"Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi mövzusunda sorğu 52 rayonda 167 məktəbdə aparılıb. 8598 uşaq sorğuya cəlb edilib. Onlardan 4586 uşağın cavabı sorğuda əsas götürülüb".
APA xəbər verir ki, bunu "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Xanlar Hacıyev deyib. O bildirib ki, sorğuda iştirak edənlərin 48,2 faizi oğlanlardır: "Respondentlərin təxminən yarısı vaxtlarını evdə hər iki valideyni ilə keçirir, 45 faizi yalnız anaları, 1,5 faizi isə ataları ilə vaxt keçirməyə üstünlük verirlər. 7,4 faiz uşaq isə digər qohumlarla vaxt keçirir. Şagirdlərin 67,5 faizi onları narahat edən problemləri anaları ilə bölüşməyə üstünlük verir. 5,9 faizi isə ataları ilə problemləri həll etməyə çalışırlar. Göründüyü kimi, analar uşaqlara daha yaxındır".
O vurğulayıb ki, yeniyetmələrin 93,1 faizi məktəbdə hər hansı problem olduqda onu valideynlərinin köməyi ilə həll edəcəyini düşünür: "Həmyaşıdları ilə sevinc və kədərlərini bölüşə biləcək uşaqların nisbəti 13 yaşdakı qızlar arasında ən yüksək (74,8 %), 11 yaşlı oğlanlar arasında ən aşağıdır (45,3%). Ümumiyyətlə, qızların bütün yaş qruplarında problemləri bölüşməsi üçün oğlanlara nisbətən daha çox imkanları var. 13 yaşdakı qızların 72 faizi əmindir ki, bir sıra problemləri olduqda yoldaşları həqiqətən onlara kömək etməyə çalışacaqlar".
O qeyd edib ki, həmyaşıdlarının dəstəyini almaq imkanları az olan məktəblilərin ən az göstəricisi 11 yaşlı oğlanlar arasındadır: "Ümumiyyətlə, qızlar (59,9 %) oğlanlara (48,7%) nisbətən daha çox dəstək almaq imkanlarına malikdirlər".