Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...
Ön söz
Cinayət aləmində oğrular, oğrular içində isə cibgirlər, cibkəsənlər elita sayılır. Həqiqətən də oğurluq üçün fövqəladə istedad, peşəkarlığın zəruri olması artıq məlumdur.
Oğrular arasında isə lap bineyi-qədimdən özlərinin virtuozluğuna və peşə fəaliyyətləri
zamanı məruz qaldıqları birbaşa riskə görə cibgirlərə tuş gələni yoxdur.
Elə buna görə onlar bütün cinayət dünyasında xüsusi rəğbət və hörmətlə anılır.
Cibgirlərin bir kasta kimi mütəşəkkilləşmək, bir-birinə dayaq olmaq bacarığı həmişə
qiymətləndirilir.
Keçmiş oğru Bakısında da bu çox qədim peşənin əsl ustaları mövcud olub.
Zahirən qəribə görünsə də, cibgirlər arasında xüsusi istedad sahibləri, böyük uğur qazananlar adətən qadınlardır. Əslində bunda elə bir qəribəlik də yoxdur.
Allahın qadınlara bəxş etdiyi təhtəlşüur ehtiyat, intuisiya və incəlik bu peşə üçün
əvəzolunmaz keyfiyyətlərdir. Öz sənətinin nadir ustaları Dübəndi Səfurə, Rübabə, Sara,
Nina, Valya, Klara, Anka... kimi Bakı cibgirləri oğru dünyasında artıq çoxdan əfsanəyə çevriliblər.
Təsadüfi deyil ki, onlardan ikisi - Rübabə və Klara altmışıncı illərin əsl bestselleri sayılan
“Qara Volqa” romanının “qəhrəmanına” da çevrilmişdilər.
Azərbaycanda kriminal ədəbiyyatın banilərindən sayılan Cəmşid Əmirov
öz kitabında bu iki qadının sərgüzəştlərini kifayət qədər inandırıcı boyalarla çox səmimi
təsvir edir.
50-60-cı illərdə peşə ustalıqlarının zirvəsinə yetişmiş bu qadınların barəsində kitabdakından artıq öyrənmək istəyi məni aparıb daha bir nəfərin qapısına çıxardı.
Ömrünün 24 ilini keçmiş SSRİ-nin ən məşum qazamatlarında keçirən, amma yenə də
insani zahir-batinini itirməmiş və yalnız elə buna görə ehtiram hədəfinə çevrilməyə layiq olan bir qadınla tanış oldum.
Bu dəfə mənimlə gözümün içinə dik baxan bu qadın elə ilk dəqiqədən bəyan etdi ki,
onun başına gələnləri, bir ömür uzunluğunda iztirablarını yaddaşına gömüb, özü ilə
haqq dünyasına aparmaq niyyətində deyil və badi-fənaya getmiş ömründən ibrət götürəsi bircə nəfər tapılsa belə, onun səmimi etiraflarını qələmə almağa dəyər...
O, bu sözləri deyəndə gözümün içinə şax baxırdı, bəlkə də mənim bəbəklərimdən beynimə yol tapıb, onun barəsində nə düşündüyümü bilmək istəyirdi.
Ona görə yox ki, şəxsən mənim və mənim kimi adamların onun haqqında fikirləşdiklərini
önəmli sayır. Əsla! Sadəcə olaraq, bilmək istəyirdi ki, bütün həyatının mənası hesab etdiyi bu son addımına qol qoyacağammı? Bu güclü qadının sözündən çıxmaq, düzü, qüvvəm xaricində idi. Həm də mənafelərimiz üst-üstə düşürdü. O da kömək eləmək istəyirdi, mən də...
Qollarımı çırmayıb, işə girişdim. Bəlkə də nə vaxtsa, sınıb şikəst olmuş insan talelərinə
sərf etdiyim qüvvə gözümün bu sətirlərə süzülən qarası məni yandıracaq, bilmirəm. Amma onunla üzbəüz oturduğum saatlarda qələmimdən çıxanların öz taleyilə bu gün də çilingağac oynayan yüzlərlə, minlərlə cavana kömək olacağına ümid etmək istərdim...
