15:11
14 Yanvar 2020

Məntiq fənni PROBLEMİ: tədrisdə yoxdur, imtahanlarda var - AÇIQLAMA

“Tələbələr bakalavr tədrisini bitirdikdən sonra magistr hazırlıqları üçün hər iki mərhələ üzrə əlavə hazırlıqlara və kurslara müraciət edirlər. Bu fakt universitet dövründə təhsilin nəticə yönümlülüyünə kölgə salır. Tələbə bu nəticəyə gəlir ki, universitet təhsili magistraturaya qəbul olmaq yolunda çox da əhəmiyyətli deyil”.

Bu fikirləri Lent.az -a təhsil eksperti Elxan Nəcəfov bildirib.

Onun sözlərinə görə, tələbələr ümidlərinin və magistr olmaq arzularının həmin hazırlıqlarda reallaşacağına inanırlar, bu da onların bir daha ali məktəbdəki dərslərə olan marağını azaldır: “Düşünürəm ki, magistraturaya qəbul qaydalarında edilən dəyişiklik bakalavrların ali məktəb tədrisi dövründə yüksək qiymət almaq maraqlarını artıracaq. Bunu universitetlər tədrisin keyfiyyətini və səviyyəsini qaldırmaq fürsəti kimi dəyərləndirə bilərlər. Sözsüz ki, tələbələr də yüksək qiymət almaq maraqlarını tədris olunan fənlərdən biliklərini artırmaq marağına yönəltməlidirlər. Yox, əgər tələbələrin yüksək qiymət ehtiyacları süni və ədalətsiz qiymətləndirmə ilə təmin ediləcəksə, bu ümumi işin ziyanına olacaq”.

E.Nəcəfov imtahanın birinci mərhələsində istifadə ediləcək ümumi dünyagörüşü və məntiq sualları ilə bağlı məqamlardan birinə toxunub: “Məlumdur ki, ölkədə təhsilin heç bir mərhələsində məntiq fənni tədris olunmur. Bir çox istiqamətlər üzrə, həmçinin magistraturaya qəbul imtahanında iştirakçılar məntiq fənnindən sualları cavablandırmaq məcburiyyətində qalırlar. Düşünürəm ki, bu haqda da müzakirələr olmalı və mövzu ictimailəşdirilməlidir. Məncə, iki çıxış yolu var. Birincisi, ən azından ali məktəblərdə məntiq fənninin tədrisinə başlanılmalıdır. Orta məktəblər üçün də məntiqə ehtiyac getdikcə artır. Qeyd edim ki, hər hansı imtahan istiqaməti üzrə məntiq fənnindən əsaslandırılmış proqram belə yoxdur. Qəbul imtahanlarında düşən suallar isə məntiqi təfəkkürü yoxlamaqdan daha çox əzbərə və vərdişə yönəlmiş suallardan ibarət olur. Bu da imtahan verənlərin məntiqi dünyagörüşünün artmasına heç bir xidmət etmir. İkinci çıxış yolu isə budur ki, məntiq fənni üzrə suallar imtahanlara əlavə olunmamalıdır”.

Ekspert bildirib ki, məntiq üzrə olan suallar əməlli-başlı mübahisələr yaradır. Onun sözlərinə görə, məntiq sualları çox zaman subyektiv yanaşmalar üzərindən hazırlandığı üçün bir çox hallarda bir neçə doğru cavabla əsaslandırıla bilir: “İstənilən halda mövzu ictimailəşdirilməli və daha ədalətli imtahan quruluşu tətbiq edilməlidir”.

Dİgər xəbərlər