763
16:20
27 Noyabr 2019

Bibiheybətdəki yolun çökməsi ilə bağlı ittihamlara cavab - RƏSMİ

“Noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolun çökməsi hadisəsindən sonra yenə də sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlərə kölgə salan, Dövlət agentliyinin rəhbərliyi haqqında böhtan xarakterli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan yalan və qərəzli məlumatlar paylaşılmağa başlanılıb”.

Lent.az -a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən ərazidə noyabr ayının 7-də çatların yaranması aşkar edib və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub: “Əməkdaşlarımız nəzarət altında saxlanılan ərazidə noyabr ayının 24-də intensiv yağan yağışlar nəticəsində həmin çatların böyüməsi aşkar edib. Sürüşmənin baş verə bilməsi ehtimalı ilə əlaqədar hadisədən 10 saat öncə, daha dəqiqi, noyabrın 24-də axşam saat 7-8 radələrində yolda avtonəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması barədə agentliyin rəhbərliyi tapşırıq verib. Təəssüf ki, ehtimallarımız özünü doğrultdu və noyabrın 25-də səhər saat 5-6 radələrində sürüşmə nəticəsində avtomobil yolunun bir hissəsi dağıldı. Lakin agentliyin vaxtında qabaqlayıcı tədbirlər görməsi daha ağır fəsadların qarşısını aldı. Hadisədən dərhal sonra əraziyə agentliyin rəhbərliyi və əlaqədar bölmələrin rəhbərləri, həmçinin aidiyyəti qurumların əməkdaşları cəlb olundu. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görüldü və agentlik qərargah yaratdı. Qısa müddətdə sürüşmə nəticəsində bağlanan Bakı buxtası-3 küçəsinin açılması, həmçinin ərazidən keçən içməli su borusunun bərpası üçün yola tökülmüş torpaq qatının təmizlənməsinə start verildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir”.

A. Nəcəfli deyib ki, Bakı-Ələt-Astara yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan yolun inşasına “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi əsasında 2009-cu ildə başlanılıb və 2010-cu ildə yekunlaşdırılıb: "Bu ilin mart ayında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda əsaslı yenidənqurma işi deyil, yalnız təmir işləri aparılıb. Çünki bu ərazidə yol kənarında 75 metr uzunluğunda yol-memarlıq elementi olan bəzək divarı dağılıb, yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər sadəcə olaraq bu maneənin aradan qaldırılmasına yönəlmişdi. Sürüşmənin baş verməsinin daha dəqiq səbəbinin öyrənilməsi və ərazidə gələcəkdə bu kimi hadisələrin yaşanmaması üçün atılacaq addımların nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən agentliyin əməkdaşlarının iştirakı ilə yaxın müddət ərzində sınaq quyularının qazılmasına başlanılacaq. Lakin baş vermiş hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə hadisənin təfsilatına varmadan, hadisənin baş vermə səbəbi araşdırılmadan, mütəxəssislərdən fikir öyrənilmədən qeyri-dəqiq, qeyri-peşəkar informasiyalar yayılıb, Avtomobil Yolları Dövlət Agentliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlar irəli sürülüb. Avtomobil Yolları Dövlət Agentliyi olaraq bundan təəssüf hissi keçirir və kütləvi informasiya vasitələrindən vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan bu cür yalan və qərəzli məlumatlar yaymamağı xahiş edir".