Əvvəli: https://lent.az/news/352774
Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...
İkinci bölüm
Ramiz məni qaçırandan sonra məktəbin daşını atası oldum. İlk günlər ağlayıb özümü öldürürdüm, müəllimlərim, sinif yoldaşlarım yadıma düşür, təmiz paltarlar geyib məktəbə getmək üçün burnumun ucu göynəyirdi. Ramiz iki ayağını bir başmağa dirədi ki, bu evdən sağ çıxa bilməzsən.
Qaranlıq gecələrdə həyətimizdən bir hənirti gələndə qulağı yaman şəklənir, özünə yer tapa bilmirdi. İndi hərdən fikirləşirəm ki, bəlkə qardaşım Babadan qorxurdu, amma sonra da ağlıma gəlir ki, onun yaşı hara, qardaşımınkı hara.
Günü-günə calayıb, birtəhər yaşayırdıq. Ramiz evdə olanda mənə korluq vermirdi, yeməyin ən ləzzətlisini alır, ağız şirinliyilə yeyirdik. Hər şey yaxşı idi, bircə məsələdən başqa. Ramiz tez-tez itirdi. Hara getdiyini də bilməzdik. Nə bilim, bəlkə də Hökümə xala bilirdi, amma mənim cəsarətim nə idi, ondan soruşam. Bir dəfə Ramiz evə gələndə, az qaldı, ordan-burdan soruşub iş-gücü ilə maraqlanam. Bəxtimdən, o qədər qaş-qabaqlı idi ki, ürək eləmədim özündən soruşum. Az sonra başa düşdüm ki, yaxşı eləmişəm.
Bir dəfə Hökümə xala ilə söhbətlərini qulaqucu eşitdim. Deyəsən, arvad oğlunun işləri ilə maraqlanmaq istəyirdi. Kefi kök olan Ramizin elə bil beyni çöndü, yaxşı ki, Hökümə xala oğlunun havasını göydə tutdu, yasalayıb-pasalayıb söhbətin üstündən ötdü. Mən də öz payımı götürdüm – Ramizə sual vermək olmazmış...
Nə edim, barışıb yaşamaqdan başqa çarəm yox idi. Beləcə, bir müddət ötdü. Və günlərin birində ərim gecə evdən çıxdı, qayıtmadı. Mən yaman narahat idim. Hökümə xala isə o qədər belə şeylər görmüşdü ki, heç təəccüblənmədi. Günlər ötür, nigaranlığım artırdı. Hardasa, beş-altı gündən sonra arvadın canına isti keçdi. Məni evdə qoyub, bir-iki gün ora-bura getdi. Əli hər tərəfdən üzüləndən sonra sakitləşib oturdu...
Ramizdən xəbər çıxmadı, heç öldü-qaldısını da bilmirdik. Əgər qaynanam tək övladının dərdini çəkirdisə, mən həm ər itirmişdim, həm də qarnımdakı körpənin qeydinə qalmalıydım. Gecə-gündüz fikir məni öldürürdü – Ramiz gəlmək bilmir, mənimsə vaxtıma az qalırdı.
Güzəranımız yaman pisləşmişdi, əvvəlki cah-cəlal da yox idi. Hökümə arvad isə günbəgün əfi ilana dönürdü. Qazanda çörəyin tikələrin sayır, ağzımı güdürdü. İndiki ağlım olsa, lap dəli olardım. Fikirləşərdim ki, bu arvadla bir evdə necə yaşayacam, körpəmi necə böyüdəcəm. Axırda məcbur qalıb qaynanama dedim ki, həkimə getməliyəm. Bu “bəd” xəbəri eşidəndə, başına ikiəlli qapaz saldı. Mən də incidim. İndi fikirləşirəm ki, elə qapaz salmalı vəziyyət imiş – nigaranlıq bir yana, heç özümüzə düz-əməlli yavanlıq da tapa bilmirdik, uşağa necə baxacaqdıq?..
Arvadın qırımından gördüm ki, danışmaq yeri deyil. Qınıma çəkilib oturdum, neçə gün kəlmə də kəsmədik...
Gecələr əmimgildə keçirdiyim genlər yadıma düşürdü, darıxırdım. Qapı-qapı gəzib ət satmaq indi mənə maraqlı gəlirdi. Hər gün nə qədər adam görür, insanları tanıyırdım. Ət satdığım hər kəs malın pulu ilə bir yerdə mənə konfet, şirinquş da verirdi. Şirinquş əlli qəpik idi, özü də dadından doymaq olmurdu. Bilirdim ki, qənddən bişirirlər, amma necəsindən xəbərim yox idi. Yaxşı yadımdadı, bir dəfə Hökümə xala harasa getmişdi, xəlvətə salıb bişirmək istədim. Beş-on parça kəllə qənd tapıb tavaya atdım, qazı yandırmağa bir xeyli çalışdım, az qala yarım qutu kibrit işlətdim, yandıra bilmədim. Axırda “puff” eləyib elə partıldadı ki, kəkilim qarsıldı, elə bildim ürəyim gedəcək. Özümü mətbəxdən çölə atdım, uzaqdan durub key-key baxırdım, bir də tava alışanda ayıldım. Tüstüsü yaman acı olurmuş. Mən yazıq nə biləydim ki, azca su da tökməliymişəm...
Aralıdan əlimi uzadıb, birtəhər qazı söndürdüm, tavanın içindəki isə sönmək bilmir, çırtıltıyla yanırdı. Yaxşı ki, tavanın qapağın qoymaq ağlıma gəldi, qənd boğulub söndü...
Bir xeyli gözlədim, tava soyudu, qapağını qaldıranda gördüm ki, qapqara bir şey dibinə yapışıb. Qaynanamın qorxusundan tavanı evdən itirdim. Dedim, sonra xəlvətcə qaşıyıb təmizləyərəm...
Nə başınızı ağrıdım, neçə gündən sonra Hökümə xala məni yanına salıb həkimə apardı.
Kamo küçəsindən üzü bu yana, bütün yuxarı məhəllələr Həmşəri palanının baş tərəfindəki qadın məsləhətxanasına gedirdi. Bizim evdən xeyli aralı idi. Sovetski küçəsilə 11 nömrəli tramvay xətti boyunca getməli idik. Həmşəri palanına çatanda sağa burulub üzüyuxarı qalxmalıydıq. Yaxşı yadımdadı, Şors küçəsini keçən kimi balaca bir çörək dükanı, onun da yanında baqqal vardı, yanından dönməliydik...
Fatmanın gözləri yol çəkdi. Fikri harda dolaşırdı, bilmədim. Bəlkə də, girəvəyə salıb xəyalən öz tinlərindən evlərinə sarı dönmüşdü. İstəyirdi, başını alaqapıdan içəri salıb, gözünün ucuyla evlərinə baxsın. Nə bilmək olar, bəlkə elə evlərinə yox, neçə illər sığınacağı olmuş balaca zirzəmiyə sarı baxacaqdı...
Onu düşüncələrinin girdabından qaytarmaq lazım idi. Dilləndim:
- Çayımız soyudu. Təzələyə bilərsən?
Qalxıb mətbəxə keçdi...
Mənimsə xəyalım yenə oralarda idi – Həmşəri palanına çatmışdım. Allahın işinə bax, biz də Həmşəri palanında yaşayırdıq axı. O qadın məsləhətxanasının yanından bəlkə bir yüz dəfə ötmüşdüm. Atamın dostu şair İslam Səfərli Həmşəri palanının arxasındakı yoxuşun üstündə, möhtəşəm “stalinkada” yaşayırdı. Tez-tez gedərdik onlara. Öz evimiz isə dar-dolanbac palanın aşağı başında idi – sağ tərəfdən üçüncü qapı. Deməli, bizim qapıdan keçirmiş. Görəsən onda mənim neçə yaşım vardı? Bəlkə də, heç dünyaya gəlməmişdim. Ya da lap körpə idim...
O vaxtlar müharibədən qayıdan şikəst insanları hər addımda görmək olurdu - əyinlərində rəngi solmuş gimnastyorka, əyri-üyrü çəliklərindən, qoltuq ağaclarından bərk-bərk yapışıb yol yerimək öyrənən əlillər... Biri də bizim tində otururdu. Qəzənfər idi adı. Otururdu deyəndə ki, ayaq üstə durduğunu görən olmamışdı – hər iki ayağını mina aparmışdı. Matros paltarı geyib, altındakı yumşaq döşəkcəli, xırda diyircəkli arabası ilə bizim tinə gəlirdi. Həmin arabanı Zaxar adında bir yəhudi usta düzəldir, dəstəklərilə bir yerdə satırdı. Dəstək dedim, amma indikilər çətin anlaya – o dəstəkləri əldə möhkəm tutub, yerə vura-vura küçələrlə sürərdi Qəzənfər dayı. Dizləri irəli o arabada oturanda uzaqdan balaca uşaq kimi görünürdü. Amma di gəl səsinə - küçənin o başından gələndə, elə bilirdin tramvaydı. Bizim tində şirinquş satırdı...
Şirinquş dedim, Fatmanın tavası düşdü yadıma...
Qadın əlində iki çaydan otağa qayıtdı.
- Bayaq söhbətin yarımçıq qaldı; tavanın axırı necə oldu?
- Hansı tava? Həə... nə bilim necə oldu... Hökümə xala axtara-axtara qaldı, soruşmadığı qonşu qalmadı.
- Ay Fatma, həkimə gedirdiz axı...
- Həkim rus arvad idi. İçəri girən kimi təəccüblə bizə baxdı. O vaxt başa düşmədim. İndi fikirləşirəm ki, mən də qadın məsləhətxanasında uşaq görsəydim, çaşardım. Hökümə xalanın mədəni danışmağı vardı. Arvad ağzın açan kimi dilləndi ki, həkim, sizin yanınıza məsləhətə gəlmişəm, bu uşağın başına iş gəlib – hamilə qalıb, saldırmaq istəyirik...
Həkim başını buladı. Bir söz deməyib, məni müayinə elədi, “olmaz” dedi. Hökümə xala nə qədər israr eləsə də xeyri olmadı...
Suyumuz süzülə-süzülə poliklinikadan çıxdıq, Həmşəri palanının daşlıq yolu ilə üzüaşağı endik. Qaynanam yaman pərt idi. Heç danışmırdı. Tinin ucunda özünü birtəhər toxdadıb, çörək dükanına girdi, əlində iki dənə isti bulka çıxıb, birini mənə uzatdı...
O bulkalar bilmirəm yadındadı, yoxsa yox... Peşmək kimi kişmişli bulka idi; şipşirin, vanilli... köhnə pulla biri 1 manata... pul dəyişəndə 10 qəpik oldu...
O vaxtdan etibarən ayda iki dəfə məsləhətxanaya getməli idim, həkim bərk-bərk tapşırmışdı. O illərdə hökumət bütün şəhərlərdə hamilə qadınları beləcə nəzarətə götürürdü. Həkimim demişdi, bircə dəfə getməsəm, sahə müvəkkili evimizə gələcək, başımız ağrıyacaqdı. Evdə isə vəziyyət pis idi, Ramizdən xəbər çıxmır, qaynanam da gündən-günə zülmünü artırırdı. Neçə dəfə qaçmaq fikrinə düşdüm, sənə münasibət pis olanda, adamın yaşamağı gəlmir. Vaxtıma isə az qalırdı. Qaynanam məni həkimə aparmaq barədə heç düşünmürdü, məcbur idim özüm gedəm. Artıq Ramizgildə yaşamayacağıma qəti qərar vermişdim. Elə arvad da istəmirdi. Vacib deyil ki, adamın üzünə deyələr çıx get. Amma indi heç cür gedə bilməzdim, getməyə yerim-yurdum var idi ki? Öz evimizdən iki il idi çıxmışdım, Bacı-qardaşımdan xəbərim yox idi. Həm də qardaşımdan it kimi qorxurdum, elə bilirdim, harda tutsa, öldürəcək.
Həkimə getmək mənim üçün əsl əyləncəyə çevrilmişdi. Əlacım olsa, hər gün gedərdim.
Hər dəfə evdən çıxanda tramvay adı ilə evdən bir manat pul götürür, amma piyada gedirdim. Qayıdanda da, mütləq bir dənə bulka alıb yeyərdim.
Qadın məsləhətxanası deyəsən, qırxıncı illərdə tikilmişdi, təzə bina idi, gül kimi həyəti vardı. Çıxanda, beş-on dəqiqə həyətdə də otururdum. Onda öyrəndim ki, südü bivaxt kəsilmiş analar qeydiyyata düşüb, burdan süd ala bilirlər. Maraqlı sistem qurmuşdular; südü bol olan analar artığını sağıb poliklinikaya təhvil verməyə borclu idilər. Hələ bir dəfə həyətdəki arvadlar danışırdı ki, bir gəlin, südünün artığını küçədəki meynənin dibinə tökəndə, milis görmüş, tutub məntəqəyə aparmışdı. Orda iki-üç saat üzünü danlayandan sonra, həkiminə də xəbər vermişdilər...
İlk ağrılarım tutanda Hökümə xalaya deməyə ürək eləmədim. Amma sonra məcbur qaldım, nə edəcəyimi bilmirdim. Ağzımı açan kimi arvad dinməzcə qolumdan tutub, Əzizbəyov adına doğum evinin qabağına apardı, məni elə orda buraxıb, yola düzəldi, sonra nə fikirləşdisə çönüb dedi:
- İstəmirsənsə çıxanda evə gəlməyə də bilərsən!
Dalınca baxa-baxa qaldım. Qorxudan canıma titrətmə dolmuşdu, heç nitqim də gəlmədi bir söz deyəm.
Qış ayları idi, amma havada bir damcı da soyuq yox idi. Bəlkə də çiskinli gün olsaydı, kimsəsizliyimi lap çox duyardım...
Uşaq olanda elə bil Bakının havası qəsdimə durmuşdu, boz sifətini pəncərədən görürdüm, ürəyim sıxılırdı. İnanın ki, mənə “oğlun oldu” deyənə kimi düşdüyüm vəziyyətin ağırlığını anlaya bilmirdim. Amma eşidən kimi qəhər məni boğdu. Dünya başıma hərləndi. Fikirləşdim ki, xəstəxanada dolanmağım cəhənnəm, çıxanda neyləyəcəm, hara gedəcəm, necə gedəcəm...
Qızlar yanıma gələn olmadığını görür, köməklərini məndən əsirgəmirdilər. Evlərindən gələn sovqatdan mənə pay ayırmağı özlərinə borc bilirdilər. Kefim olmasa da südüm bol idi, hələ korluq çəkənlərə də paylayırdım...
Xəstəxanadan çıxan günü çağamı hökumət mələfəsinə büküb, qucağıma verdilər. Təbii ki, dalımca gələn yox idi. Ağır qapını aralayıb çölə çıxdım, küləyin sazağı yanaqlarımı çimdikləyəndə, elə bil ayıldım. Bir neçə addım atdım, ayaqlarım yerimirdi, elə darvazanın ağzındaca səkiyə çökdüm...
(Ardı var)