735
11:02
01 Mart 2020

Cozef Bayden qalib gəldi

ABŞ-ın sabiq Prezidenti Cozef Bayden şənbə günü demokratlar arasında Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərdə (praymeriz) qalib gəlib.

APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, bülletenlərin 100 faizi sayılıb və C. Bayden səslərin 48,4 faizini alıb.

Vermont ştatının sabiq senatoru Berni Sanders 19,9 faiz, milyarder Tom Steyer 11.3 faiz, Saut-Bend şəhərinin sabiq meri Pit Buttecac 8,2 faiz, Massaçusets ştatının senatoru Elizabet Uorren 7,1 faiz, digər namizədlər 5 faizə yaxın səs toplayıb.

T. Steyer dünən axşam ilkin seçki yarışından çəkildiyini bəyan edib.

Beləliklə, C. Bayden Demokrat Partiyanın prezidentliyə namizədinin müəyyənləşəcəyi qurultayında Cənubi Karolina ştatını təmsil edəcək 54 qurultay nümayəndəsindən ən azı 29-nun, B. Sanders isə 9-nun dəstəyini qazanıb.

Ümumilikdə, indiyə qədər keçirilən ilkin seçkilərdə B. Sanders 54, C. Bayden 44, P. Buttecac 26, E. Uorren 8, Minnesot ştatının senatoru Emi Klobuşar 7 qurultay nümayəndəsinin dəstəyini təmin edib.

Demokrat Partiyanın 13-16 iyul tarixlərində keçiriləcək qurultayında partiyanın prezidentliyə namizədi olmaq üçün ən azı 1991 qurultay nümayəndəsinin dəstəyini almaq lazımdır.