Tərəvəzləri yeməzdən əvvəl yumaq qida təhlükəsizliyinin əsas şərtlərindən biridir. Bəzi insanlar hesab edir ki, suya qida sodası əlavə etmək tərəvəzlərin daha yaxşı təmizlənməsinə kömək edir. Mütəxəssislər isə bunun müəyyən üstünlükləri olsa da, bəzi məhdudiyyətlərinin də olduğunu bildirirlər.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qida sodası zəif qələvi məhlul yaradır. Bu məhlul tərəvəzlərin səthindəki çirki yumşaldır və bəzi pestisid qalıqlarının yuyulmasını asanlaşdırır. Qida məhsulları üzrə mütəxəssis Cessika Qevin bildirib ki, araşdırmalar qida sodasının xüsusilə tiabendazol adlı funqisid və fosmet adlı insektisid kimi bəzi pestisidlərin səthdən daha asan təmizlənməsinə kömək etdiyini göstərir. Lakin mütəxəssis vurğulayır ki, qida sodası tərəvəz və meyvələrin daxilinə hopmuş pestisidləri aradan qaldıra bilmir.
Hansı tərəvəzlər üçün uyğundur?
Ekspertlər bildirirlər ki, qida sodası əsasən sərt quruluşlu tərəvəzlər üçün daha uyğundur.
Bunlara daxildir:
brokkoli;
gül kələmi;
kartof;
kök;
xiyar;
şirin bibər.
Dietoloq Kimberli Beyker qeyd edir ki, zərif tərəvəzləri uzun müddət sodalı suda saxlamaq onların teksturasına və keyfiyyətinə mənfi təsir göstərə bilər.
Hansı tərəvəzləri soda ilə yumaq məsləhət görülmür?
Mütəxəssislər aşağıdakı məhsulların sodalı suda yuyulmasını tövsiyə etmirlər:
ispanaq;
kale kələmi;
kahı;
göbələk;
digər zərif yarpaqlı tərəvəzlər.
Soda dezinfeksiya etmir
Ekspertlər xatırladırlar ki, qida sodası dezinfeksiyaedici vasitə hesab edilmir. O, çirki və bəzi pestisid qalıqlarını azaltmağa kömək etsə də, bakteriyaları, virusları və parazitləri məhv etmir. "Stop Foodborne Illness" təşkilatının direktoru, elmlər doktoru Vanessa Koffmanın sözlərinə görə, soda bəzi səthi çirkləri yumşalda bilər, lakin məhsulun dərinliyinə keçmiş və ya çatlarda qalan xəstəlik törədicilərini tam təmizləmir. O, həmçinin yuyulmuş məhsulların çarpaz çirklənmənin qarşısını almaq üçün çiy və yuyulmamış məhsullardan ayrı saxlanılmasını tövsiyə edir.
Tərəvəzləri soda ilə necə düzgün yumaq olar?
Cessika Qevin aşağıdakı üsulu məsləhət görür:
Böyük qaba 2 stəkan soyuq su tökün.
Üzərinə 1 çay qaşığı qida sodası əlavə edin.
Tərəvəzləri məhlula tam batırın.
Maksimum 15 dəqiqə saxlayın və arabir qarışdırın.
Daha sonra tərəvəzləri axar soyuq su altında yaxşıca yuyun.
Saxlamazdan və ya istifadə etməzdən əvvəl tam qurudun.