30-cu yubiley Xəzər İnşaat Həftəsi
14 oktyabr 2025 12:16 (UTC +04:00)

30-cu yubiley Xəzər İnşaat Həftəsi

0

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” keçiriləcək. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri birləşdirir: 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic”.

Bu il “Caspian Construction Week” üçün xüsusi əhəmiyyət kəsb edir: “BakuBuild” sərgisi 30 illik yubileyini, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.

30 illik uğur

Hazırda tikinti sektoru Azərbaycan iqtisadiyyatının ən dinamik və strateji əhəmiyyətə malik sahələrindən biridir. Qarabağın bərpası, şəhərsalma və yol-nəqliyyat infrastrukturunun inkişafı üzrə həyata keçirilən genişmiqyaslı proqramlar bu sahəyə xüsusi önəm qazandırıb. 30 il ərzində 58 ölkədən 6500-dən çox şirkəti, eləcə də 200 000-dən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week”, inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirir, sahə mütəxəssislərini bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır. Tədbir innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və məktub sərginin rəsmi açılış mərasimində səsləndirilir. Ölkə başçısının 2024-cü ildə göndərdiyi salamlama məktubunda qeyd olunur:
“Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur”.

Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır. “KOBİA”, “AZPROMO”, Qarabağ Dirçəliş Fondu, “MİDA” və “ASK” sərgidə stendlərlə təmsil olunur.

Yubiley həftəsinin baş sponsoru Azərbaycanda daşınmaz əmlakın inkişafı, investisiya və idarə olunması üzrə aparıcı şirkətlərdən biri olan “PMD Group”dur.

Tədbirin Rəsmi bank tərəfdaşı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PASHA Bank” çıxış edir. 

“Rebuild Karabakh” sərgisinin rəqəmsal həllər üzrə rəsmi tərəfdaşı “AzinTelecom” şirkətidir.

Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.

“BakuBuild” sərgisində şirkətlər tikinti və istehsal avadanlıqları, döşəmə örtükləri, interyer həlləri, işıqlandırma və izolyasiya sistemləri nümayiş etdirəcəklər. Həmçinin keramika və üzlük daşları, landşaft materialları, metal məhsulları, pəncərə və qapılar, fitnes avadanlıqları və digər məhsullar təqdim olunacaq.

“Rebuild Karabakh” sərgisində şirkətlər yaşıl energetika, tikinti və tikinti materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edəcəklər.

“Aquatherm Baku” sərgisi çərçivəsində borular və boru kəmərləri, hovuzlar, enerji idarəetmə sistemləri, filtrlər, fitinqlər, hava nəmləndiriciləri, havalandırma qurğuları, hava qızdırıcıları, isitmə sistemləri, kompressorlar, kondisionerlər, konvektorlar, soyuducular, ventilyatorlar, klapanlar və digər mühəndis avadanlıqları nümayiş etdiriləcək.

“Plastex Caspian” sərgisində müasir avadanlıqlar və texnologiyalar, xammal və kimyəvi maddələr, eləcə də hazır plastik məhsullar təqdim olunacaq. Bu il sərgidə xüsusilə Çindən olan aparıcı şirkətlərin iştirakı sənayenin inkişafına və beynəlxalq əməkdaşlıqların genişlənməsinə təkan verəcək.

“Road&Traffic” ixtisaslaşmış sərgisi yol təhlükəsizliyi və nəqliyyat infrastrukturuna dair həllərin təqdim olunacağı platformadır. Şirkətlər intellektual nəqliyyat sistemləri, hərəkət idarəetmə texnologiyaları, ictimai nəqliyyat, texnika üçün sürtkü materialları, yanacaqpaylayıcı avadanlıqlar və digər məhsulları nümayiş etdirəcəklər.

5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi  − “Rebuild Karabakh”

Bu il “Rebuild Karabakh” sərgisi üçün xüsusi önəm daşıyır. Belə ki, sərgi öz ilk yubileyini qeyd edir. Sərgi ilk dəfə 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən sonra təşkil olunmuşdur. O dövrdə təşkilatçılar azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasına, dövlət-özəl tərəfdaşlığın möhkəmləndirilməsinə və ən perspektivli layihələrin nümayişinə həsr olunmuş ixtisaslaşmış platforma yaratmaq qərarına gəldilər. Ötən illər ərzində sərgidə 300-ə yaxın yerli və beynəlxalq şirkət iştirak edib. İlk sərgidən etibarən Qarabağın yenidənqurulması və bərpasına dair hazırda uğurla icra olunan bir sıra layihələr – Füzuli Beynəlxalq Hava Limanı və “Ağıllı kənd” (Smart Village) layihələri burada təqdim olunmuşdur. Bundan əlavə, bu platformada Qarabağ Dirçəliş Fondunun fəal iştirakı ilə bərpa işlərinin strateji istiqamətlərini müəyyənləşdirən panel sessiyaları təşkil olunmuşdur.

Sərginin ayrılmaz hissəsi onun sosial missiyasıdır: Hər il ənənəvi olaraq işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 137 772,16  dəyərində ianə bağışlanmışdır. Bu ənənə sərginin mühüm elementidir və gələcəkdə də davam etdiriləcəkdir.

