940
14:34
12 Fevral 2020

AMEA-nın yeni strukturu belə olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.

Lent.az xəbər verir ki, yeniliklə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.

Akademik Ramiz Mehdiyev ölkə rəhbərliyi tərəfindən aparılan islahatları yüksək dəyərləndirərək bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb, son aylarda AMEA Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, Akademiya alimləri ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər. Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan bütün sahələr kimi AMEA da yüksək nailiyyətlər əldə etməli, xüsusilə innovativ layihələrin icrasına diqqət yetirməlidir. Bir sıra struktur islahatlarının bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələri qarşısında duran vəzifələrdən, onların əhəmiyyətindən bəhs edib. AMEA aparatının struktur rəhbərlərini təbrik edən akademiya rəhbəri yeni mərhələdə aparat əməkdaşlarına uğurlar arzulayıb, onlara müvafiq tapşırıqlarını verib.

AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edərək idarə və şöbələrin yeni mərhələnin çağırışlarına uyğun fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. AMEA Rəyasət Heyəti aparatının rəhbəri kimi Əminağa Sadıqov struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsinə çalışacağını bildirib.

Azərbaycam Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının struktur bölmələrinin rəhbərləri:

  1. Elm və təhsil idarəsinin rəisi - İqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Mail oğlu Kazımov
  2. Xarici əlaqələr idarəsinin rəisi- Biologiya üzrə fəlsəfə doktoru Esmira Həsən qızı Əlirzayeva
  3. Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin müdiri-Texnika üzrə fəlsəfə doktoru Rəna Tofiq qızı Qasımova
  4. Maliyyə şöbəsinin müdiri -Texnika üzrə fəlsəfə doktoru İlqar Kərəm oğlu Quliyev
  5. Daxili nəzarət və audit şöbəsinin müdiri -
  6. Kadrlar və hüquqi təminat şöbəsinin müdiri- Rzaqulu Musa oğlu Hacıyev
  7. İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri - Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov
  8. Sənədlərlə iş şöbəsinin müdiri - Sevinc Nizami qızı Həsənova
  9. Birinci xüsusi şöbənin müdiri -İqbal İbiş oğlu Qəhrəmanov
  10. İşlər idarəsinin müdiri -Texnika elmləri doktoru Elton Arzuman oğlu Məmmədov.