Telefonlar, hətta ən ideal  münasibətləri də poza   bilir - PSİXOLOQ
20 iyul 2026 12:30 (UTC +04:00)

Telefonlar, hətta ən ideal münasibətləri də poza bilir - PSİXOLOQ

0

Telefona baxmaq üçün söhbəti tez-tez yarımçıq saxlamaq və ya qarşınızdakı insana diqqət ayırmamaq son illər geniş yayılan vərdişlərdən biridir. Psixoloqlar bildirirlər ki, "fabinq" adlanan bu davranış narahatlığı artıra, ailə və dost münasibətlərinə mənfi təsir göstərə, eyni zamanda insanın emosional vəziyyətini pisləşdirə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  psixoloq Jujanna Pappın sözlərinə görə, müasir rəqəmsal texnologiyalar insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Lakin virtual aləmə həddindən artıq bağlanmaq insanın ətrafında baş verənlərə diqqətini azaldır və canlı ünsiyyətə mane olur.

Mütəxəssisin sözlərinə görə, fabinq insanın diqqətini tamamilə smartfona yönəltdiyi, yanında olan həmsöhbətini isə görməzliyə vurduğu hallarda baş verir. Bəzən insanlar narahat mövzulardan yayınmaq və ya ailədaxili mübahisələrdən qaçmaq üçün də telefona sığınırlar.

Psixoloq qeyd edib ki, aparılan araşdırmalar smartfon və digər rəqəmsal cihazlardan uzaq şəkildə birlikdə vaxt keçirən ailələrin münasibətlərindən daha çox razı qaldığını və özlərini daha xoşbəxt hiss etdiyini göstərir.

Onun sözlərinə görə, ailə üzvləri gün ərzində telefonlardan istifadə edilməyən xüsusi vaxtlar müəyyənləşdirməlidirlər. Məsələn, birgə nahar və ya şam yeməyi zamanı, eləcə də yatmazdan əvvəl telefonlardan uzaq qalmaq ailə bağlarını möhkəmləndirir, ünsiyyətin keyfiyyətini artırır və psixoloji sağlamlığa müsbət təsir göstərir.

Jujanna Papp hesab edir ki, cihazlardan istifadə ilə bağlı sərt qadağalar tətbiq etmək əvəzinə, ailə üzvləri bu qaydaları birlikdə müəyyən etməlidirlər. Valideynlərin özlərinin də həmin qaydalara əməl etməsi vacibdir. Çünki uşaqlar ən çox böyüklərin davranışını nümunə götürürlər.

Mütəxəssis vurğulayıb ki, sinir sistemi davamlı məlumat axını və bitib-tükənməyən bildirişlərdən mütəmadi olaraq dincəlməlidir. Rəqəmsal detoks insanın özünənəzarət bacarığını bərpa edir və xəbər, sosial şəbəkə və mesajlardan asılılığın azalmasına kömək edir.

Psixoloq xüsusilə məzuniyyət dövründə smartfondan daha az istifadə etməyi tövsiyə edir. Onun fikrincə, bu vaxtı kitab oxumaq, qəzet və jurnal vərəqləmək, krossvord həll etmək və ya sadəcə gəzintiyə çıxaraq ətrafı müşahidə etmək daha faydalıdır.

Ekspert valideynlərə daha bir vacib məqama diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, uşaqların yalnız ekran qarşısında keçirdiyi vaxt deyil, izlədikləri və istifadə etdikləri məzmun da böyük əhəmiyyət daşıyır.

Jujanna Papp bildirib ki, film, videooyun və digər rəqəmsal məzmunlar üçün müəyyən edilən yaş məhdudiyyətləri təsadüfi deyil. Bu qaydalar uşaqların sinir sistemini həddindən artıq yüklənmədən qorumağa xidmət edir. Yaşa uyğun olmayan məzmunun davamlı izlənilməsi isə uşağın diqqətini toplamaq və davranışına nəzarət etmək bacarığına mənfi təsir göstərə bilər.

Psixoloq sonda vurğulayıb ki, məqsəd müasir texnologiyalardan tamamilə imtina etmək deyil. Əsas məsələ smartfondan şüurlu şəkildə istifadə etməyi öyrənmək, onu gündəlik həyatı idarə edən vasitəyə deyil, yalnız faydalı köməkçiyə çevirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar