüllülərdən ibarət dəstəyə daxil olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və baş leytenant rütbəsinə qədər yüksəlib. Məhərrəm Abuşov 1994-cü il oktyabrın 2-də Füzuli rayonunda şəhid olub və Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

EDUARD ŞEVARDNADZE

(1928-2014)

 

9. Gürcüstanın sabiq prezidenti, SSRİ-nin sonuncu Xarici İşlər naziri, Sosialist Əməyi Qəhrəmanı Eduard Amvrosiyeviç Şevardnadzenin anım günüdür. O, 1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti şəhərində doğulub. 1946-cı ildə komsomola qəbul olunub və sürətli karyera irəliləyişindən sonra 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalışıb. 1995-2003-cü illərdə Gürcüstan Prezidenti olub. 2003-cü ildə Gürcüstanda baş vermiş olan “Qızılgül inqilabı” nəticəsində hakimiyyətdən devrilib. Eduard Şevardnadze 2014-cü ilin iyulunda Tbilisidə vəfat edib.

 

 

FEYRUZ MUSTAFAYEV

(1933-2018)

 

10. Azərbaycanın siyasi və dövlət xadimi Feyruz Rəcəb oğlu Mustafayev də bu gün xatırlanır. O, 18 oktyabr 1933-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Burada yeddi illik orta məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib. Moskva İqtisadiyyat İnstitutunda qiyabi təhsil alıb. Samux kolxozunda mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilib. 1992-ci il 4 aprel-16 may tarixlərində Azərbaycanın Baş nazirinin səlahiyyətlərini icra edib. Müxtəlif illərdə Xanlar rayon İcraiyyə Komitəsinin sədri, Aqrar Sənaye Komitəsində sədr müavini, Qaçqınlar Komitəsinin sədri, Baş nazirin birinci müavini, Taxıl Məhsulları Dövlət Şirkətinin, “Azərquşsənaye” Dövlət Şirkətinin və Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti olub. Prezident təqaüdçüsü olan Feyruz Mustafayev 2018-ci ilin iyulunda Gəncə şəhərində vəfat edib.

 

 

RƏFAEL HƏBİBOV

(1964-1992)

 

11. Azərbaycanın Milli Qəhrəmanı Rəfael Şərafət oğlu Həbibovun xatirə günüdür. O, 1964-cü il aprelin 4-də Şirvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini Baltik ətrafında keçirib və gizir rütbəsinə yüksəlib. Leninqradda hərbi məktəbi qurtarıb, leytenant rütbəsinə layiq görülüb. Azərbaycan Milli Ordusunun ilk zabitlərindən olub. 1992-ci ildə Qarabağa göndərilib və bir sıra kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün gedərkən yaralanıb və iyulun 7-də vəfat edib. Şirvan şəhər qəbiristanlığında dəfn edilən Rəfael Həbibov 16 sentyabr 1994-cü ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Oxuduğu 14 saylı orta məktəb onun adını daşıyır.

# 1588
avatar

Oxşar yazılar