15:16
22 Dekabr 2019

Ağabala Ramazanov: "Zirə"yə keçidim üçün baş məşqçimizdən halallıq almışam"

“Zirə”nin yeni transferi Ağabala Ramazanovun apasport.az saytına müsahibəsi

- Fasilə yaranan kimi, “Səbail”i “Zirə”yə dəyişdiz. Keçidiniz necə alındı?
- Seçim etməkdə elə də çətinlik çəkmədim. Çünki hər şeyin ciddiliyini hiss etdim və qərarımı da asanlıqla verdim. “Zirə”ni seçdiyimə görə şadam.

- Transferinizdə maliyyə nə dərəcədə rol oynadı? “Zirə”nin sərfəli müqaviləsini, yoxsa avrokuboklara iddia etməsini əsas götürdüz?
- Hər mövsüm olduğu kimi bu mövsümdə də “Zirə” iddialıdır. Bu komandaya keçidim də məhz bununla bağlıdır. Yeni klubuma kömək etmək üçün əlimdən gələni edəcəm. Mövsümün sonunda yenidən avrokuboklarda oynamaq istəyirəm. İnanıram ki, bu baş verəcək.

- “Səbail”də qalmağınızda hansısa problem vardı? Yaxud hər hansı problem səbəbindən bu addımı atdız?
- “Səbail” mənim üçün artıq doğmalaşan klubdur. Çünki mehriban kollektivimiz, mehriban məşqçilər korpusumuz var idi. Ötən mövsümki uğurlarımız da buna nümunədir. Ancaq bu mövsümki strategiyamız başqa cür oldu. Ona görə də komandadan ayrılmaq qərarına gəldim. Lakin hazırda mənim “Səbail”dən ayrılmağımın səbəbi sırf gələcək karyeram üçün atılan addımdır. Onlarla mehribancasına, dostcasına vidalaşmışam. Çünki hörmət etdiyim baş məşqçimiz Aftandil Hacıyevdən halallıq almışam.

- Bir ara “Keşlə”yə keçə biləcəyiniz deyilirdi. Hətta bu klubun 200 min manatlıq təklifindən imtina etdiyiniz də söylənilirdi. Oraya qayıtmaq istəməməyiniz nə ilə bağlıdır?
- “Keşlə”? 200 min? Belə söhbətlər ümumiyyətlə yox idi. Mən bu xəbərləri ancaq mətbuatdan oxuyurdum.

- “Səbail”in vəziyyəti heç də yaxşı deyil. Necə düşünürsüz, bu komandanın durumu necə olacaq? Demək olar ki, canınızı oradan qurtardız?
- Yox, “Səbail”dən canımı qurtardım, deməzdim. Bu düzgün deyil. Orada mənim komanda yoldaşlarım var. Hamısına da uğurlar arzu edirəm. İnanıram ki, “Səbail” yenidən iddialı olar.

- “Şerif”dən rəsmi təklif almışdız. Hətta baş məşqçiləri də sizi komandasında görmək istədiyini bildirmişdi. Moldova klubuna keçməməyiniz nə ilə əlaqədar idi: pul, yoxsa başqa məsələ?
- Karyeram davam edir, iddialı ölkələrdən təkliflərə yenə də açığam. Qismət olarsa, özümü güclü çempionatların birində sınamaq istəyirəm. “Şerif” məsələsi haqda çox danışmaq istəmirəm. Çünki bu söhbət onsuz da mənim üçün bağlanıb.

- Azərbaycanlı mütəxəssislər tez-tez deyir ki, bizim futbolçularımızın xaricə yollanmamasının səbəbləri sadədir: evlərinin içində yaxşı pul qazanırlar, tanınan insandırlar, özlərini çətinə salmaq istəmirlər. Həqiqətən, futbolçularımız bunlara görə legioner həyatı yaşamaq istəmir, yoxsa sizi transfer etmək istəyən yoxdur?
- Mən öz iddiamdan heç vaxt dönmürəm və dönməyəcəm. Əgər dediyim kimi yaxşı çempionatlarda çıxış edən klublardan təklif gələrsə, özümü sınayacam. Lakin hazırda bütün fikrimi “Zirə”yə yönəltmişəm.

- “Zirə” haqda fikirləriniz necədir? Komanda ölkə kubokunda yarımfinaldadır, çempionatda isə beşincidir. Necə düşünürsüz, bu komanda nə ilə nə edə biləcəksiz?
- Bu mövsümki uğurlarda pay sahibi olmaq üçün əlimdən gələni edəcəm. “Zirə”yə keçidimdə məqsədim medal qazanıb, avrokuboklarda mübarizə aparmaqdır.

- Komandanın hücum xəttində Riçard Qadze, Xulio Rodriqes, Davit Volkov var. Əsas heyətə düşməkdə çətinlik yaşamayacaqsız?
- Mən heç vaxt rəqabətdən, mübarizədən qorxmamışam. Kim güclüdürsə, o da əsas heyətdə oynayacaq. Hər şeyi zaman göstərəcək.

ApaSport

Dİgər xəbərlər