Müəllifdən.
Bakı, Pirallahi qəsəbəsi, 1999.
***
Gözlərimi dünyaya 1939-cu ildə Bakıda açmışam. Çoxuşaqlı ailəmiz vardl, altı bacı bir qardaş olmuşuq, sonbeşikləri mən idim. Deyilənə görə, çox mehriban, hamının həsəd apardığı bir ailəmiz olub. Mənim heç nə yadımda deyil, çünki anam dünyasını dəyişəndə, ailəmiz dağılanda, isti ocağımızdan olanda hələ heç iki yaşım tamam deyildi. Qonşular deyirdi ki, atam böyük-böyük vəzifələrdə işləyib sistem adamı olub. Lap axırda da hansı balıq vətəgəsininsə müdiri imiş. Evimizi heç dumanlı şəkildə də xatırlamıram ki, hərdən o xoşbəxt çağları yadıma salıb, təsəlli tapım...
Anam rəhmətə gedəndən sonra bacılarımı, qardaşımı qohum-əqrəba arasında paylaşdırdılar ki, yiyəsiz qalmayaq. Məni rəhmətlik Xanım bibim götürdü yanına, özümü xatırlayandan onu görmüşəm, onu tanımışam. Heç ağlıma da gəlmirdi ki, qabaqlar ata –anam, bacı-qardaşım olub. Elə bilirdim ki, bu evdə doğulub, burda yaşamışam.
Bibimin əri Əliağa kişi qəssab idi. O vaxtlar heyvan kəsib satmaq elə oğurluğa bərabər tutulurdu. Əti həyət-həyət gəzdirib satdırardılar. Milis, NKVD adı gələndə qorxudan az qalırdı ürəyimiz gedə. Balaca çəlimsiz qız idim, amma buna baxmayaraq, düz dörd yaşımdan həyətləri gəzib kilo-kilo bükülüb, çantaya yığılmış əti qonşulara satırdım.
Giləzi küçəsindəydi evimiz. O tərəflərdə hamı məni ət satan qız kimi tanıyırdı. Hər səhər qonşularımız mənim yolumu gözləyir, görüşəndə əzizləyib şirnidən, qənddən verər, başımı sığallayıb ah çəkər, “yazıq uşaq” deyərdilər. Onda hələ başa düşmürdüm ki, niyə yazığam...
Ağır illər idi. Camaat aclıq çəkirdi, bir tikə çörəyə həsrət qalır, məhəllə uşaqlarının dilinə aylarla şirni dəymirdi. Amma bizim hər şeyimiz vardı. Bibim hər gün içalat qovurub mənə yedirdərdi. Hərdən görürdün bu zəhrimar içalatı yeməkdən bezirdim, amma arvad əl çəkmirdi, başımı sığallayıb “mənim zəhmətkeş balam, yeməsən, işləməyə gücün qalmaz” deyirdi. Məcbur olurdum ki, zorla da olsa yeyəm, məndən nigaran qalmasın...
Beləcə yaşayırdıq. Bircə dərdimiz vardı, Əliağa dayı hər axşam bərk içir, sərxoş olan kimi də evdə qabağına kim çıxsa, döyüb şil-küt eləyirdi. Onun qorxusundan axşam hay düşən kimi hərə bir dərədə gizlənirdi, kimi qonşuda, kimi küçədə. Amma mən özümə yaxşı bir yer tapmışdım, dayım içəndə gecəni orda qalırdım, heç tapa da bilmirdi. Həyətimizin bir küncündə su kəmərinə sayğac qoymuşdular, bax, onun yeşiyində yatırdım. Eni-uzunu təxminən dörd-beş qarış olardı. Məndən başqa ora heç kim yerləşməzdi deyə, bu yuvanı özümün şəriksiz əmlakı sayırdım və mənim aləmimdə yer üzündə ordan etibarlı, ordan təhlükəsiz sığınacaq ola da bilməzdi. Amma bibimin həm oğlu, həm qızı gərək gündə təzə yer tapaydılar ki, canlarını birtəhər qurtara biləydilər.
