“Xəlvətə salıb, pula baxdım, az qaldı ürəyim gedə...” - “Qızılbarmaq Fatma”nın hekayəti – V BÖLÜM
19 iyun 2020 20:15 (UTC +04:00)

“Xəlvətə salıb, pula baxdım, az qaldı ürəyim gedə...” - “Qızılbarmaq Fatma”nın hekayəti – V BÖLÜM

Əvvəli: https://lent.az/news/358054

 

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...

 

5-ci hissə

 

Yolboyu sağa-sola baxmaqdan başım az qalırdı bədənimdən qopsun. Bakı nə boydaymış, ay allah! Mən şəhərin bu tərəflərini heç görməmişdim. Görmək nədi, Bayıl boyda bir yerin olduğundan heç xəbərim yox idi. Bircə onu eşitmişdim ki, Bayılda türmə var, məhəlləmizdən nə qədər adam yatırdı burda. Maraqlı burasıdır ki, bu qəsəbə, əslində, o qədər uzaq da deyildi...

 

Rubanın “Basanojka” dediyi yerin əslində nə olduğunu bilmirdim. Təxmin edirdim ki, balıq yeməyə gediriksə, yəqin yeməkxana olar, amma belə qəribə ad daşımasının səbəbi mənim üçün aydın deyildi. Sonradan oturub-durduğum qızlar mənə danışdı ki, quruluşundan qadınların yay basanojkasına oxşadığı üçün o yeməkxananın adını elə qoymuşdular...

 

Taksi getdikcə, Rübabə sağ-solundakı görməli yerlərlə, möhtəşəm, qədim binalarla məni tanış edir, sahiblərinin adını çəkirdi. Mən eşitmişdim ki, qədim zamanlarda Bakıda pullular, milyonçular olub, amma heç bilmirdim ki, həmin bu binaların sahibləri varmış, Şura hökuməti sonradan hamısını alıb.

 

Amma rəfiqəm nə iş görəcəyimdən heç danışmırdı. Ha, gözləyirdim ki, nəsə deyəcək, bir söz demədi. Beynimdə yüz cür fərziyyə qururdum, amma çifayda – adam işinin adını bilmədən, plan qura bilər? 

 

Taksi yoxuş qalxırdı. Ruba dedi ki, bax, burdan Bayıl başlayır. Yüksəyə çıxdıqca, dəniz daha yaxşı görünürdü. Amma qış idi hələ, göyün bozluğu sulara hopmuşdu, Xəzər mehriban görünmürdü...

 

Az sonra sürücü maşınını saxladı, şüşəbəndli bir yerdə düşdük. Havadan balıq kababının qoxusu elə gəlirdi, indicə yemiş adamı belə acdırardı. İçəridə cəmi beş-altı adam vardı, hamısı da kabab yeyirdi. Ayaqüstə hərlənən oğlan qabağımıza yüyürdü, şirin-şirin salamlaşıb, düz pəncərənin qarşısındakı masaya apardı bizi, üstündəki, rusca “zanyato”, yəni, masanın boş olmadığını bildirən lövhəni götürdü, stulları çəkib, əvvəlcə Rubanı, sonra məni əyləşdirdi. 

 

- Xanımlar nə buyurur?

 

- Sən hələ, say görüm nəyiniz var...

 

Oğlan birnəfəsə dedi:

 

- Pervi – uxa; kabablar - sevryuqa, osetrina, beluqa; qızartma – kütüm, xəşəm; soyutma – sazan, çapaq, şamayka...

 

Ruba üzünü mənə tutdu:

 

- Malışka, əvvəlcə, uxa içək, bəlkə - mədənin yolu açılsın? 

 

Bu uxanın nə olduğunu bilməsəm də, etinasız çiynimi çəkdim, mənim üçün nə fərqi, onsuz da, hamısı təzə idi, heç vaxt yeməmişdim...

- Onda, belə elə... Hərəmizə yarım kasa uxa ver – suyundan... sonra da osetrin kababı, dörd şiş, yağlı yerindən olsun... iki şüşə düşes, bir dənə badamlı, göyərti, xiyar-pomidor... axırda da, plombir. Bir az cəld ol...

 

Oğlan sifarişin dalınca getdi. O vaxt belə yeməkxanalardakı xörəkpaylayanlara “ofisiant” deyirdilər – mən bu sözü ilk dəfə eşidirdim. Sonradan öyrəndim ki, yekə restoranlarda işləyən xörəkpaylayanların da qəribə adı var –  “qarson”. Maraqlısı budur ki, allah eləməmiş, qarsona ofisiant desəydin, zabitə əsgər demək kimi bir şey idi, möhkəm inciyərdi. İndi daha, “qarson” sözünü bilən yoxdur, elə hamı ofisiantdır... 

 

Ətrafa göz gəzdirdim. Qonşu masada əyləşənlər öz işlərində idilər. Fikirləşirdim ki, görəsən, Ruba ilə getməkdə səhv etməmişdim ki? Heç nə bilmirdim. Nə iş görəcəyimi, necə dolanacağımı, evə neçədə qayıdacağımı – hec nə. Özümə qalsa, işdən qorxan deyildim, götürümlü, zirək idim, hər şeyin öhdəsindən gələcəkdim. Deyirəm, adam cavanlıqda güclü olur, ən ağır yük belə, ona vız gəlir. Beynimdən bütün mümkün variantlar keçirdi, öhdəsindən gələ bilməyəcəyim, yarıtmayacağım iş yox idi. O vaxtlar mənim üçün əsası, balamı dolandırmaq, qarnımı doyurmaq, həm də ağır zamanımda sığınacaqlarına pənah gətirdiyim mehriban insanlara yardım edə bilmək idi. Düşünürdüm ki, indilik bir işin qulpundan yapışaram. Heç olmasa, həyatın dibindən qalxardım...

 

Nədənsə, Sonya xalanın dadlı bulkaları, peraşkiləri düşdü yadıma... O qadından çox şey öyrənmişdim. Təzə-təzə, bir dəfə özündən soruşdum ki, bulkalarımız niyə isti qalır. Deyim, siz də biləsiniz, indi elə arabalar görməzsən... Sonya xala dedi ki, arabası fanerdəndir, istini cölə buraxmır; içinə gümüş kağız çəkilib. Malı gündə üç dəfə isti-isti gətirəndə, həmişə təzə olurdu. Hər mal gələndə, köhnə ilə təzəni qatırdıq ki, soyumasın. Mənə də öyrətmişdi. Arabanın üstündəkilər elə qabın içində qalırdı, onlara axşama kimi, dəymirdik. Amma içəri yığmağın öz qaydası vardı, sıra ilə düzürdük – iki dənə qaynar, bir dənə soyuq. Beş dəqiqə keçməmiş, soyuq isinir, qaynaq da soyuyub, yeməli olurdu... 

 

Ruba ilə gedəndə yazıq arvadın elə bil gəmisi dəryada batmışdı, yaman pis olmuşdu, maddım-maddım baxırdı. O vaxt elə bilirdim, öz işindən nigarandır, vecimə gəlmirdi. Amma sonralar başa düşdüm ki, o nigarançılığı, yazıq arvad mənim üçün, oğlum üçün çəkirmiş – taleyimizdən nigaran idi...

 

Üzü şəhərə sarı gedirdik. Ruba şoferə tapşırmışdı ki, məni Sovetskidə düşürsün; özünün işi vardı, harasa gedəcəkdi. Yanımda əyləşmişdi, nəsə fikirləşirdi. Rəfiqəm qəribə bir ətir vurmuşdu, iyindən məst olurdun. “Krasnı Moskva” deyildi, onun qoxusunu bilirdim, Sonya xala həmişə ondan vururdu. Bu ətrin iyi dəhşət idi... Canımı dişimə tutub, dilləndim – evdə təzə işim barədə sorğu-sual gözləyirdi məni, nəsə deməliydim onlara:

 

- Ruba, sən axı demədin, işim nədən ibarət olacaq... Elə bilmə, qulağımda söz qalmır, tapşırığını unutmuşan, amma evdə soruşacaqlar...

 

Ruba fikirdən ayrıldı:

 

- Başa düşdüm... Geniş danışma. Eləcə, deyərsən ki, bir xanım var, ona köməkçi olacam. Maaşı soruşsalar, iki min manat deyərsən, amma iş vaxtının norması yoxdur ha, biləsən. Çox vaxt axşamdan xeyli keçmiş qurtaracaqsan. Hərdən də, mənə lazım olanda, evinizə gecələr də qayıtmayacaqsan... Bir az keçsin, işə başlayandan sonra bir istirahət günü də müəyyən edərik, boş olarsan... Bir də ki, mənim adımı heç kəsin yanında çəkmirsən – yadında qalsın...

 

Razılıq əlaməti olaraq, başımı tərpətdim. Əslində, o qədər pul artıqlaması ilə bəs idi – o vaxtlar handa bir adam o qədər məvacib almırdı. Nə iş görəcəyimi yenə öyrənə bilməsəm də, qismətimlə barışdım.

 

Sovetskiyə qalxanda, Ruba redikülünü çıqqıltı ilə açıb, içindən bir qəzet bağlaması çıxardı, mənə uzatdı:

 

- Bir az puldu, özünə korluq vermə. Evdə gizlədərsən, lazım gəldikcə, xərcləyərsən... İki min manatını özünə maaş kimi ayır. Amma birdən vermə, yarı-yarı çıxar ortaya. Qalanını, özün bilərsən, sənin pulundu...

 

Bağlamanı təzə redikülümə zorla yerləşdirdim. Ürəyim dağa dönmüşdü – allah bilə, içində nə qədər pul vardı...

 

- Bir şey də soruşum... Demədin axı, sabah hara getməliyəm?

 

Ruba gülümsündü:

 

- Demədim? Sən Hacı Hacağa Dadaşovun “Metropol” mehmanxanasının keçmiş binasını tanıyırsan? Nizami muzeyini deyirəm. Parapetdən bir az o yana, heykəlli bina... Axşam saat 6-da heykəllərin altında gözləyəcəm səni. Evdə deyərsən ki, bu gün axşam növbəsinə çıxırsan, gec qayıdacaqsan. Səni maraqlı bir yerə aparacam... Oldumu? 

 

Kamenisti küçəsində düşdüm - burdan evimizə on dəqiqəlik yoldu. Ayaqüstü bazara girib, yüngül-yaraq bazarlıq elədim, mer-meyvə, kartof-soğan, düyü; Səlimə xalagilin dükanlarından ət aldım. Amma xəlvətə salıb, qəzeti aralayanda, Rubanın verdiyi pulun qədərini görəndə, az qaldı ürəyim gedə; mən hələ o qədər pul görməmişdim. Heç bilmədim, dəstədən üç-dörd dənə əskinası necə çəkdim; elə bilirdim, hamı mənə baxır... 

 

Qüdrət kişi də artıq yığışırdı – bazarın seyrələn vaxtı idi. Ondan üç girvənkə yaxşı qoyun əti istəyəndə, təəccübləndi, bahalı əyin-başımı yüngülcə süzüb, bığaltı qımışdı:

 

- Ay qızım, səni tanımadım vallah! Maşallah, xanıma oxşayırsan... Nədir, birdən xəzinə-zad taparsan, xəbərimiz olmaz!

 

- Qüdrət dayı, işə düzəlmişəm; maaşım yaxşıdır...

 

- Allah bol eləsin, ay bala; o körpə balanın ruzusu bol olsun!

 

- Səlimə xalanı görmədim, yaxşıdır?

 

- Yaxşıdı, qızım; iş dalınca gedib, bir azdan gələr...

 

- Məndən çoxlu salam deyərsən, gələn dəfə gələndə, görüşərəm, inşallah...

 

Həyətimizə girdim, qapımızı itələyib açdım. O vaxtlar, şəhərin aşağılarını bilmirəm, yuxarı məhəllələrdə evlərin qapısı bağlanmazdı; harasa gedəndə, ikilay qapının halqalarına sümükdən düzəlmiş bir çubuğu çöldən taxardılar, vəssalam. Evlərdə nə vardı ki, oğru gələ. Amma deməzdim ki, oğru az idi. Müharibədən sonra ata-anasını itirib yetim qalmış uşaq çox idi. Heç oğurluq da günah sayılmırdı. Ən əlçatan iş isə qırçılıq idi – yuxarı məhəllələrdə bütün evlərin damı yastı idi, su keçirməməsi üçün üstünə qır basırdılar. Qır işi tapa bilməyənlər çox vaxt güzəranını ya mədəndə, ya zavodda fəhləlik etməkdən çıxarırdı. Qır işi çox çətin idi. Mən hələ əziyyətini demirəm; işin özünü tapmaq asan deyildi. Çünki qırçılığı, əsasən, dağlılar edirdi; elə əvvəldən belə olmuşdu. Çalışardılar ki, özününkülərlə işləsinlər. Dağlılar əsrin əvvəllərindən, şəhər ətrafında mədənlər çoxalandan başlamış, ta altmışıncı ilədək, Xızıdan köçüb gəlirdilər. Heç iş tapmayanlar da oğurluq edirdi...

