Uşaq oğurluğu iddiası yalan çıxdı - "Kompensasiya ala bilər"
24 yanvar 2020 19:14 (UTC +04:00)

Uşaq oğurluğu iddiası yalan çıxdı - "Kompensasiya ala bilər"

Bu gün səhər saatlarından naməlum orta yaşlı qadının paytaxt məktəblərinin birində uşaqları oğurlaması iddiası yayılıb. İlk olaraq, “Whatshapp” sosial şəbəkəsində ötürülən və hamının diqqətini cəlb edən bu məlumatlarda həmin qadının fotosu da paylaşıldı. Ancaq məsələyə qarışan Bakı şəhər Baş Polis İdarəsi fotosu paylaşılan qadını müəyyən edərək idarəyə gətirib və məlumatların tam əsassız olduğunu üzə çıxarıb.

“Həmin qadının məhkəməyə və digər hüquq-mühafizə orqanlarına müraciət etmək, eyni zamanda kompensasiya almaq hüququ var”.

Bu sözləri Lent.az-a hüquqşünas Şamil Paşayev deyib. Onun sözlərinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəsə cinayətkar demək olmaz:

“Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Ona görə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəsə cinayətkar demək olmaz.

Eyni zamanda, nəzərə alınmalıdır ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Hüquqşünas insanların şəklini paylaşaraq hansısa cinayətdə ittiham etməyin qanunvericiliyimizə görə qadağan olunduğunu da bildirib:

“Hər kəs hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət edə və haqqında toplanmış məlumatlarla tanış ola bilər. Eyni zamanda, istənilən şəxsin barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.

“Kiminsə şəklini paylaşaraq hansısa cinayətdə ittiham etmək qanunvericiliyimizə görə qadağan edilir. Həmin qadının qanunvericiliyin tələbinə əsasən hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edərək hüquqlarının bərpa edilməsinə, şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılmasına görə kompensasiya almaq hüququ var”.

# 5136
avatar

Mehman Nəbiyev

Oxşar yazılar