71758
20:15
03 İyul 2020

“Qızılbarmaq”ın hekayəti: “Bura oğru dünyasının başlandığı yer idi...” – VII BÖLÜM

Əvvəli: https://lent.az/news/360922

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...

7-ci hissə

Məni hara aparacağını yaxşı bilirdim – Sabir bağı idi də... Parapetdən baxanda lap yaxşı görürdüm, amma mənə heç maraqlı gəlmirdi. Beş-on ağac, ala-tala kolluqlar. Bir böyrü də İçəri Şəhərin xosma daxmalarına dirənirdi. Amma Ruba mənə o bağdan elə hissiyyatla danışırdı, sanki ecazkar, nağıllar aləmindən olan əlçatmaz bir məkana gedirik. Özlüyümdə fikirləşirdim ki, görəsən o bağa görüşəcəyim maraqlı adamlar, Rubanın dostları kimdir, oralarda nə edirlər...

Yaşım az olsa da, başa düşürdüm ki, mənə dostlarından danışanda, yəqin özü kimi oğruları deyir. Qol-qola girib Nizami bağından çıxanda içimdən qəribə bir fikir keçdi. Axı, mənim aləmimdə oğurluq edən adam maraqlı ola bilməzdi, amma Rübanın özü düşdü yadıma – çox maraqlı, başdan-ayağa sirr dağarcığı, hər hərəkətinin mənası olan, hər sözündə, hər eyhamında yüz dənə müəmma yatan bir xanım idi. Birdən hiss elədim ki, ona oxşamaq istəyirəm; onun kimi danışmaq, bəzənmək, gəzib-dolanmaq istəyirəm...

Yolumuzu gedirdik – Sabir bağına nə var ki – Parapetdən əlini uzatsan, çatacaq! Amma heç başa düşmürdüm ki, Rubanın və deməli, bu gündən belə, həm də mənim dostum olacaq adamlar şər qarışan vaxtı orada nə edir...

Birdən elə bil Ruba ürəyimi oxudu:

- Malışka, hələlik, icazəlisən, bağa çatana kimi, nə istəyirsən, soruşa bilərsən. Amma orda mənə camaat yanında sual verməyəcəksən...

Bir az ürəkləndim. Orda nə edəcəyimi heç bilmirdim. İnanın ki, həm də, Rubanın yanında elə bil, sıxılırdım – zəhmi basırdı məni; soruşdum:

- Ruba, incimə, bir şey soruşum səndən. Bu gün oğurluğa gedəcəyik səninlə?..

Qətiyyətsiz səsim Rubanı ürəkdən güldürdü, ayaq saxladı, dirsəyini qolumdan çıxarıb, bir addım aralandı, yuxarıdan-aşağıya əməllicə süzdü məni. Düzü, yaman əsirdim, bəlkə də elə bildi, qorxuram. Məndə qorxan sifət vardı – o qədər zirzəmidə gecələmişdim ki... Qorxudan yox, qeyri-müəyyənlikdən əsirdim.

Ruba dilləndi:

- Malışka, səninlə bayaqkı söhbətim qalsın öz aramızda; hələlik elə hesab edək ki, o sözləri sən demədin, mən də eşitmədim. Cibgirlik nədi? Sabir bağına mənim rəfiqəm kimi gedirsən. Bir müddət gedib-gələrik, bəlkə də fikrin dəyişdi, heç oğurluq eləməyi də istəmədin. Mən günah saymaram, hər kəsin öz seçimi var. Amma ordakı qızlar, oğlanlar indidən bilsələr və sən də sonradan xoşlanmayıb fikrini dəyişsən, bədnam olmaq istəmirəm, başa düşürsən də dediyimi? Gedib gələrik, həm eynimiz açılar, həm günümüz keçər, həm də ordakı söz-söhbətə qulaq asar, hərəkətlərə, davranışa baxarsan... necə deyərlər, su girdi qaba, oldu içməli – sənin yanında hər şeyi danışacaqlar, sən də ürəyindən keçəni söyləyə bilərsən, amma qətiyyən sual vermə... Çünki onların hamısı oğru-cibgirdi, bəlkə verdiyin sualın cavabını dillərinə gətirmək istəmirlər; niyə məcbur edəsən, yalan toqquşdursunlar? Hələlik sən ora mənim kiçik bacım kimi, dincəlməyə, vaxt keçirməyə gedirsən... Qulaqların şək olsun, deyilən hər sözü eşit, yadında saxla – oğru dünyasını öyrənmək üçün, o dünyaya girmək üçün ən qısa yol budur. O ki qaldı sənətin özünə, vaxtı çatanda yanımda aparacam, baxıb öyrənəcəksən, belə olmaz. İndilik yetər ki, sən oğru olmaq istəyəsən və ömrünü yalnız bu peşəyə sərf edəsən...

Yenə qoluma girib, addımladı. Artıq Kommunist küçəsini Monolitin yanından keçirdik – qarşıda neft milyonçusu Musa Nağıyevin İsmailiyyə binası, sol əldə Sabir bağı... Küçəni keçdik, heykəlin qabağından ötüb, üzüaşağı, ağacların qalın yerinə tərəf irəlilədik. Kənardan heç nə görünmürdü, amma qalınlığa girəndə gözlərim qarşısında tamam başqa mənzərə açıldı – kolların arasındakı çəmənliklərdə yerə xalça-palaz salınmışdı, pəsdən, musiqi səsi gəlirdi – kimsə, şirin səslə, yanıqlı oxuyurdu...

Azad bur quşdum,

yuvamdan uçdum,

Bir bağa düşdüm,

bu gənc yaşımda.

Bir ovçu gördü,

köksümdən vurdu,

Torpağa düşdüm,

bu gənc yaşımda...

Mən onda bilmədim ki, bu yanıqlı mahnı, əslində mənim üçün oxunur; kimsə, tanımaza-bilməzə, həyatımı müjdələyirdi, həyat yollarında başıma gələcək ağrıları indidən eşitdirirdi.

“Bu gənc yaşımda” mən də, Sabir bağının xəlvətliklərinə qədəm basmışdım. Məni o yola təhrik edən olmamışdı; bu, öz seçimim idi...

Mahnıdan da, bağın ab-havasından da xoşum gəldi. Mən orada nə bir dənə tənəli, tikanlı baxış gördüm, nə ağır söz eşitdim. Elə bil, bir-birindən aralı əyləşmiş xırda dəstələr, bir ailə idilər. Bir də görürdün, hansı palazın üstündənsə qalxıb, başqasına elə keçirdilər, sanki öz evlərinə gəlirlər. Bir də baxırdın ki, hoyhahoy düşdü, kimsə, küçənin kənarında taksidən əlidolu özünü xəlvətliyə çatdırdı; gətirdiklərini məclislərə paylayıb, özü də birinə qoşuldu və yenə, hamı öz işində, hamı öz kefində...

Buraya, deyəsən, yad adam gəlmirdi. Bu camaatın sığındığı guşə, elə bil, küçənin səs-küyündən də uzaq idi – qaynaşan şəhərin sədası oralara yetmirdi. Bura tamam başqa dünya, tamam başqa aləm idi. Burda oğru dünyası, oğru aləmi başlanırdı...

Məclislərin birinə qoşulduq – Rubanı kimsə yanına çağırmışdı. Qızlar idi və qəribədir ki, məni o qadının yanında görsələr belə, nə adımı soruşdular, nə də bir söz dedilər. Onlar da mənim kimi, hər şeylə maraqlanan qızlar idi axı; buna təəccüblənirdim. Bir saatdan sonra, elə bildim, ömrüm Sabir bağında keçib. Rubanın sözləri qulaqlarımda səsləndi: “su girdi qaba, oldu içməli...”

Mən o dövrlər Sabir bağında gördüyüm oğruların şəxsi davranışından, söz-söhbətindən dərs alıb, getdikcə bişirdim. Söhbətləri o qədər bər-bəzəkli, dadlı-duzlu olardı ki, əhvalatdan, rəvayətdən çox əfsanəyə, nağıla bənzəyirdi. Rusiyanın uzaq-uzaq ellərindən danışar, ordakı oğruların gördüklərindən, başına gələnlərdən söz salardılar. Zığlı Cabirin adı dillərindən düşməzdi. Ruslar ona Sanka Zver deyirdilər... O vaxtlar Cabir hələ zonda idi, buraxılmamışdı, Bakıya altmışıncı illərdə qayıdacaqdı. Cabirin adı gələndə bərkgedən rus oğruları tük salırmışlar. Danışırdılar ki, bizim uşaqları hər yerdə müdafiə edir, onun qorxusundan bizimkilərə “gözün üstə qaşın var” deyən olmurdu. Vallah, elə inandırıcı danışırdılar, sanki yanında olublar. Məclislərdə bizim mollaları eşitmisiniz də, elə bil rəvayət danışmırlar, şahiddirlər.

İlk dəfə BUR, ZUR, krıtı, osobist, karser, polosatı, katorjnik, durka, moyka, şmon, pokupka, oblava, hərif, barıqa, katala, medvejatnik, fortoçnik... sözlərini onların dilindən eşidir, bu sirli kəlmələrin ecazına düşürdüm. Elə bil, həmin nağıllar dünyasına özüm səyahətə çıxmışdım. Qəribə danışırdılar. Öz dilləri vardı. Başa düşmədiyim sözləri təxəyyülümlə yetkinləşdirib, mənzərə şəklinə gətirirdim. Çalışırdım, onları yadda saxlayam; sonra Rubadan mənalarını soruşacaqdım axı...

Buralar 1922-ci ildən bəri – İçəri Şəhərin qala divarlarına söykənmiş yastı-yapalaq evlər, “Kaspi” çapxanasının binası söküləndən bağ olmuşdu. Elə ilk günlərdən də şəhərin azərbaycanlı oğruları orada məskən salmışdılar. Bakıdakı erməni, rus, cuhud oğruları Zavaqzalninin Ermənikənd deyilən məhəlləsinə yaxın başda, o vaxtkı Dzerjinski parkının yuxarı başında mətə düzəltmişdilər, buralara gəlməzdilər. Amma bir problem olanda da sakitcə gəlib, Sabir bağındakı böyüklərlə həll edər, razılığa gələrdilər.

Kim idi bu oğrular? Çoxu şura hökumətinin ilk illərində küçələrdə qalmış yetimlər, Bakı mədənlərində işləyən həmşərilərin balaları, bir də 37-ci ildə adını xalq düşməni qoyub, sürgün edilmiş köhnə bolşeviklərin kimsəsiz övladları idi. Uşaq kimsəsiz qalanda, oğurluqdan qazanmayıb, nədən qazanacaq? Müharibədən sonra, Sabir bağının ab-havası da dəyişmişdi; indi ora milis girmirdi. Elə bil, aralarında gizli razılaşma vardı, onu pozmurdular – nə oğrular pozurdu, nə milis. Maraqlıdır ki, iş vaxtı tutulanların heç biri onu tutmuş milisdən, müstəntiqdən, prokurordan, hakimdən incimirdi. İnciklikləri ancaq qeyri-insani rəftardan, qazamatlardakı rüşvətdən, zor gücünə boyunlarına tamam başqa bir cinayəti yıxmaqlarından olurdu... İndi adama oğru deyəndə birtəhər gəlir, amma əllinci illərdə oğrular artıq şəhərin ən səliqəli, ən yaxşı geyinən adamları idi, çoxunun cəmiyyət içindəki davranışı nümunəvi olurdu. Sabir bağı da elə idi. Orda olduğum müddətdə bir dəfə də dava-şava görmədim, bütün mübahisələr sakitliklə, səs-səmirsiz həll olunardı. Hamının hörmət etdiyi adamlar vardı ki, bircə kəlmə sözü qan yatırırdı, dedikləri hamının boğazından keçirdi, onların sözünü çevirən olmurdu. Ən çox nifrət elədikləri şey isə xəyanət idi – xəyanət bağışlanmır...

Sabir bağı gözümü çox açdı, mənə həyat dərsi verdi. Mən oralara gələndən sonra gördüyüm geyim-keçimin, yemək-içməyin hələ adını da eşitməmişdim...

Gedib-gəldikcə, oranın sakinlərini tanıyırdım. Günlərin birində, təsadüfən süfrəmizə bir nəcib oğlan yaxınlaşdı. Rubanı kənara çəkib, söhbət elədilər, sonra da keçib bizim süfrədə əyləşdilər. Altdan-altdan ona möhkəm baxırmışam, özüm də fikir verməmişəm. Məni bu halda görəndə qızlar bir-birini dümsükləyərək, özümü itirməyimdən xısın-xısın, eyhamla nələrsə deyirmişlər, xəbərim olmayıb. Nə biləydim ki, onların gözü mənə zillənibmiş? Onda hələ bilmirdim ki, mənim bu hərəkətim nəinki qızlarımızın, hətta Rubanın da diqqətini cəlb edib...

Oğlanın adı Emin idi. Bir-iki dəfədən sonra isnişdik, hətta bir dəfə skamyaların birində oturmuşduq, yanımızdakı qızlar bir bəhanə ilə aralandılar, ikimiz qaldıq. Yadımdadı ki, ordan-burdan xeyli söhbət də elədik...

Günlərin birində Ayna adlı qız açıb mənə dedi ki, Eminin səndən xoşu gəlir. Düzü, çaşdım; elə bildim, mənim ona necə baxdığımı, birlikdə əyləşib söhbət elədiyimizi görüb, indi də ilişir... Sən demə, elə deyilmiş, Emin ürəyini o qıza açıbmış, məndən xoşu gəldiyini söyləyib, fikrimi bilmək istəyirmiş.

Qıza dedim ki, əslində, mənim də o oğlandan xoşum gəlir, istiqanlıdır, ağıllıdır, utancaq olsa da, yaxşı söhbət eləməyi var; ürəyimə yatıb, ondan xoşum gəlir. Amma Rubanın razılığı olmasa, heç nə deyə bilmərəm. Qoy özü mənə yaxınlaşsın, Ruba da vəziyyəti görüb, mütləq maraqlanacaq. Mən özüm yüz il qala, Rubasız hərəkət edə bilmərəm...

Bunları eşidən Ayna dedi ki, mənə elə bu cavab lazımdı; qalanı mənlikdi, Ruba ilə özüm həll edərəm. Uzaqbaşı, səndən soruşacaq, fikrini deyərsən. Sonra da Ruba necə məsləhət bilsə, elə də eləyəcək.

Mən artıq, bağa Rubasız, təkbaşına da gəlirdim. İş elə gətirdi ki, həmin axşam Ruba gəlmədi, amma Emin elə gicələ-gicələ qalmışdı, bizə yaxınlaşmırdı, elə təkcənə skamyaların birində oturub, dalbadal siqaret çəkirdi. Məni də bu gözləmək darıxdırdı, o axşam evə tez qayıtdım ki, balamla oynaya biləm...

Ertəsi gün Ruba göründü. Ayna da tez yanını alıb, sözünü ona dedi. Onlar bir az aralıda söhbətləşəndə, Ruba arabir mənə nəzər atır, mən də xəcalətimdən az qala ölüb yerə girirdim... Emin isə uzaqdan güdürdü bizi. Ayna ilə beş-on kəlmə danışdılar, Ruba məni çağırdı, onlara yaxınlaşdım.

- Ay qız, səndən bir şey soruşacam, kəsə cavab ver. Ayna düz deyir? Sənin Emindən xoşun gəlir?

Bilmirdim nə cavab verəm, başımı aşağı dikib, dinmirdim.

- Malışka, səninlə deyiləm? Başqa vaxtı dil-dil ötürsən, mat-qutun niyə çəkilib, dillən də!

Udqunub, eləcə başımı tərpətdim.

- Ərə getmək istəyirsən ona?

Bir də tərpətdim.

- Ay qız, oğlun olduğunu bilir? Birdən aldadarsan ha! Demisənmi ona?

- Mən yox... Amma deyəsən, qızlardan hansısa ağzından qaçırıb.

- O nə deyib?

- Deyib ki, oğrununku evlilik deyil, yoldaşlıqdır; nə vaxtsa, başıma belə bir şey gəlsə, öz balam kimi baxaram, baş-başa verib, yaşayarıq...

Rübabə fikrə getdi, bir qədər susub, fitvasını verdi:

- Emin yaxşı oğlana oxşayır, evdar olacaq... Malışka, sakitliyinə baxma, zirək oğlandı – sizə yaxşı baxacaq. Elə mənim də ondan xoşum gəlir, nə deyirəm ki... Allah xeyrinizi versin!

Hər nə isə... Beş dəqiqədən sonra Ruba bir az aralıda Eminlə danışdı. Nə danışdıqlarını eşitmirdim, amma oğlan həya eləyib başını aşağı dikmişdi. Sir-sifəti qıp-qırmızı olmuşdu. Sonra anladım ki, Emin biçarənin də mənə meyli varmış, Rubaya dililə deyib. İntəhası, qayda-qanunu bildiyindən, ürəyini açmağa cəsarəti çatmırmış...

Rübabə də axı, bu günün işini sabaha qoyan deyildi. Axşam Kələ gələn kimi məsələni ona da açdı. Bir onu bilirdim ki, bu zəhmli kişi oğru obşakına baxırdı, həm də Sabir bağının böyüyü idi; onun rəyi olmasa, bu yerlərdə kimsə hərəkət eləməzdi. Az sonra kişi hər ikimizi çağırıb, mehriban-mehriban fikrimizi soruşdu. Utandığımdan elə bil boyum bir az da kiçildi. Az qalmışdı yerə girim. Amma Emin canını dişinə tutub, nəsə mızıldandı. Kələ gülümsündü, hər ikimizin alnından öpdü, sonra da dedi ki, allah qoysa, bu payız toyunuzu özüm eləyəcəm, amma hələlik hərdənbir kinoya getməyə icazəlisiniz. Elə bil dünyanı mənə bağışladılar...

(Ardı var)