Televiziyalarda ailə dəyərləri təhrif edilir - HESABAT
30 dekabr 2019 16:27 (UTC +04:00)

Televiziyalarda ailə dəyərləri təhrif edilir - HESABAT

 

2019-cu il ərzində özəl yayımçıları teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına da yol verib.

 Lent.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) illik hesabatında bildirilib.

Televiziya kanallarının yayım zamanı “Televiziya və radio yayımı haqqında” qanunun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib.

Qeyd edilib ki, müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları mövcud olub: “Xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların ("Xəzər" TV, ATV, "Lider" TV, ARB) xəbər buraxılışlarında rast gəlinib. Aparılan monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması və «Reklam haqqında» qanunun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması halları diqqəti cəlb edib. Xüsusən seriallarda, sponsor reklamlarında ciddi nöqsanlar var. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur.

Bundan başqa, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydası”nın 2.2-ci maddəsinin (Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır)  tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanıb. Bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinə tam surətdə riayət olunmaması diqqəti cəlb etmişdir. Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması halları sosial problemlərin müzakirə olunduğu verilişlərdə də baş verir. Belə ki, müzakirə tipli verilişlərdə bir çox hallarda ailələrin, şəxslərin özəl-intim həyatının nümunə olmayacaq təfsilatları müzakirəyə çıxarılır, faktlar səsləndirilir. Milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə yayımlanmış bir sıra reklam çarxlarında (“Kişi ürəyi” adlı dərman vasitəsi və s.) da rast gəlinib. Seriallarda, xüsusən komediya janrında çəkilmiş seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar