Parlament seçkiləri üçün seçki bülletenlərinin çapı başladı
27 yanvar 2020 10:11 (UTC +04:00)

Parlament seçkiləri üçün seçki bülletenlərinin çapı başladı

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

APA-nın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

Eyni zamanda MSK sədri seçicilərin öz konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün mühüm əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, eləcə də aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib.

Milli Məclisə seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və kütləvi informasiya vasitələri üçün istisnasız açıq və şəffaf olan tədbir çərçivəsində Mərkəzi Seçki Komissiyasının sədri media mənsubları üçün brifinq keçirərək, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində gerçəkləşdirilən layihələr, həmçinin son hazırlıq işləri barədə ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

# 819
avatar

Oxşar yazılar