Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin beş illiyinə həsr edilmiş tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, Aşıq Pəri məclisinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən ziyalılar Azərbaycan kəlağayı sənətinin UNESKO-nun Qeyri- Maddi Mənəvi İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində əməyi olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı deyib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Natəvan Dəmirçioğlu bildirib Ki, Azərbaycanın Birinci Xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyeva da kəlağayıdan istifadə edir və bu ona çox yaraşır: “Kəlağayı ondan istifadə edən hər qadının xarakterinə, geyim mədəniyyətinə və xarizmasına uyğun, fərqli yaraşır. Bu kəlağayının sirləri ilə bağlıdır, kəlağayı qadını düzgün və aydın ifadə edir. Nənələrimiz yad kişidən qorunmaq üçün də kəlağayının ucu ilə yaşmaqlanardı. İşvə, naz satdığı sevgiliyə də yaşmaqlanaraq baxardı. Hər iki halda qarşı tərəf mesajı düzgün qəbul edərdi. Bu jestdə sakral dəyərlərin kod açarı gizlənib. Qadının başındakı kəlağayını çəkib almaq, oğurlamaq o ailənin namus-qeyrətinə toxunmaq demək idi. Onu niyə boğçada, sandıqda saxlayırdılar? Çünki təmiz, səliqəli yerdə olmalı idi. Kəlağayı Azərbaycanda yeni qurulan ailənin simvol elementlərindən biri idi. Bu adət indi də elçilikdə azca deformasiyaya uğrayaraq yaşamaqdadır. Kəlağayı oğlanla qız arasında eşqə sadiqlik rəmzi hesab edilməklə, həm də oğlan evinin, “biz izzəti- namusumuzu, sizin qızın ismətinə etibar edirik, əmanət veririk “ anlamını ifadə edir.”
Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurlu Azərbaycan kəlağayısının tarixindən danışaraq deyib ki, kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.
Aşıq Pəri məclisinin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı çıxışında qeyd ediç ki, olduqca zərif, göz oxşayan baş örtüyü - kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlamışdır. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova ipək sapdan toxunmuş dördkünc baş örtüyü olan kəlağayının yaşının çox qədim olduğunu söyləyib. Hələ orta əsrlərdə ölkəmizdə kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub və bu gün Basqal və Şəki kəlağayıları çox məşhurdur. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən ümumdünya sərgisində iştirak edib və basqallı toxucu Nəsir Abduləzizoğlunun nümayiş etdirdiyi nəfis kəlağayı gümüş medala və xüsusi diploma layiq görülüb.
Azərbaycan ədəbiyyatında kəlağayı haqqında yazılan ilk əsər - yazıçı Natəvan Dəmirçioğlunun "Kəlağayı" hekayəsi səhnələşdirilərək Respublika İncəsənət Gimnaziyasının şagirdləri tərəfindən tədbirdə nümayiş etdirilib. Mini-tamaşa maraqla qarşılanıb.
Tədbirdə Əməkdar mədəniyyət işçisi Aşıq Zülfiyyə İbadova, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Nargilə Mehdiyeva, Aşıq Nabat Sadıqova, Aşıq Rəfiqə Göyçəli, Aşıq Nazənin Lerikli, şairlərdən Səadət Buta, Südabə İrəvanlı, Nəcibə Dərələyəzli, Nuranə Təbriz, Aynur Qafarlı və “UMİİD” ictimai birliyinin üzvü Növrəstə Nağıyeva mahnı və şeirlər səsləndirərək təbriklərini çatdırıblar.