18:25
10 Dekabr 2019

Başqasının əvəzinə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında əksini tapıb.

Cinayət Məcəlləsinin 320.1-ci maddəsində qeyd edilir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Konstitusiya Məhkəməsi Plenumunun qərarındaqeyd edilib ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

Qeyd edək ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquq verən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh olunmasını xahiş edib.

Müraciətdən görünür ki, T.Alışanlının Cinayət Məcəlləsinin 29 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktına əsasən o, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 26 iyul 2018-ci il tarixində keçiriləcək qəbul imtahanında abituriyent qismində iştirak edəcək H.Quliyevin əvəzinə iştirak etməsinə dair təkliflə razılaşaraq, onun şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini əldə edərək imtahana gedib həmin sənədləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra – Xüsusi Dövlət Mühafizə Xidməti) əməkdaşlarına təqdim etmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən T.Alışanlının H.Quliyev olmadığı müəyyən olunaraq imtahan zalına buraxılmasının qarşısı alınmışdır. Bununla da, T.Alışanlı Dövlət İmtahan Mərkəzi tərəfindən H.Quliyevin adına kodlaşdırılmış, imtahan vermək və müvəffəqiyyət balı topladığı halda ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq hüququ verən rəsmi sənəd olan cavab kartına sonuncunun adından məlumatları yazmağa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək rəsmi sənəd olan cavab kartını istifadə etmək məqsədilə saxtalaşdırmağa cəhd etmişdir.

Müraciətedənin mövqeyinə görə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırmanın hansı hərəkətləri ehtiva etməsi konkret göstərilməmişdir. T.Alışanlı imtahana daxil olmaq üçün istifadə etdiyi sənədlərdə (şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsində) hər hansı düzəliş və dəyişiklik etməmiş, habelə o, imtahanda iştirak etsə idi, cavab kartına H.Quliyevə aid məlumatları yazacaq və onun yerinə imtahan suallarını cavablandıracaqdı. Formal yanaşıldıqda T.Alışanlının cavab kartına yazacağı məlumatların yanlış olmadığı, məhz həmin cavab kartına yazılmalı olan məlumatlar olduğu müəyyən edilir. Bu baxımdan, T.Alışanlının qanunazidd davranışı özünü başqa şəxs, yəni H.Quliyev kimi təqdim etməsindən ibarətdir və bu əməldə Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş saxtalaşdırmanın mövcudluğu suallar yaradır.

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi T.Alışanlının qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid olan məlumatların hüquq verən rəsmi sənədə daxil edilməsinin Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırma hesab olunub-olunmamasına hüquqi aydınlıq gətirilməsini xahiş edib.

Dİgər xəbərlər