Türkiyədə bələdiyyəyə əməliyyat: CHP-li sədr  və həyat yoldaşı saxlanıldı -FOTOLENT
20 iyul 2026 11:03 (UTC +04:00)

Türkiyədə bələdiyyəyə əməliyyat: CHP-li sədr və həyat yoldaşı saxlanıldı -FOTOLENT

0

Türkiyədə İzmit Bələdiyyəsinə qarşı korrupsiya işi çərçivəsində əməliyyat keçirilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarında keçirilən əməliyyat zamanı İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyyət, onun həyat yoldaşı Murat Hürriyyət və daha 29 nəfər saxlanılıb.

Polis əməkdaşları Belsa Plazada yerləşən bələdiyyə binasında, eləcə də Fatma Kaplan Hürriyyətin yaşadığı evdə axtarış aparıblar. Saxlanılan şəxslər ifadələri alınmaq üçün polis idarəsinə aparılıblar.

Yerli medianın məlumatına görə, Fatma Kaplan Hürriyyət saxlanılarkən ittihamlardan narahat olmadığını bildirərək “Turş yeməmişəm ki, qarnım ağrısın” ifadəsini işlədib.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılanlar arasında bələdiyyənin müxtəlif vəzifəli şəxsləri, CHP-nin İzmit rayon təşkilatının sədri Gökhan Ercan, bələdiyyə məclisinin üzvü Hamit İlker Ulusoy, maliyyə, satınalma, texniki işlər və dəstək xidmətləri bölmələrinin rəhbərləri, eləcə də bir sıra şirkət nümayəndələri var.

İstintaq çərçivəsində daha əvvəl Hürriyyətin keçmiş xüsusi katibi Duyğu Çetiner, “Leyla Hanım” filminin prodüseri Koral Altın, bələdiyyənin keçmiş Satınalma müdiri Mehmet Şevket Verit və keçmiş sürücü Hüseyin Ergül də saxlanılmışdı. Polis və prokurorluqdakı prosedurlardan sonra Mehmet Şevket Verit həbs olunmuş, Hüseyin Ergül isə ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.

Qeyd edək ki, 1982-ci ildə Kocaelidə anadan olan Fatma Kaplan Hürriyyət Kocaeli Universitetinin Kommunikasiya fakültəsinin jurnalistika ixtisasını bitirib. Bir müddət yerli mətbuatda çalışan Hürriyyət sonradan hüquq təhsili alaraq vəkillik fəaliyyətinə başlayıb.

O, 2015-ci ildə Cümhuriyyət Xalq Partiyasından Kocaeli millət vəkili seçilib. Fatma Kaplan Hürriyyət 2019-cu ildə İzmit Bələdiyyəsinin sədri vəzifəsinə seçilib, 2024-cü il yerli seçkilərində isə ikinci dəfə qalib gəlib.

İstintaq davam etdirilir. Saxlanılan şəxslərə qarşı irəli sürüləcək konkret ittihamlarla bağlı hələlik ətraflı rəsmi məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar