Adi əl dəsmalı hər gün istifadə etdiyimiz əşya olsa da, bakteriyaların mənbəyinə çevrilə və hətta bəzi infeksiyaların yayılmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, dəsmaldan düzgün istifadə edilməməsi və vaxtında yuyulmaması sağlamlıq üçün risk yaradır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaxşı yuyulmayan əllərdən və dəridən gələn mikroorqanizmlər dəsmalın liflərində qalır. Nəm mühit isə onların yaşaması və sürətlə çoxalması üçün əlverişli şərait yaradır. İstifadədən sonra dəsmalın üzərində nəm, dəri hissəcikləri, dəri yağı və insan dərisində təbii şəkildə yaşayan mikroorqanizmlər qalır. Dəsmal uzun müddət nəm qaldıqda, bu mikroblar sürətlə çoxalmağa başlayır.
Mütəxəssislər ümumi istifadə olunan əl dəsmalının mütəmadi dəyişdirilməsini tövsiyə edirlər. Dəsmal daim nəm qalırsa, xoşagəlməz qoxu verirsə, çirkli görünürsə və ya ondan çox sayda insan istifadə edirsə, daha tez-tez yenisi ilə əvəz olunmalıdır. Ailə üzvlərindən biri xəstələnərsə, ona ayrıca əl dəsmalı ayrılması məsləhət görülür. Bu, xəstəliyin ev daxilində yayılma riskini azalda bilər. Xəstə sağalana qədər onun dəsmalının hər gün yuyulması tövsiyə edilir. Vaxt keçdikcə dəsmalda xoşagəlməz qoxu yaranır və çoxlu sayda mikroorqanizm toplanır. Kifayət qədər təmiz olmayan dəsmaldan istifadə dərinin qıcıqlanmasına, bəzi hallarda isə, xüsusilə də eyni dəsmaldan bir neçə nəfər istifadə etdikdə və ya dəridə yara olduqda, infeksiyaların yayılmasına səbəb ola bilər.
Əl dəsmalı nə qədər tez-tez yuyulmalıdır?
Mütəxəssislər bildirirlər ki, əl dəsmalı hər gün nəm, dəri hissəcikləri və mikroorqanizmlər topladığı üçün mütəmadi yuyulmalıdır. Adi ev şəraitində istifadə zamanı onu hər 2-3 gündən bir yumaq tövsiyə olunur. Əgər dəsmaldan böyük ailə istifadə edirsə, evdə xəstə varsa və ya dəsmal uzun müddət nəm qalırsa, onu hər gün yumaq və ya dərhal təmiz dəsmalla əvəz etmək daha məqsədəuyğundur.
Dəsmalları istehsalçının etiketində əks göstəriş yoxdursa, 60°C temperaturda yumaq məsləhət görülür. Bu temperatur çirki və mikroorqanizmlərin böyük hissəsini daha effektiv şəkildə təmizləyir. Həmçinin hər istifadədən sonra dəsmal tam quruyacaq şəkildə asılmalıdır.
Əgər dəsmal xoşagəlməz qoxu verirsə və ya nəzərəçarpacaq dərəcədə çirklənibsə, əvvəlki yuyulmadan nə qədər vaxt keçməsindən asılı olmayaraq, dərhal yuyulmalıdır.