Müharibədən sonra elə bil həyat öz məcrasına düşdü, camaat yenə də dükan-bazara ayaq açdı. Mənim səkkiz yaşım tamam olandan əti Kömürçü bazarına daşımağa başladım. Dayım heyvanı səhər tezdən kəsir, sonra da gedib dururdu bazarda, mən də ət daşıyırdım onunçün. Birdən-birə çox gətirmək olmazdı axı, milislər ilişsəydilər, kişi əlli-ayaqlı gedərdi. Ona görə də üç kilo-üç kilo gətirirdim. Elə olurdu ki, bir gündə Giləzi küçəsiylə Kömürçü bazarının arasındakı yolu bəlkə on dəfə gedəsi olurdum. Axşam ya yatağıma, ya da ki, yuvama girənə görürdüm ayaqlarım sözümə baxmır, yorulub lap əldən düşmüşəm.
Milis isə bizə göz verib, işıq vermirdi. İki gündən bir tutulurdum, aparırdılar birbaş şöbəyə, neçə saat saxlayandan sonra buraxırdılar. Bir dəfə necə oldusa, lap bütün gecəni qaldım ora, heç dalımca gələn də olmadı. Sonralar, dünyanın gərdişini başa düşəndən sonra anladım ki, milisin də öz işi var, gərək yerinə yetirsin. Amma o vaxtlar dünyada ən zəhləm gedən adamlar elə milis işçiləriydi.
Kömürçü meydanı mənim ilk həyat məktəbim oldu. İnsanların bir-birini aldatması, üzdə gülüb dalda düşmənçilik eləmək, min cür fırıldaq, haramzadalıq mənə orda əyan oldu.
İndi hərdən uşaqlarını “qoy zəhmət çəksin” deyib bazara alverə yollayan qonşularımı görəndə az qalıram dad çəkəm ki, göndərmə, ordan balan yaxşı bir şey tapmayacaq. Amma sonra fikirləşirəm ki, düzgün başa düşməzlər, nə işim qalıb?...
Mən bazarda böyüdüm, gözüm bazarda açıldı. On bir yaşım olanda kimdənsə eşitdim ki, qardaş-bacılarım varmış. Elə həmin gündən qət eləmişdim ki, nəyin bahasına olursa-olsun onlara qovuşmalıyam. Ürəyim atlanırdı, onlar üçün burnumun ucu göynəyirdi. Bu sirri bir xeyli ürəyimdə gəzdirdim, cəsarətim çatmırdı ki, bibimdən soruşum. Qorxurdum deyə ki, elə bir şey yoxdur. Və bir gün qət elədim ki, mütləq öyrənməliyəm, əgər həqiqətən də bacılarım, qardaşım varsa çıxıb onların yanına getməliyəm. Bibim yazıq danmadı heç, ağlayıb dedi ki, var, bala, atan da var, iki bacın, bir qardaşın da. Sonra da elə bil ürəyimi oxudu, əlavə elədi: “Əgər istəyirsənsə, get evinizə. Qabaq körpəydiniz, qıymazdım, amma indi bir-birinizə həyan olarsınız”.
Ertəsi gün əlimdən tutub məni öz evimizə apardı. Yolda uçmağa bircə qanadım çatmırdı, heç bilmədim yolu necə gəldik. Öz evimiz də lap yaxın imiş, Verxni Naqornı ilə İskranın tinində. Sonralar fikirləşəndə dəhşətə gəlirdim ki, bibimgillə öz evimiz arasındakı dörd tinlik yolu qət eləyənə kimi səkkiz il çəkdi. Nə az, nə azacıq, düz səkkiz il...
Bacılarımla, atamla ilk görüşüm, bibimin onlarla söhbəti çox dumanlı qalıb yadımda. Bircə onu bilirəm ki, bərk ağlaşırdıq, kirimək bilmirdik. Atamı tanıyırdım, məndən bəlkə bir yüz dəfə ət almışdı, nə biləydim ki... Zeynəb də, Cahan da, qardaşım Baba da məndən böyük idilər. Elə ilk gündən qayğıma qaldılar, lap tez öyrəşdim onlara. Çox sonralar bibimgildə yaşadığım illəri xatırlayanda ürəyimdə şişib yumruğa dönən bir hiss düşür yadıma, onda o xoşagəlməz hissiyyatın adını qoya bilmirdim. Amma doğma ailəmizə qayıdandan sonra məni narahat eləyən həmin o hiss harasa uçub getdi. Bəlkə də təhtəlşüur bir xiffət imiş, ev, ailə, bacı-qardaş xiffəti, nə bilim vallah...
Təzə həyat yaşamağa başladım, dilimdən ilk dəfə bacı, qardaş kəlmələri çıxırdı.
Özü də elə qürurla deyirdim ki... Amma atamı əmi çağırırdım. Yazıq heç əmilik də eləyə bilmədi mənə, çox tez öldü. Onu basdıranda nə qədər elədimsə, bacılarım kimi ağlaya bilmədim, elə bil gözlərimdə yaş yox idi. Atam mənim həyatıma qayıtmağa, ürəyimdə bir iz salmağa macal tapmamış yoxa çıxdı...
Məni evimizin yanındakı 176 nömrəli məktəbə qoydular. Qəşəng geyindirdilər, həvəslə gedib-gəlirdim. Elə bilirdim ki, yer üzündə daha məndən xoşbəxt adam yoxdu, axı yolumu gözləyən, əzizləyib şirin dillə dindirən vardı. On üç yaşında bir qız uşağı üçün bundan böyük xoşbəxtlik olardı?
Elə bilirdim ömür beləcə davam eləyəcək, mənə yalnız və yalnız xoşbəxtlik, sevinc, təbəssüm gətirəcək. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır... Təhlükənin hardan gəldiyini, sakit həyatımı bilmərrə dəyişən səmum yelinin hardan əsdiyini heç hiss eləmədim.
On üç yaşımın tamama olmasına iki gün qalmış, ürəyimdə ad günümün sevincini qardaş-bacılarımla bölüşəcəyim anın ləzzətini yaşadığım günlərin birində məni məktəbin qabağından qaçırdılar. Doğmalarıma təzəcə qaynayıb bitişmişdim ki, isti yuvamdan qopardılar, yaramın yeri qan ağladı...
Oğlanın nə az, nə azacıq, düz otuz yaşı vardı. Ketsxovelidə yaşayırdılar. Mən bədbəxt nə biləydim ki, düz məktəb yolumun üstündə xoşbəxtliyimə qənim kəsilmiş bir məxluq pusquda durub, hər gün mənə göz qoyurmuş... Bilsəydim heç yolumu ordan salardım?
Adı Ramiz idi, sərvətli bir ailənin övladı, tutduğundan əl çəkməyən, ötkəm bir oğlan idi.
İlk günlər çox ağlayıb-sıtqadım, hətta qaçmaq da istədim, amma sonra qaynanam Hökümə xanım məni qorxutdu ki, evinizə qayıtsan, qardaşın səni öldürəcək. Onda elə bilirdim ki, düz deyir, çünki Baba cayıllıq eləyir, tapança-zad gəzdirirdi. İndi başa düşürəm ki, heç öldürəsi də deyilmiş, arvad öz oğlunun ayıbını örtmək, onun həyatını təhlükəyə məruz qoymamaq üçün məni dilə tuturmuş...
(ardı var)