755
19:17
18 Fevral 2020

Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını qətlə yetirib, arvadını isə öldürməyə cəhddə təqsirləndirilən Samiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samiq Quliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtıın Binəqədi şossesi, döngə 4 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Ruhəngiz Mahmudova həyat yoldaşı, İmişli rayon sakini Samiq Quliyev tərəfindən bıçaqlanıb. Hadisə zamanı Ruhəngiz Mahmudova 14 bıçaq xəsarəti alıb. Daha sonra Samiq Quliyev baldızı, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Roza Mahmudovaya beş bıçaq zərbəsi vurub. Hadisəni törədən Samiq Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılıb. Roza Mahmudova çoxlu qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Samiq Quliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.