“Kraliça”nın hekayəti: “Mənə Şuşada öldürülən erməninin ləqəbini verdi” – VI BÖLÜM
29 iyun 2020 20:15 (UTC +04:00)

“Kraliça”nın hekayəti: “Mənə Şuşada öldürülən erməninin ləqəbini verdi” – VI BÖLÜM

 

 

Əvvəli: https://lent.az/news/359344

 

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...

 

6-cı hissə

 

Mətbəxdən səsini ucaltdı:

 

- Bəlkə içinə hil də atım?.. Hillə içirsən?..

 

- Niyə içmirəm, nə versən qəbulumdu, təki, təzədəm olsun...

 

Üşüyürdüm deyəsən. Bu hökumət evləri belədir də, qış gəldi, xalqın vayıdır. Ucadan mətbəxə səsləndim:

 

- Fatma arvad, sən bilərsən, bu binaları niyə qızdırmırlar görəsən?

 

Əlində buğlanan çaylar, otağa girdi; hil qoxusu uzaqdan burun dəlirdi...

 

- Mən nə bilim... Sən bilərsən, hökumət adamısan! Deyəsən, altdakı qonşu boruları dibindən çıxarıb, özünə kombi qoyub. Ondan üstdə kim varsa, qış aylarında dişlərinin şaqqıltısı divarın o üzündən eşidilir... Mən çatdıra bilmirəm, tok peçi qoyum...Oğurluğa tövbə edəndən, əlim yaman aşağıdır...

 

- Bəs, neynirsən?

 

- Neynəyəcəm... çefirdən vururam, canım qızır... – dedi, mənə əda ilə, lotuyana göz vurdu, çayı qabağıma qoyub, əyləşdi.

 

Stəkandan bir qurtum aldım. Əla tamı vardı. Ağzım pörşələnə-pörşələnə, birtəhər udub dilləndim:

 

- Əla çaydır, Fatma!.. Hə, bayaq söhbətin yarımçıq qaldı... 

 

- Harda qalmışdım? Şoğərib, yadımda qalır ki...

 

- Rübabədən ayrılıb, evə gəlməyindən danışırdın...  Pakizə xala neynədi, səni görəndə, təəccüblənmədi ki? Əlidolu görəndə bir söz dedi? Pulu verəndə ağlına pis fikir gəlmədi ki?..

 

Bu suallarımla qadını bayaqkı fikirlərinin girdabından çıxarıb, real həyatının lap ibtidasına qaytarırdım. Yaşına baxmayaraq, hələ də, suyuşirin qalmış sifətinə geniş bir təbəssüm qondu:

 

- Ay kişi, təəccüblənmək nədir, ağzı lap açıla qaldı. Az qalırdı, sevindiyindən qol götürüb “Heyvagülü” oynaya... Mən hələ pulu verəndə demirəm ha, qapıdan içəri girəndə, əyin-başımı, əlidolu gəlməyimi görəndə deyirəm; yazıq arvad iki bulkadan, iki peraşkidən başqa nə görmüşdü ki?.. 

 

Meyvə heç, qala bilərdi, amma əti elə, bu axşam bişirmək lazım idi. Sənin yadında olmaz. O zamanlar camaatın evində soyuducu nə gəzirdi? Gərək handa bir imkanlı adam, barıqa olaydın ki, evinə soyuducu ala biləydin...

 

Niyə yadımda deyil, lap yaxşı yadımdadı. Bizim evdəki ilk soyuducunu atamın dostu İslam Səfərli mənim bir yaşım münasibətilə almışdı – “Dnepr” idi adı... İndiyə kimi dostum bağında işlədir...

 

- Yaxşı, bəs onda camaat evinin ərzağını necə saxlayırdı?

 

- Quyuda... İplə sallayırdılar içinə, bir xeyli qalırdı.

 

- Hamının quyusu vardı bəyəm?

 

- Hə, vardı... Bakı su sarıdan daim korluq çəkib. Aşağı məhəllələrdə - erməni, cuhud, rus yaşayan yerlərdə inqilabdan qabaq da su xətti vardı, hökumətin tapşırığı ilə milyonerlər çəkmişdi. Bir də, iri küçələrdə su nasosxanası olardı, camaat gedib ordan gətirirdi. Köhnə həyətlərdə də, quyular vardı. Düzdür, çoxunun suyu çəkilmişdi, amma soyuğu yerində idi... İndiki kimi deyildi ki... Bazarlığa gedəndə hər şeydən bir tikə alardılar ki, zay olmasın. Dükanda yağ-pendiri qramla çəkdirirdik, səhərə qalmırdı... 

 

Nə isə... Pakizə xala yaman sevinmişdi. Amma o üç girvənkə ətin hamısını bişirtdirənə kimi əl çəkmədim... Bilirsən niyə? Bayaq Ruba ilə kabab vuranda, zorla boğazımdan keçirdi; hər udumunda evimizdəkilər, körpəm düşürdü yadıma... Fikirləşdim ki, oğlum balacadı, barı qocalar bir gün gözüdolusu ət yesin! Arvad isə elə hey “krısa”lıq eləmək, ertəsi günə bir az ət saxlamaq istəyirdi... Əl çəkmədim, kərə yağında bolluca kotlet bişirtdirdim, ailəlikcə nuş elədik. Axşam da kişi işdən gəldi, yeməyini ləzzətlə yeyib, yatmağa getdi. Arvada tapşırdım ki, həftədə azı iki dəfə bazardan ət alsın... Bilirdim ki, məndə ailəmə korluq verəcək ürək yoxdur. Özü də varlığa nə darlıq! Rübabə xanım deyən kimi olsa, bunları heç vaxt ac qoymaram...

 

Səhəri gün axşam beşə kimi evdə qaldım, vaxt çatanda, geyinib, yola düzəldim. İçim maraqla dolu idi, fikirləşirdim ki, görəsən, Ruba məni hara aparacaq, nə iş görəcəyik. Amma qəribədir, ağlıma bəd bir fikir gəlmirdi. Təzə rəfiqəm o qədər şirin, xoşrəftar idi ki, elə bilirdim anamdır. Gördüyüm dəqiqədən, elə bil, ürəyimə girmişdi. Mən ana görməmişdim, nə biləydim necə olur?.. Əslində, başqa birisi olsaydı, heç vaxt Sonya xalanın yanından əl çəkməzdim...

 

“Kommunist” küçəsilə asta-asta enirdim. Vaxta hələ vardı. “Bazarnı”nın tinində Sonya xala düşdü yadıma; ürəyim dözmədi, Nizami bağının altından, Parapetə sarı buruldum. Elə bir az getmişdim ki, uzaqdan arabası göründü. Özü gözə dəymirdi, amma arabanın yanında ağ xələtli, elə mənim kimi, balaca-malaca qız vardı. Bir az pisimə gəldi – deyəsən, yerimə adam götürmüşdü artıq. Ayaq saxlayıb, on dəqiqə tamaşasına durdum. Qız hələ xam idi – hərəkətlərindən bilinirdi. Daha yaxınlaşmadım; yaxınlaşıb nə deyəsiydim ki?.. 

 

Gəzə-gəzə muzeyə tərəf aramla gedirdim ki, taksidən Ruba düşdü, addımlarımı sürətləndirdim. Mən çataçatda, elə bil, hiss elədi, üzünü Qoşa Qala qapılarından mənə tərəf çevirib, yerişimi zəndlə süzdü. Heç bilmədim, özümü necə çatdırdım:

 

- Ruba, salam. Necəsən?

 

- Salam. Gəldin?.. De görüm, sən necəsən, malışka? Təzə xəbərlər səndə olar, danış görək...

 

- Nə danışacam, hər şey əladır, uşaq da yaxşıdır, evdəkilər də. Hə... sənin pulundan evimizə bazarlıq elədim axı... O qədər sevindilər...

 

- Halal xoşları, nuş-canları olsun. Mənə yaxşı qulaq as – sən verməsən, Allah da, sənə verməz. O pulu sənə mən vernəmişəm, öz ruzindir... Sənin pulun çox olacaq, malışka, amma hər nə tapsan, unutma ki, onların da payı sənin vasitənlə verilir. Var yerdən verməyə, heç vaxt qızırqalanma; hər verdiyin beşqat qayıdacaq, görərsən... Sevindim! De görüm, artıq bir söz danışmamısan ki?

 

- Heç nə danışmadım, Ruba, bir kəlmə də...

 

- Evə gec gəlməyinə arvad bir söz deməyəcək ki?

 

- Yox, heç nə deyən deyil... Ruba, söz vermişdin ki, məni harasa aparacaqsan, hara gedirik?

 

- Səbrin olsun bir az, gedirik. Hava qaralanda, oranın ləzzəti bir başqa olur. Neçə illərdi ki, gedirəm. Hərdən, görürsən, işim-zadım olur, gedə bilmirəm. Səhər yuxudan duranda da, elə bilirəm, nəyimsə çatmır... Səni bu gün Sabir bağına aparacam; dostlar hər axşam ora yığışır. Həm lazımlı adamları tanıyarsan, həm də, dincələrik...

 

- Bəs, soruşsalar ki, Rubanın nəyisən, nə cavab verim?

 

Ruba yüngülcə qımışdı:

 

- Heç kəs səndən heç nə soruşmayacaq – orda, hamı-hamını tanıyır, bic quşu dimdiyindən cələyə salanlardı, narahat olma...

 

O zamanlar bağı otuz il olar, salmışdılar; şairimizin şərəfinə. Heykəli də vardı – ayaq üstə... Bağın İsmailiyyəyə söykənən sağında ağaclar, kol-kos əkilmişdi, ortada Sabirin heykəli vardı; heykəldən sol tərəf də yaşıllıq idi. Az aşağı, düz Qoşa qala qapısına kimi İçəri Şəhərin yastı-yapalaq evləri, dar-dolanbac dalanları yerləşirdi. Onda heç “Bazarnı” da səliqəli deyildi. O vaxtlar nə nazirliyin, nə də univermağın binasını, küçənin solundakı yazıçılar, bəstəkarlar evini hələ tikməmişdilər..

 

Gəzə-gəzə Nizami bağına qalxdıq. Ruba iki dənə dondurma alıb, skamyada oturdu, mən də, özümə yer elədim. Plombiri aramla yeyə-yeyə, fikrə getmişdi; elə bil, mənə nəsə ciddi sözü vardı, hardan başlayacağını bilmirdi...

 

Elə mənim də içim sözlə, sualla doluydu, işimin adını bilmirdim axı. Mən heç Rubanın da, sənətini bilmirdim. Elə hey soruşmaq istəmişdim, sual dilimin ucunda qıfıllanmışdı, özümü məcbur edib, udmuşdum. Üstümə bir dəfə çəmkirəndən sonra tövbəli idim, ölsəm də, soruşası deyildim...

 

Beş-on dəqiqə, beləcə, qaradinməz oturduq, sonra birdən nə düşündüsə, dilləndi:

 

- Malışka, bu dünyada hələ güzəranını bir yolla çıxarır. Yəqin mənim həyatıma baxanda həsəd aparırsan, istəyirsən, mənim kimi yaşayasan, mənim kimi, dolanasan... Heç bilmirsən, bu dolanışıq hardan çıxır, amma yaxşı yaşamaq istəyirsən. Bu həyatda heç nə asanlıqla qazanılmır, pulun o biri başı, mütləq dərddir – qazanırsansa, dərdini də çəkməyə hazır olmalısan... Sənə bir sözü, indidən deməliyəm... sən bilməlisən hər şeyi... Bilməlisən və qərarını özün verməlisən. Ruba hələ heç kəsi bu yola tovlayıb aparmayıb... Mən cibgirəm, qız, oğurluq edirəm, sənətim budur. Zəmanəmizin adamları iki yerə bölünür: oğrular və həriflər, frayerlər. Həriflərin içində də, çoxu oğurluq edir. Bu şura hökuməti elə qurulub ki, hamı oğurluq edir – biri işlədiyi zavod-fabrikdən oğurlayır; biri barıqalıq edib, camaatın son tikəsini ağzından çıxarır; başqası sistemə keçir, xalqa zülm eləyir, vəzifə alır, rüşvət yeyir. İndiki zamanın pullularının hamısı haramxordur; bizim kimi oğrular, cibgirlər, hələ toya getməlidirlər. Biz oğurluq edib, cəzasını çəkirik; oğrunun bütün ömrü türmələrdə keçir; kiminsə cibindən min manat çıxaranda tutulsaq, on il türmə çəkirik, xalvar-xalvar oğurlayan hökumət adamları isə, azad gəzir, hələ bir, bizə də ikrahla baxırlar...

