“Vəkilin əlindən bu haqqı almaq olmaz” - Kollegiya üzvündən AÇIQLAMA
14 noyabr 2019 17:30 (UTC +04:00)

“Vəkilin əlindən bu haqqı almaq olmaz” - Kollegiya üzvündən AÇIQLAMA

“Vəkillərin rolunun artırılması üçün “Vəkillik Fəaliyyəti haqqında” qanuna bir çox dəyişikliklər edilməlidir. Bu barədə bir neçə dəfə təklif vermişik”.

Bu sözləri Lent.az-a Vəkillər Kollegiyasının üzvü, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi”nin sədri Əsabəli Mustafayev deyib. Vəkillərin insan haqlarının keşiyində dayanan peşə sahibləri olduğunu bildirən həmsöhbətimiz, bu sahədə mövcud olan çatışmazlıqlar barədə də danışdı: 

“Azərbaycanda vəkillərin bir çox problemləri var. Vəkillərin konkret iş üzrə fəaliyyətə başlamasına maneə olan normalar aradan qaldırılmalıdır. Məsələn, Avropada vəkil istənilən saat, heç kimin icazəsi olmadan cəzaçəkmə müəssisəsinə gedib, öz vəsiqəsini təqdim edərək, hüquqlarını müdafiə etdiyi dustaqla görüşür. Bizdə isə buna bir sıra məhdudiyyətlər var. Əvvəlcə müstəntiq vəkili təqdim etməli, daha sonra qərar qəbul etməlidir ki, vəkil işə başlayır. Müstəntiq vəkildən order tələb edir. Orderin də tərtib olunması üçün əvvəldən müqavilə bağlanmalıdır. Prosedurlar uzundur, xüsusilə də nəzərə almaq lazımdır ki, şənbə və bazar, qeyri-iş, bayram günləri məsləhətxanaların fəaliyyətində məhdudiyyətlər var”.

Əsabəli Mustafayev, məhkəmə prosesi zamanı ittihamçı tərəfin vəkili prosesdən uzaqlaşdırmasını məntiqsiz sayır. Mərkəz sədri həmçinin ölkədə hüquq müdafiəçilərinin həddən artıq vergi yükünü də dilə gətirib:

“Əslində, məhkəmədə ittihamçı tərəflə müdafiə olunan tərəfin hüquqları eynidir. Ancaq hazırkı qaydalara görə, ittihamçı tərəf, müstəntiq və prokuror onunla prosesdə eyni hüquqa sahib, qarşı tərəfin vəkilini məhkəmə prosesindən kənarlaşdıra bilər. Bu da təqsirləndirilən şəxsin hüquqlarının pozulması deməkdir. Yəni, bir tərəf digər tərəfin prosesə buraxılmasına mane ola bilir. Bu, anlaşılmaz və məntiqsizdir. Ona görə də hesab edirəm ki, bu norma qanundan çıxarılmalıdır.

Digər tərəfdən, vəkillərin vergi yükü çoxdur. Dövlət ittihamçıları ilə müqayisədə bu rəqəm həddindən artıqdır. Vəkillər 20% Dövlət Sosial Müdafiə Fonduna, 14% vergiyə, 2%-də sığorta fonduna olmaqla, ümumilikdə 36%, prokuror isə DSMF-a cəmi 3% vergi ödəyir. Görün nə qədər fərq var?!”

Kollegiya üzvü Azərbaycanda məhkəmələrin digər strukturların təsirindən azad edilməsinin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırkı durum vəkillərin bilik və bacarıqlarının üstündən xətt çəkir:

“İnsan haqlarının müdafiəsində vəkilliyin rolunun gücləndirilməsi üçün məhkəmələrin hüquq-mühafizə orqanlarının, DTX və prokurorluğun, icra strukturlarının təsirindən tam azad olmasının böyük əhəmiyyəti var. Bu təmin edilməyibsə, vəkilliyin rolunun yüksəldilməsindən söhbət gedə bilməz. Çünki təcrübədə görürük ki, vəkil yarım saat, 1 saat çıxış edir, prokuror isə iki kəlmə ilə təklif edir ki, apelyasiya şikayəti təmin olunmasın. Bununla da məhkəmə onun bir cümləsi ilə qərar qəbul edir. Yəni, bu qayda vəkillərin bilik və bacarıqlarının, əziyyətlərinin üstündən xətt çəkir”.

Məhkəmə iclaslarının audio yazısının aparılmasını müsbət addım hesab edən vəkil, video yazı aparılmasının da vacibliyindən danışıb:

“Məhkəmə proseslərinin audio yazısının aparılması müsbət addımdır. Ancaq Avropa və bəzi inkişaf etmiş ölkələrdə, əlavə olaraq, video yazısı da aparılır. Çünki orada prokurorun, təqsirləndirilən şəxsin, vəkilin hərəkətləri əks olunmur. Bizdə də, bir neçə vəkillər guya məhkəmə zalında özünü qeyri-etik apardığına görə cəzalandırılıblar. Hakim şikayət etmişdi ki, vəkil qapını etikadan kənar şəkildə açıb, möhkəm örtüb. Vəkil isə sübut edə bilməmişdi ki, mən belə etməmişəm”.

Bu yaxınlarda Kollegiya sədri Anar Bağırov öz “Facebook” profilində bəzi məcəllələrin Avropa standartlarına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Orada qeyd olunan əsas məqamlardan biri də vəkillərin apardığı iş barədə mətbuata məlumat verməkdən çəkinmələridir. Sədr hesab edir ki, vəkillər mediaya öz işləri barədə geniş məlumat verməməlidir. Əsabəli Mustafayev, hazırda Azərbaycanda bu standartın tətbiq edilməsinin düzgün olmadığını bildirib. O, ictimai qınağın böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Avropa təcrübəsində də belədir ki, vəkil apardığı proses barədə mətbuata məlumat vermir. Ancaq insan haqlarının qorunmasının iki metodu var: hüquqi metod və ictimai mexanizmlər. Vəkillər də işin hüquqi metodla uğur qazana bilməyəcəyini görüb, ictimai qınağa üz tutur. Çünki doğrudan da dəfələrlə buna şahid olmuşuq ki, ictimai qınağın effekti daha çoxdur. Əksər hallarda ölkə rəhbərliyi belə məsələni nəzarətə götürür, qınaq obyektinə müxtəlif cəzalar verilir və. s Vəkilin əlindən bu haqqı almaq olmaz. Vəkili bu günə salmaq olmaz! Xüsusilə, Azərbaycanda bu olmamalıdır. Prezident də bildirib ki, Azərbaycanda məhkəmələr bəzi hallarda tam ədalətli qərar qəbul etmir. Vəkil görür ki, hüquq-mühafizə orqanları onun müdafiə etdiyi adam barədə təqsirsizlik prezumpsiyasını pozaraq, ictimai qınaq yaradır, o da başlayır müdafiə etdiyi şəxsin hüquqları barədə müsbət ictimai fikir yaratsın”.

# 3566
avatar

Mehman Nəbiyev

Oxşar yazılar