“Rebuild Karabakh” sərgisi regionun mədəni irsinin qorunması və tanıdılması istiqamətində vacib platformaya çevrilmişdir. Yubiley ilində əsas tədbirlərdən biri Qarabağ mətbəxinə və milli kulinariya irsinin təbliğinə həsr olunmuş Milli Mətbəx İrsi Çempionatı – “Qarabağ Kuboku” olacaq. Bu layihə Qarabağın zəngin mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan yaradacaq. Sərginin sonuncu günü “Qarabağ Kuboku” Fərdi Yarışlarının mükafatlandırma mərasimi keçiriləcək.

Beləliklə, “Rebuild Karabakh” sərgisi işgüzar, sosial və mədəni istiqamətləri özündə birləşdirərək Qarabağın gələcək inkişafı üçün təcrübə mübadiləsi və yeni ideyaların formalaşdığı mühüm platforma rolunu oynayır.

Yubiley proqramı

Hər il olduğu kimi bu il də Xəzər İnşaat Həftəsi çərçivəsində aparıcı tikinti mütəxəssislərinin iştirakı ilə panel müzakirələri və sessiyalar keçiriləcək. Burada innovativ texnologiyaların tətbiqi, yeni keyfiyyət standartlarının müəyyənləşdirilməsi və azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunacaq. Proqramda "Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli", "Təchizat zəncirinin maliyyələşdirilməsi", "AZCON Holding və idarəetməsinə verilmiş dövlət müəssisələrinin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gördüyü işlər", “Kompromissiz keyfiyyət: Tikinti materiallarında keyfiyyət modeli”, “Gələcəyin memarlığı: Yeni trendlərin və innovativ yanaşmaların formalaşması”, “Yaşıl gələcək üçün nəqliyyat: ictimai sistemlərin inkişafı və ekoloji təmiz avtomobillər”, "Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" , “Azərbaycanda yol xətt və yol nişanlama sisteminin inkişaf” və s. mövzularda sessiyalar, eləcə də “Dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər” konfransı yer alır.

Ənənəvi olaraq, tədbirin mühüm hissəsini ikitərəfli görüşlər (B2B və B2G) təşkil edəcək. Bu görüşlər iştirakçılara əməkdaşlıq perspektivlərini birbaşa müzakirə etmək, işgüzar əlaqələri genişləndirmək və yeni bazarlara çıxış imkanı yaradacaq.

Yubiley proqramı çərçivəsində Bakı Ekspo Mərkəzinin foyesində “Yaşıl Qarabağ Səninlə Başlayır” adlı ianə köşkü təşkil olunub. Sərginin ziyarətçiləri və iştirakçıları burada Qarabağ Dirçəliş Fonduna ianə etməklə Qarabağda ağacların əkilməsinə töhfə verə biləcəklər.

Foyedə Azərbaycan Memarlar İttifaqı tərəfindən təşkil olunan VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalib işlərinin qalereyası təqdim olunub.

Bundan əlavə, sərgidə “Qarabağın Rəngləri” Qrafiti İncəsənət Məkanı fəaliyyət göstərəcək. Burada ziyarətçilər “Rebuild Karabakh” sərgisinin yubileyinə həsr olunmuş rəsm əsərini rəngləyəcəklər.

Bu ilki yubiley proqramı çərçivəsində təşkilatçılar tərəfindən illərdir davam edən qarşılıqlı etimad və sadiqliyin rəmzi olaraq, “Rebuild Karabakh” sərgisində 4 ildən, “BakuBuild” sərgisində isə 10 ildən artıq müddətdə iştirak edən şirkətlərə xüsusi təşəkkür sertifikatları təqdim olunacaq.

Tədbir çərçivəsində “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.

Xəzər İnşaat Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmayacaq. Tədbirin 30 illik yubileyi münasibətilə təşkilatçılar tərəfindən xüsusi proqram hazırlanıb. İnşaat sahəsində yüksək nəticə göstərən və universiteti müvəffəqiyyətlə bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdiriləcək. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən xüsusi mükafat təqdim olunacaq.

Tədbirin Rəsmi otel tərəfdaşı isə “Absheron Hotel Group” olacaq. 2025-ci ilin payız sərgilərinin Rəsmi otel tərəfdaşları – “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, “Ibis Baku City”; Rəsmi florist tərəfdaşları – “Gloria Flowers” və “Buketeria”; Rəsmi turizm tərəfdaşı – “Greenwich Travel Club”; digər rəsmi tərəfdaşlar arasında isə “AzExpoMontage LLC” və “Caspian Freight Services” şirkətləri yer alır. 2025-ci ilin payız və 2026-cı ildə keçiriləcək sərgilərin Rəsmi outdoor reklam tərəfdaşı “Bilbord.al” şirkətidir.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. “Caspian Construction Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal şəkildə dəstəklənir.

Ətraflı məlumatı sərgilərə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.az, www.bakubuild.az, www.aquatherm.az, www.roadtraffic.azwww.plastex.az.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar