“Biz qurduq... dilimiz də qurd dilidir...” - Azərbaycanda sensasion tapıntı - Səbuhi Məmmədli yazır
27 noyabr 2019 18:05 (UTC +04:00)

“Biz qurduq... dilimiz də qurd dilidir...” - Azərbaycanda sensasion tapıntı - Səbuhi Məmmədli yazır

...Gecənin zil qaranlığında qapı taqqıltıyla elə döyüldü ki, böyüklü-kiçikli hamı yerindən dik atıldı. Kim idi, görəsən, belə bivaxt gələn? Həyətin darvazasını açanda iki nəfər tanımadıqları şəxslə qarşılaşdı evin böyüyü.

- Gecəniz xeyir... Ənvər babanın evidir?

Tanımadıqları vaxtsız qonaqlara “elədir ki, var” dedilər. Bir qədər də duruxandan sonra içəri dəvət etdilər onları. Hə, təkcə o iki nəfəri də yox, sən demə maşında daha üç nəfər varmış. Evə girənədək, gecənin bu zülmət qaranlığında, soyuğun iliyə qədər işlədiyi saatda samovar qaynayanadək o 3 nəfər susacaqdı. Bir də süfrəyə çay veriləndə tanışlıq başlayacaqdı. Və... Və məlum olacaqdı çox uzaqdan gəliblər bu dinməz qonaqlar. Həm də elə bir iş üçün gəliblər ki…

Hələ müharibədən danışırlar. Qarabağ müharibəsindən, təbii. 1992-ci ilin elə bu vədələridi axı. Ölkədə müharibə gedir. Azərbaycanda hər evdə olduğu kimi, səhər-axşam bütün mövzular Qarabağdı, döyüş xəttindən gələn sevincli, kədərli döyüş xəbərləridi.

Amma nə müharibəyə, nə də Qarabağa aidiyyatı vardı qonaqların. Onlar olduqca nadir sayılacaq bir şey üçün gəlmişdilər; özü də Türkiyədən. Onları isə İstanbuldan elə bir adam göndərmişdi ki... Təbii, ev yiyələri o böyük insanı tanımaya bilərdilər. Amma bu adamlar elə bir xahiş etdilər ki, ev yiyələrinin matı-qutu qurudu.

- Bu qonaqlar Türkiyədəndilər. Onlar sizinlə, qurdlarla maraqlanırlar. Təkcə sizinlə də yox, sizin dilinizlə, qurd diliylə də.

Çox təəccübləndilər ev yiyələri. On illərlə çarın, sovetlərin zülmünü görmüş, on illərlə yaşadıqları yerdən pərən-pərən salınmış, repressiyaya uğramış, aclıq və soyuqdan, xəstəlikdən qırılmış, amma yenə də toparlanmış, Azərbaycanın az qala hər yerinə yayılmış qurdlar kimin yadına düşmüşdü? Kim göndərmişdi onları Qurdlara?

Həmin adamın kimliyinə, müsafirlərin hansı missiya ilə Azərbaycana gəldiyinə qayıdacağıq.


İndilikdə bu maraqlıdır, kimdi axı bu qurdlar? Nədir bu qurd dili? Tutaq ki, - daha doğrusu, elədir - “Qurdlar' toponimi qədim türklərin totemi sayılan Qurdla bağlıdır.

Bəs Azərbaycandakı, daha doğrusu Kürdəmirdəki, Göyçaydakı, Ağsuda, İsmayıllıdakı, vaxtıyla Ağdamın Şelli kəndində yaşamış bu qurdlar kimdi? Onlar nədən Azərbaycan tükcəsi ilə yanaşı, özlərinin qurd dilində də danışırlar? Necə qoruyublar bu unikal dili? Onların yazısı necə, varmı?

Bəs Qurd Cəbrayıl? Hə, o məşhur Qurd, “Arxadan vurulan zərbə” filmindəki Qurd Cəbrayılı deyirəm. Onun bu qurdlara dəxli varmı? Axı indiyədək onun prototipi kimi bu adamı hesab edirdilər, yəqin rast gəlib, qarşınıza çıxıb o adam barədə yazılanlar: “Paxan” ləqəbli Cəbrayıl Əlibaxış oğlu Baxşıyev. Ötən əsrin əvvəllərində Maştağa kəndində anadan olan, uşaqlığından Bakı bazarlarında dovğa satmaqla dolanan, yeniyetmə vaxtında oğrulara qoşulan, oğru kimi məşhurlaşandan sonra “Paxan” ləqəbi alan avtoritetdən söhbət gedir. Yadınızdadırsa, onun bir oğlu da var idi, bir ara qəzetlərdə, teleekranlarda görünərdi Xoşqədəm adlı oğlu. O, daha çox tək işləməyə üstünlük verdiyinə görə “Qurd” ləqəbini qazanıbmış. Ancaq kriminal aləmdə daha çox “Paxan Cəbrayıl” kimi tanınırmış.

Xoşqədəm deyərdi ki, “Arxadan vurulan zərbə” filmində Qurd Cəbrayıl rolunun ifaçısı Yusif Vəliyev Cəbrayıl Baxşıyevlə tanış imiş. Onlar eyni məhəllədə yaşayırmış. Filmdə rola dəvət alan Yusif Vəliyev onun oğlundan - Xoşqədəmdən atası ilə ünsiyyət qurmağı xahiş edibmiş. Sən demə, Yusif Vəliyevlə Cəbrayıl Baxşıyev bir müddət ünsiyyətdə olublar, bir yerdə durub, bir yerdə oturublar, nərd oynayıblar.

Oğlunun dediyinə görə, atası 1976-cı ildə vəfat edib. Film isə 1977-ci ildə çəkilib, 78-də ilk baxışa verilib. 79-da kinoteatr göndərilib. Axı bu necə ola bilərdi? Həmin vaxt Cəbrayıl Baxşıyev vəfat etmişdi və təbii ki, Yusif Vəliyev onunla görüşə bilməz, məsləhət alammazdı. Bəlkə söhbət başqa Cəbrayıldan gedir? Bəlkə Qurd Cəbrayıl başqasıdır. Bəlkə elə bu qurdlardandır? Axı…

Elə bu axıların ardınca üz tuturuq əvvəlcə Kürdəmirə, Qurdların yanına…

- Belə deyirdi babalarımız, biz Şellidən gəlmişik Kürdəmirə. Ağdamın Şelli kəndindən. Orada necə məskunlaşmışıq, deyə bilməyəcəm. Bircə onu bilirəm ki, Yelizavetpol quberniyasının Şuşa qəzasına da haradansa köçürülmüşük, Şellidə isə ayrıca məhəllə kimi, icma şəkilində yaşamışıq. Oranı da “qurdlar məhəlləsi” adlandırıblar həmişə. Çox, necə deyərlər, azadlıqsevər adamlar olub qurdlar. Elə qurd kimi, yalquzaq kimi azadlıq sevər. Haqsızlığa dözməzlərmiş. Ona görə də, səhv etmirəmsə, Aleksandr Nakaşidze Yelizavetpol quberniyasının qubernatoru olanda çara məktub yazır. Necə deyərlər, bizdən çara şikayət edir ki, mən bu qurdlarla bacarmıram. Sərəncam ver, bunları sürgün edim.

 

Bunu əsli-kökü, ulu babaları qurd olan, özü də qismən qurd dilində danışmağı bacaran Fazil deyir bizə.

Hə, qurdlar qubernatorun qəzəbinə gəlirlər, tezliklə imperiyanın paytaxtı Peterburqdan qurdların deportasiyası ilə bağlı xüsusi sərəncam gəlir: “Köçürülsünlər!” Amma hara?

Qurdlardan yaxa qurtarmaq üçün iki plan hazırlanır. Birinci planda birbaşa Sibirə göndərmək nəzərdə tutulur. Amma digər variantı seçilər; Qurdlar Bakı quberniyasının Göyçay qəzasının ilan mələyən çöllərinə atılırlar. Bu yerin adı isə Kürdəmir idi. Hə, indiki Kürdəmir, onda belə adlanmırdı.

Bəzən Kürdəmirin adının “Kür dəymir” sözləri ilə mənalandırırlar. Amma bu variantdan daha çox başqa versiyaya üstünlük verilir. Söhbət, bu ilan mələyən yerlərdə məskunlaşmış Dəli Əmir, ya da Qurd Əmir kimi tanınmış tayfa başçısından söhbət gedir. Məhz indiki Qurdbayram kəndində yaşayan qurdların babaları olublar həmin şəxslər. Elə bu kəndin adı da Qurd ləqəbli Bayramın adından götürülüb. Vaxtıyla 250-300 evin olduğu bu kənd indi demək olar ki, boşalıb...

Və bu kəndin ən qocaman qurdu Feyruz baba hələ də çorsaqlarını başına yığıb onlarla əylənir, bəzən onlara yekən verir ki, özlərinə konfet alsın. Boş vaxtlarında həyətindəki qənəmlərə baxır, qönçələri oxşayır. 90 yaşını haqlayıb, amma cavan oğlanlar kimi ürəyi istədiyi qədər yəx də yeyir, bıx da, Onu dəbləri də var, dəbəqi də...

Bir sözlə, canlı əfsanə… Nələr danışır, nələr Feyruz baba! Hə, elə həmin Qurd Cəbrayılın nəvəsi… Əsil Qurd Cəbrayılın. Tapançayla quşu gözündən vuran,  malı-mülkü yağmalandığına görə, sovet hakimiyyətinə qarşı çıxan Cəbrayılın. Sonradan isə qeybə çəkilən Cəbrayılın...

# 56483
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar