İşsizlərə veriləcək 190 manat - BUNLARA ƏMƏL ETMƏLİSİNİZ
07 aprel 2020 12:20 (UTC +04:00)

İşsizlərə veriləcək 190 manat - BUNLARA ƏMƏL ETMƏLİSİNİZ

Bir neçə gündür ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi məsələsi gündəmdədir. 

Vətəndaşların əksəriyyəti birdəfəlik ödəməni almaq üçün müraciət qaydalarını bilmədiklərini və bir sıra çətinliklərlə qarşılaşdıqlarını sosial media hesabları vasitəsilə bildirirlər.

HAŞİYƏ: Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər.

Lent.az sözügedən ödənişi almaq üçün işsiz vətəndaşların etməli olduqlarına aydınlıq gətirib:

1.  www.e-sosial.az  saytına daxil olun və “e-xidmətlər” bölməsini açın.

2. Açılmış pəncərədə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçin.

3. Əgər “Asan imza” və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmaq lazımdır. Bunun üçün “İstifadəçi FİN-i ilə” xanasını seçin.

4. Onlayn qaydada istifadə FİN-nin əldə olunması üçün isə saytda qeydiyyatdan keçmək gərəklidir. Burada “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil etməlisiniz. Sözügedən əməliyyatdan sonra mobil telefonunuza aktivasiya kodu gələcək və gələn kodu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlaya biləcəksiniz.

5. Son olaraq isə istifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

Qeyd edək ki, sistemdə problemlə qarşılaşsanız 108-ə zəng edərək, əlavə məlumat ala bilərsiniz.

Əlavə edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək:

“Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır.

Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq”.

# 15057
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar