Pilləkəni uçan binada təmir başladı  - YENİLƏNİB
10 iyun 2020 11:26 (UTC +04:00)

Pilləkəni uçan binada təmir başladı - YENİLƏNİB

Sumqayıt şəhər İcra Hakimiyyəti yarımçıq tikilidə baş vermiş hadisə barədə məlumat yayıb.

Qurumun İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev APA-ya bildirib ki, həmin binada təmir işlərinə başlanılıb: "Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb. 5 nəfər ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir. Bildiyiniz kimi Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər". 

***

02:59

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

APA xəbər verir ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.

***

Saat 01:02

Sumqayıt şəhərində Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yaşayış binasında beton plitə uçub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda, Çerkassı küçəsində baş berib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 1970-cü il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəstəxanaya aparılıb. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır.

Hadisənin səbəbləri araşdırılır.

# 5905
avatar

Oxşar yazılar