Amazon MGM studiyası Silvestr Stallonenin həyatından bəhs edən “Mən Rokki” (“I Am Rocky”) bioqrafik dramının ilk treylerini təqdim edib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, film məşhur aktyorun naməlum bir sənətçidən Hollivud əfsanəsinə çevrilməsinə səbəb olan “Rokki” filminin yaranma tarixi ilə başlayır.
Hadisələr 1970-ci illərdə cərəyan edir. Həmin dövrdə Stallone hələ məşhur deyildi və kinoda rol almaq üçün cəhdlər edirdi. Taleyini dəyişmək məqsədilə o, boksçu Rokki Balboa haqqında ssenari yazır. Prodüserlər ssenarini almağa razı olsalar da, baş rolda başqa aktyoru görmək istəyirlər. Lakin Stallone Rokki obrazını yalnız özünün canlandıracağını israrla bildirir. Məhz bu qərar onun karyerasında dönüş nöqtəsinə çevrilir.
Filmin rejissoru “Oskar” mükafatlı Piter Farrellidir. Gənc Silvestr Stallone obrazını isə “Grand Army” serialı ilə tanınan Entoni İppolito canlandırır.
Xatırladaq ki, 1976-cı ildə çəkilən orijinal “Rokki” filmi 1 milyon dollardan az büdcə ilə ərsəyə gəlsə də, ilin ən çox gəlir gətirən ekran işlərindən birinə çevirilib, “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qazanıb.
Yeni bioqrafik dram “Mən Rokki” bu il noyabrın 20-də kinoteatrlarda nümayiş olunacaq.