327
13:01
06 Aprel 2020

Musiqili Teatrdan "Evdə qal!"la bağlı beynəlxalq layihə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Evdə qal!" kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb.

Teatrdan Lent.az -a bildirilib ki, teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər.

Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez də iştirak edib. "Love" adlanan bu kompozisiyanın bəstəkarı və aranjemançısı Sərhat Gündüzdür.

Məkanları fərqli, məramları eyni olan Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın bu çətin pandemiya ilə üz-üzə qaldığı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə qalsaq da, ideya və arzularımızdan qalmırıq!" ismarışını verməyə çalışıblar.