Azərbaycanın Xalq artisti vəfat etdi
10 dekabr 2019 11:22 (UTC +04:00)

Azərbaycanın Xalq artisti vəfat etdi

Xalq artisti Yalçın Əfəndiyev bu gün 82 yaşında dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Yalçın Əfəndiyev uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Yalçın Əfəndiyev 1937-ci il iyulun 24-də Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində  təhsil alıb.

"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.

Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.

"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

Allah rəhmət eləsin!

# 2341
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar