"Get dişlərini fırçala"! - "İstəmirəm"! - "Dərhal"!… Bu dialoq bir çox valideynə tanışdır. Psixoloqlar bildirirlər ki, uşaqlar əmr formasında deyilən tapşırıqlara daha çox müqavimət göstərirlər. Ancaq onlara seçim imkanı verildiyini hiss etdikdə vəziyyət dəyişə bilər. Mütəxəssislərin fikrincə, "seçim var" üsulu (choice without choice) hətta ən inadkar uşaqlarda belə effektiv nəticə verə bilər.
Lent.az bu üsulları təqdim edir:
Bu üsul necə işləyir?
Valideyn "Dişlərini fırçala" demək əvəzinə belə soruşa bilər:
"Yaşıl diş fırçasını seçirsən, yoxsa qırmızını"?
"Dişlərini cizgi filmindən əvvəl fırçalayacaqsan, yoxsa sonra"?
"Özün fırçalayacaqsan, yoxsa mən kömək edim"?
"Çiyələk dadlı diş məcunu istəyirsən, yoxsa nanəli"?
Bu variantların hamısı eyni nəticəyə dişlərin fırçalanmasına gətirib çıxarır. Lakin uşaq qərarı özünün verdiyini düşündüyü üçün müqaviməti azalır.
Niyə təsirlidir?
Mütəxəssislər bildirirlər ki, təxminən 7 yaşına qədər uşaqlar "məcburi seçim"lə "tam sərbəst seçim" arasındakı fərqi tam dərk etmirlər. Onlar üçün əsas olan vəziyyətə nəzarət etdiklərini hiss etməkdir. Birbaşa əmr isə çox vaxt uşağın müstəqillik istəyini hərəkətə gətirir və etiraz yaradır. Valideynlərə vacib tövsiyə odur ki, "Dişlərini fırçalayacaqsan, ya yox?" kimi seçim verməsinlər. Seçim yalnız necə və ya nə ilə ediləcəyi barədə olmalıdır.
Valideynlərin ən çox buraxdığı səhv
Ən geniş yayılmış səhvlərdən biri uşaqdan icazə istəyirmiş kimi soruşmaqdır:
"Dişlərini fırçalayacaqsan"?
Uşaq "Yox" cavabı verdikdə valideyn çıxılmaz vəziyyətdə qalır. Psixoloqlar tövsiyə edirlər ki, bu sual əvəzinə əvvəlcədən qəbul edilə bilən iki variant təqdim edilsin. Onların sözlərinə görə, bu manipulyasiya deyil, uşağın şəxsiyyətinə hörmət edən pedaqoji yanaşmadır.
Bu üsul başqa hallarda da işləyir
Eyni prinsipi gündəlik həyatın müxtəlif vəziyyətlərində tətbiq etmək olar:
"İdmana ayaqqabı ilə gedəcəksən, yoxsa kedlə"?
"Şorbanı böyük qaşıqla yeyəcəksən, yoxsa kiçik qaşıqla"?
"Əvvəl oyuncaqları yığaq, yoxsa kitabları"?
Mütəxəssislər bildirirlər ki, bu yanaşmanı bir həftə tətbiq etdikdən sonra valideynlər uşaqlarda isterikaların və etirazların nəzərəçarpacaq dərəcədə azaldığını müşahidə edə bilərlər.
Bu üsul hansı yaşdan etibarən təsirlidir?
Psixoloqların sözlərinə görə, texnika adətən 2,5-3 yaşdan etibarən daha yaxşı nəticə verir. Bu yaşda uşaq nitqi anlayır və sadə seçim edə bilir. Daha kiçik yaşlı uşaqlarda isə diqqəti başqa istiqamətə yönəltmək daha effektiv hesab olunur.
Uşaq üçüncü variant təklif etsə nə etmək lazımdır?
Əgər uşaq təqdim olunan iki seçimdən kənar başqa variant irəli sürərsə, mütəxəssislər sakit şəkildə belə cavab verməyi tövsiyə edirlər:
"Bu variant uyğun deyil. Mən dediyim iki seçimdən birini seç".
Əgər uşaq israr edərsə, eyni cavabı sakit tonda təkrarlamaq və gözləmək kifayətdir. Əksər hallarda uşaq təqdim olunan variantlardan birini seçir.