 

Ruba səsini kəsdi, amma gözləri məndə idi; reaksiyamı gözləyirdi.

 

- Mən... mən oğurluq bilmirəm axı...

 

- Mən də bilmirdim – öyrəndim. İstəsən, öyrənəcəksən. Amma son qərarını Sabir bağına getməmiş verməlisən. Ora axşamlar oğru məclisi olur, şəhərin handa oğruları dincəlməyə, hal-əhval tutmağa, dost-yoldaş görməyə ora gəlir. Onların birini ələ keçirmək üçün NKVD sinov gedir... Bilirsən, niyə ələ keçirmək istəyirlər? Rüşvətini alıb, buraxmaq üçün, onunla şərik oğurlamaq üçün... 

 

Çaşıb qalmışdım, bilməyirdim nə deyəm. Cəmi bir dəfə oğurluğum olmuşdu, onda da altı yaşım vardı... Kömür meydanında kilo-kilo ət satırdım. Müştərilərdən birinin gözünə xoş dəydim, nəydisə, pulundan bir manat qaldı mənə... Evdəkilərdən gizlətdim, heç kimə demədim, amma ürəyim ağzımdan çıxır, nəfəs ala bilmirdim, elə bilirdim, bir manat cibimdən tullanıb, çıxacaq, “məni oğurlayıb” deyəcək... Ertəsi gün, ətləri satandan sonra çörək dükanından bir dənə bulka alıb, yedim... Bulkanı alanda da, elə bilirdim, ətrafda hamı mənə baxır, oğurluğumu görür. Amma kimsə xəbər tutmadı...

 

Ruba sözünə davam edirdi:

 

- Malışka, bir, əlini ver mənə, baxım...

 

Əlimi uzatdım, ovcunun içinə alıb, övkələdi, sıxışdırdı, sığalladı.

 

- Sən cibgir olacaqsan... Sümüklərin, elə bil, toyuq sümüyüdür, əlini hansı səmtə sıxsan, gedir. Bu əllər, vallah, cibə girmək üçün yaranıb... Mən bir nəfərdə görmüşəm belə əlləri – erməni balası Rantikdə... Qızılbarmaq deyirdilər ona... Şuşada, Cıdır düzündən tulladılar onu, ölüb getdi.

 

Təəccüblə əlimə baxdım – xırda əllərim vardı, sümüyü hiss olunmurdu. Yadıma düşdü ki, balaca olanda, qonşunun uşaqları ilə dava-dava oynayırdıq, əsir düşənin əllərini arxadan bağlayırdılar ki, qaça bilməsin. Məni əsir götürənin vayı idi – necə möhkəm bağlasalar da, üç dəqiqə keçməmiş, əllərimi kəndirdən çıxarır, qaçıb özümüzünkülər tərəfə keçirdim...

 

- Nə deyirsən, ağlına batdı? Sənəti bilməməyindən narahat olma, özüm öyrədəcəm, cikini də biləcəksən, bikini də. 

 

- Ruba, sən necə məsləhət bilirsənsə, elə olsun. Amma öyrət, sonra başlayım işləməyə...

 

Sözlərim, elə bil çiyinlərindən yük götürdü, işgüzar görkəmlə başımı sığallayıb, dilləndi:

 

- Birinci olacaqsan, vışşi marka! Hamı səni adınla tanıyacaq... Amma bir ad seçməlisən, öz adından istifadə eləmək olmaz.

 

- O Rantiki öldürəndən sonra daha Qızılbarmaq qalmadı?.. Bəlkə Qızılbarmaq yaxşıdır?..

 

- Xoşuna gəlir? - Dinməzcə başımı tərpətdim. – Olsun! Adını mən qoydum, bəxtini Allah versin!.. Beləcə, mənə Şuşada öldürülən erməninin ləqəbini verdi.

 

Bir an duruxub, dilləndi:

 

- Belə qərarlar bir dəfə verilir ha, atdım-aldatdım deyil! Sözün nədir?

 

- Nə desən, onu da edəcəm, Ruba!

 

- Onda, aramıza xoş gəldin, Qızılbarmaq Fatma! Amma sənəti öyrənənə kimi adını Sabirdə heç kəsə demə. Mən də hələlik səni Fatma çağıracam...

 

(Ardı var)   

 

# 29101
avatar

İlqar Əlfi

Oxşar yazılar