 

Əslində, Bakıda qədim zamanlarda nə oğurluq olub, nə oğru. Hər şey şəhər böyüyəndə başladı. Dünya tökülüb gəldi bura. Bir sot torpağında neft quyusu qazdırıb, milyonçu olanlardan tutmuş, böyük tacirlərə kimi, adbaad tanınmağa başladı. Şura hökumətinin ilk illərində küçələrdə nə qədər yetim vardı... Gecələr tiyan altda, zirzəmilərdə yatır, gündüzlər bazarlara cumub, oğurluq edirdilər. Tiyanın istisi xüsusilə, qış aylarında lazım olurdu. Hava isti olanda isə yetim-yesir zirzəmilərdə, vağzallarda, bağlarda gecələyirdi. Bəlkə də inanmayacaqsınız, amma sonralar danışırdılar ki, gündüzü sənaye texnikumunda, institutda oxuyub, axşamlar cibgirlik edən, çamadan qaçıran oğlanlar vardı ki, özünü düzəldəndən sonra lap professor, rəis, nazir, xalq artisti, yazı-pozu adamı olub. Elə adamları mən adbaad tanıyıram, amma Bakıda lap bineyi-qədimdən oğru adı çəkmək, kiminsə oğurluq etdiyini söyləmək ayıb olub.

 

O ki qaldı hökumətə, bircə nəfəri belə qoymazdı avaraçılıq eləsin. Küçələrdəki yetim-yesiri yerbəyer eləyəndən sonra, təxminən, əllinci illərin əvvəlindən başlamış, qapı-qapı gəzib, işləməyənləri aşkar edir, işə düzəldirdilər – sahə müvəkkilinin birinci vəzifəsi elə bu idi. İşləmək! İstəməyənlərin də adını “tüfeyli, avara” qoyur, günlərini göy əskiyə düyürdülər – ya iş, ya türmə - vəssalam!

 

***

 

Fatma söhbətin məcrasından çıxırdı... Düzü, fikrini də dağıtmaq istəmirdim – qoy danışsın, ürəyini boşaltsın; adam bir ömürdür içini bölüşməyə insan tapmır... Bilirsiniz, heç asan deyil. Oğruların elə söhbətləri var ki, onu nə həmkarlarına, nə də adi adamlara – həriflərə danışa bilməz; onların mənim kimi qulaq asa bilənə, anlamağa çalışana ehtiyacı olur. Amma indi həbsxanadan danışsa, maraqlı həyatının bütöv bir parçası əldən çıxacaqdı. Belə söhbətlərdə gərək xronoloji ardıcıllığı izləyəsən, materialı yığandan sonra hansı səmtə istədin, hərləyə bilirsən; bəyəm öz əlimdə deyil? Onu söhbətə qaytarmaq, yetim uşaqlar dolu Bakı küçələrinin mənzərəsindən qoparmaq lazım idi:

 

- Çayım buza döndü... Bir dənə məxmərisini dəmləsən, yaman olar...

 

Qadının fikri dağıldı, üzünü ovxalayıb, özünə gəldi:

 

- Çay istədin?.. Nə yaman çayxorsan?.. – zarafata keçdi – Birdən çefir-zad da vurarsan ha...

 

- Çefiri içmək olar?.. Tök çaydana, qaynat ki, qaynadasan... Acı-zəqqutun... Adamın ağzını bürüşdürür. Bir dəfə Türkiyədə çefirfason çay içmişəm. Kafelərdə elektrik samovarları var, səhər doldurub çayını bol-bol atırlar, düz axşama kimi dəmdə qalır... İçirsən, elə bil zəhərdi... Mən təzədəm içirəm – gülü üzündə...

 

- Yəqin, ona görə qəhvə içirlər də... Sizlər çefir bilməzsiniz - adamın bütün ağrı-acısını çıxarır. Türmədə bir ovuc çay qurusuna görə adam öldürürlər.

 

Masanın üstündəki qoşa stəkanı, mürəbbəqabını gümüşü siniyə qoyub, mətbəxə geçdi, mənim fikrim isə bayaqkı söhbətinin yanında qalmışdı. Düz deyirdi, mən də eşitmişdim. Hələ uşaq olanda tiyan altında yatan yetimləri o qədər görmüşdüm ki... Amma inqilabdan sonra lap çox olub. Sovet hökuməti Yetimlər evini də elə ona görə açmışdı. Yadıma Yusif Əzimzadənin “Anacan” pyesi düşdü. Bilmirəm, ya ikinci, ya üçüncü sinifdə oxumuşdum... Təsirli əsər idi; kimsəsiz uşaqlardan danışırdı...

 

 

(Ardı var)

 

 

# 46903
avatar

Oxşar yazılar